Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Qarabağda generalı dəyişdi - Əməllər dəyişəcəkmi?

Rusiya Qarabağda generalı dəyişdi - Əməllər dəyişəcəkmi?

Tarix: 9 Sentyabr 2021 13:44

Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının yeni komandanı bəlli olub.

Bu, general-mayor Mixail Kosobokovdur. Artıq general ilk səfərini də reallaşdırıb. Ermənistana gedərək müdafiə naziri Arşak Karapetyanla görüşüb. Qeyd edək ki, Rusiya sülhməramlılarının əvvəlki komandanı general-leytenant Rüstəm Muradovun səlahiyyət müddəti başa çatdığından onu əvəzləyiblər.

Beləliklə, yeni komandan artıq səlahiyyətlərinin icrasına başlayıb və ondan gözlənti çoxdur. Tələb və qarşıya qoyulan hədəf də yerləşdirildikləri ərazidə əmin-amanlığı və sülhü qoruyub saxlamaqdır. Azərbaycan tərəfi son vaxtlar sülhməramlıların burnunun ucundan mövqelərinin atəşə tutulmasından narazıdır və bir neçə dəfə bunu Rusiya tərəfinin diqqətinə də çatdırıb. Rəsmi Bakı 44  günlük Zəfər Müharibəsinin yekunu kimi imzalanan 10 noyabr Üçtərəfli razılaşmasına əməl olunmasını istəyir. Rəsmi Bakı dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, bütün Qarabağ Azərbaycanın suveren ərazisidir, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və 10 noyabr bəyanatına uyğun olaraq sülhməramlı qüvvələr Azərbaycanın Qarabağ bölgəsinin müəyyən bir hissəsində müvəqqəti olaraq yerləşdiriliblər. Lakin təəssüf doğuran hal ondan ibarətdir ki, missiya dəfələrlə öz işini "unudaraq" əldə olunan sazişin şərtlərtini kobud şəkildə pozub.

Ortada konkret faktlar da var - erməni quldur dəstələrinin Şuşa şəhərini atəşə tutması buna bariz nümunədir. Sülhməramlıların yeni rəhbəri də diqqəti ona yönəltməlidir ki, bölmələrimizin intensiv atəşə tutulması qəbuledilməz bir hadisədir. İndiyə qədər  Rusiya sülhməramlıları hadisədən sanki xəbərsizmiş kimi susmağa üstünlük veriblər. Qanunsuz erməni silahlı dəstələrin Qarabağda hələ də fəaliyyət göstərməsinə son qoyulmalıdır. Və indiyə qədər bu istiqamətdə Rusiya sülhməramlılarının gətirəcəyi heç bir bəhanə məqbul sayıla bilməz. Xankəndi və ətrafı elə də böyük bir ərazi deyil ki, sülhməramlılar buradakı qanunsuz silahlı birləşmələri zərərsizləşdirə bilməsin.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  Rusiya Qarabağda generalı dəyişdi Əməllər dəyişəcəkmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ