Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

COVID-19-dan qorunma tədbirləri vaksinasiyadan əvvəl nə qədər əhəmiyyətli idisə, indi də bir o qədər vacibdir

COVID-19-dan qorunma tədbirləri vaksinasiyadan əvvəl nə qədər əhəmiyyətli idisə, indi də bir o qədər vacibdir

Tarix: 8 Sentyabr 2021 23:06

Uzun müddət davam edən virus pandemiyalarında müxtəlif ştamların yaranması normaldır. Eyni virus əsasında yaranan ştamlar olduğundan onların yalnız hansısa funksiyası güclənir. Yeni növ koronavirus (COVID-19) infeksiyasının "delta" ştamında yoluxuculuq yüksəkdir və nəticədə qısa müddət ərzində yoluxma sayları kifayət qədər artdı. Son bir neçə gündür ki, dünyada koronavirusun "mu" ştamı müşahidə olunur. Həmin variantın hansı göstəricilərinin artdığı yaxın günlərdə məlum olacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi Vəfa Ağayeva deyib.

V.Ağayevanın sözlərinə görə, indiyədək koronavirus əleyhinə istifadəyə verilən vaksinlərin heç biri 100 faiz qoruma vəd etmirdi. İki doza vaksin vurdurandan sonra hər hansı bir şəxsin koronavirusa yoluxması gözləniləndir. Ümumdünya Səhiyyə Təşkilatı da, həmçinin yerli səhiyyə orqanları da vaksinasiya olunandan sonra belə mütləq şəkildə qorunma tədbirlərinə riayət olunmasının vacibliyini bəyan ediblər: "Peyvənd vurdurandan sonra qapalı məkanlarda, kütləvi toplanma yerlərində maska taxmamaq, məsafə saxlamamaq, əl gigiyenasına əməl etməmək doğru deyil. Vaksin olunandan sonra xəstəliyi yüngül və ya ağır keçirmə ilə bağlı da müraciətlərlə rastlaşırıq. Bildirmək istərdim ki, həmin şəxslər peyvənd vurdurmasa idilər xəstəliyi bundan da ağır keçirə bilərdilər. Hazırda stasionarda və reanimasiya şöbələrində müalicə alanların böyük əksəriyyəti vaksinasiyadan keçməyənlərdir. Azərbaycandakı və qonşu ölkələrdəki statistika onu göstərir ki, ağır vəziyyətdə olan koronavirus xəstələrinin çoxu peyvənd vurdurmayanlardır. Vaksinasiya olunandan sonra yoluxanlar əksər hallarda xəstəliyi ya yüngül, ya da asimptomatik keçirirlər. Statistikaya görə, peyvəndlər yoluxma zamanı reanimasiya şöbəsində yatmaqdan və ölüm hallarından 98-99 faizə qədər qoruyur. Bütün vaksinlər yalnız qorunma tədbirlərinə əməl ediləcəyi zaman insanları yoluxmaqdan mühafizə edə bilər, yoluxduqda isə ən pis halda stasionar və reanimasiyada yatmağın qarşısını alır. Təbii ki, istisna hallar da var. Belə ki, yanaşı xəstəlikləri bəzi vətəndaşlar iki dozanı qəbul etdikdən sonra belə koronavirusa yoluxduqları zaman onların stasionarda müalicə almalarına ehtiyac yaranır. Lakin ən azından ölüm hallarının qarşısı alınır. Ona görə də xüsusi risk qrupunda olanlar mütləq ehtiyatlı olmalı və vaksinasiyada aktiv iştirak etməlidirlər.

"Onsuz da tez bir zamanda hamı yoluxacaq" kimi bir fikir formalaşmamalıdır. Xəstəliyə bu cür yanaşmaq və əhalini qorunma tədbirlərindən çəkindirmək çox yanlış addımdır. Təəssüf ki, təcrübədə belə hallarla qarşılaşırıq. Hansısa şəxsin fikrinə görə qorunma tədbirlərinə məhəl qoymamaq, peyvənddən çəkinmək düzgün deyil. Qorunma tədbirləri vaksinasiyadan əvvəl nə qədər əhəmiyyətli idisə, indi də bir o qədər vacibdir. Elə vətəndaşlar var ki, vaksin vurdurmazdan əvvəl və sonra qorunma tədbirləri hesabına hələ də COVID-19-a yoluxmayıblar. Bu da üç qızıl qaydanın necə əhəmiyyətli olduğunu bir daha göstərir".

Milli.Az


Etiketlər:  COVID 19 dan qorunma tədbirləri vaksinasiyadan əvvəl qədər əhəmiyyətli idisə indi bir o qədər vacibdir


RƏYLƏR