Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alkoqollu və energetik içkilərin həddən ziyadə istifadəsi orqan çatışmazlığına səbəb olur

Alkoqollu və energetik içkilərin həddən ziyadə istifadəsi orqan çatışmazlığına səbəb olur

Tarix: 3 Sentyabr 2021 22:48

Bütün dünyada orqan çatışmazlığından əziyyət çəkən xəstələrin sayı çoxdur. Bu, bir yandan inkişafla bağlıdır. Elm tərəqqi etdikcə insanların xəstəliklərinin ortayaçıxma, aşkarlanma ehtimalı daha yüksək olur. Dünyada, o cümlədən ölkəmizdə orqan çatışmazlığından əziyyət çəkən xəstələrin sayı artım istiqamətindədir. Bunun qarşısının alınmasında acizik. Çünki insanların sayı artdıqca xəstələnmə ehtimalı da yüksəlir. Lakin səhiyyə və sağlamlıq mədəniyyəti deyilən bir anlayış var. Bu, o deməkdir ki, mütəmadi olaraq müayinələrdən keçmək, mütəxəssislərə müraciət etmək bu xəstəliyin qarşısını almağa kömək edə bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Mərkəzi Gömrük Hospitalının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib.

M.Kazımi bildirib ki, aparılan araşdırmalara görə, coğrafi olaraq qərbimizdə yerləşən ölkələrdə insanların qaraciyər çatışmazlığından əziyyətçəkmə səbəbi alkoqola bağlıdırsa, şərqdə daha çox hepatitlərlə əlaqədardır. Burada təbii ki, qidaların da öz yeri var.

"Təəssüflər olsun ki, gənclər arasında alkoqollu və energetik içkilərin aşırı dərəcədə istifadəsi halları həddən ziyadə çoxdur. Bu da nəinki qaraciyərin, bütün orqanizmin iflasına səbəb olur və orqan çatışmazlığına gətirib çıxarır. Ölkəmizdə alkoqollu içkilər səbəbindən qaraciyər serozundan əziyyət çəkən xəstələrin sayı kifayət qədərdir. Burada qidalanma, həyat şəraiti başlıca amillər sırasındadır.

Genetik olaraq orqan çatışmazlığından əziyyət çəkən xəstələr də var. Müəyyən qaraciyər, böyrək, ürək çatışmazlığı xəstəlikləri var ki, bunlar genetik yolla keçən, yəni metabolik xəstəliklərdir. Qaraciyər köçürülən uşaq xəstələr var. Təəssüf ki, onların əksəriyyətinin valideynləri yaxın qohumlardır. Ailədə olan genetik xəstəliklərin qohum evlilikləri zamanı növbəti nəsilə ötürülməsi ehtimalı yüksəkdir. Ona görə də buna diqqət yetirilməsi vacibdir", - deyə cərrah-transplantoloq bildirib.

Milli.Az


Etiketlər:  Alkoqollu energetik içkilərin həddən ziyadə istifadəsi orqan çatışmazlığına səbəb olur


RƏYLƏR