Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2021 11:33
Bu gün Füzuli beynəlxalq hava limanında əlamətdar hadisə baş verib. Hava limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan "Azərbaycan Hava Yolları" na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra etmişdir.
"Azərbaycan Hava Yolları"nın Mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, simvolik məqam ondan ibarətdir ki, həmin təyyarə "QARABAĞ" adını daşıyır (AZAL-ın donanmasında olan təyyarələr Azərbaycanın rayon və şəhərlərinin şərəfinə adlandırılmışdır).
Bundan əlavə, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də bu gün Füzuli hava limanına eniş icra edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılmışdır.
Sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil etmişdir.
"Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tikinti işlərinə birbaşa nəzarəti sayəsində mümkün olmuşdur. Dövlət başçısının qeyd etdiyi kimi, bu hava limanı Qarabağa hava qapısı olacaq. Qeyd etmək istərdim ki, qısa müddətə baxmayaraq, Füzuli hava limanı beynəlxalq hava limanları münasibətində irələ sürülən bütün yüksək tələblərə uyğun şəkildə inşa edilmişdir " - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirmişdir.
Füzuli beynəlxalq hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilmişdir. Uçuş-enmə zolağı, ICAO-nun bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün instrumental enmə və naviqasiya sistemləri, işıqtexniki, ilkin və ikincil radiolakasiya sistemləri ilə tam təchiz olunmuşdur. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcəkdir. Perronun sahəsi 60 min kvadratmetr təşkil edir.
Avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava hərəkətini idarəetmə (HHİ) qülləsinin tikintisi başa çatmışdır. Bunun sayəsində Füzuli hava limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaqdır. Aeronaviqasiya sisteminə və işğaldan azad edilmiş ərazilər üzərindən uçuşlara tam nəzarəti təmin etmək üçün yeni beynəlxalq hava yolları tətbiq olunur.
Gələcək aerovağzal kompleksinin elektrik enerjisi ilə təmin edilməsi üçün nəzərdə tutulan əsas transformator yarımstansiyaları və elektrik ötürücü xətləri də hazırdır. Qazanxana və digər köməkçi binaların tikintisi başa çatmışdır.
Sentyabrın sonunda istifadəyə verilməsi nəzərdə tutulan sərnişin terminalının qarşısında 150 avtomobil üçün nəzərdə tutulan dayanacaq inşa edilmişdir. Həmçinin, Füzuli beynəlxalq hava limanını "Zəfər Yolu" və Şuşa şəhərinə aparan magistral yolu ilə birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir. Bundan əlavə, hava limanının ərazisində yaşıllaşdırma işləri aparılır.
Qeyd edək ki, həmçinin dövlət başçısının tapşırığı ilə Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi davam edir.