Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Diqqət! Qızılca

Diqqət! Qızılca

Tarix: 9 Sentyabr 2021 21:45

Qızılca virus xəstəliyidir. Bu infeksiya hava-damcı yolu ilə yayılır.

Virus xəstə  asqırdıqda, öskürdükdə, danışdıqda (ağız suyunun mikroskopik damcılarla) ətraf mühitə yayılır.

İnfeksiyanın mənbəyi yalnız xəstə insan sayılır, yəni infeksiya 3-cü şəxslərdən, ümumi məişət əşyalardan, oyuncaqlardan və s. yollarla xəstə insandan sağlam insana keçmir. Xəstəliyin inkubasiya dövrü (xəstəliyə yoluxmadan xəstəliyin ilkin əlamətləri meydana çıxan müddət) təxminən 7-14 gün təşkil edir.

Xəstə hərarət qalxdığı gündən səpmənin 4-cü-5-ci gününə kimi ətrafdakıları bu infeksiyaya yoluxdura bilər. Səpmənin 5-ci günündən xəstə yoluxucu sayılmır.

Xəstəliyi keçirdən insanın orqanizmində bu xəstəliyə qarşı ömürlük və davamlı immunitet yaranın. Lakin bəzi istisna hallarda (immunitetin kəskin düşməsi və s.) insan bu xəstəliyə təkar yoluxa bilər.

Milli peyvənd təqviminə görə, bizim ölkədə bütün uşaqlar bu xəstəliyə qarşı peyvənd olunmalıdır. Peyvənd olunmuş uşaq da qızılcaya yoluxa bilər. Lakin peyvənd olunmuş uşaqlarla müqayisədə peyvənd olunmamış uşaqlarda bu infeksiya daha tez-tez hallarda müxtəlif və bəzən çox ağır fəsadlara səbəb olur. Bu fəsadların arasında - otit (orta qulağın iltihabı), korluq, pnevmoniya, laringit, stomatit, boyunun limfatik düyünlərinin iltihabı, ensefalit (beyinin iltihabı) və s.

Təəssüf ki, qızılcanın fəsadlarına az rast gəlinmir. Bu səbəbdən xəstəliyin müalicəsi həkimin nəzarəti altında aparılmalıdır.

Xəstəlik bədən hərarətinin 38-39°С yüksəlməsindən, ümumi halsızlıqdan, iştahanın kəskin azalmasından, başağrısından başlayır, xəstədə zökəm, quru kobud öskürək, konyunktivit (gözün selikli qişasının iltihabı) inkişaf edir. Xəstəliyin 2-3-cü günü yanaqların selikli qişalarında səpgilər əmələ gəlir. Xarici görünüşünə görə bu səpgilər manna yarmasına bənzəyir. Xəstəliyin 4-cü-5-ci günü çəhrayi rəngdə xırda sıx-sıx səpgilər əmələ gəlir. Əvvəl səpgilər xəstənin qulaqların arxasında və alnında, daha sonra isə üzündə, boynunda, bədənində və ətraflarında əmələ gəlir. Səpgilər ləkələr  formasında ola bilər, ləkələrin arasında sağlam dəri sahələri görünür.

Səpmənin maksimal dövründə hərarət yenidən yüksək rəqəmlərə (39-40°C) qalxa bilər. Səpgilər 4-7 gün ərzində qalır və daha sonra yox olmağa başlayır. Səpgilərin yerində qəhvəyi rəngdə qabıq verən piqmentasiya ocaqları qalır. Təxminən 2 həftədən sonra dəri tam təmizlənir. Onu da nəzərinizə çatdıraq ki, xəstəliyi keçirdən insanın immuniteti yalnız 1 aydan sonra bərpa olunur. Bu səbəbdən qızılcanı keçirmiş insan bu müddət ərzində özünü qorumalıdır.

Qızılcaya şübhə yarandıqda dərhal həkimə müraciət etmək lazımdır. Müayinədən sonra həkim dəqiq diaqnoz qoya bilər.

Qızılcaya yoluxan xəstələr adətən ev şəraitində müalicə alır. Xəstəlik ağır keçdikdə xəstə stasionar şəraitində müalicə olunmalıdır.

Xəstəliyin xüsusi müalicəsi yoxdur, müalicə simptomatik xarakter daşıyır: hərarət salan dərmanlar, bəlğəmgətirici dərmanlar, göz və zökəm əleyhinə damcılar (həkim təyin edir). Xəstə çoxlu miqdarda maye (şirə, kompot, su) içməli (intoksikasiya ilə mübarizə), vitaminlər qəbul etməlidir. Yüksək hərarət olduqda xəstəyə yataq rejimi təyin olunur. Ağırlaşmalar meydana çıxdıqda xəstəyə antibakterial terapiya (antibiotiklər) təyin olunur.

Xəstə insan sağlam insanlardan izolyasiya olunmalıdır - uşaq məktəbə, uşaq baxçasına getməməli, böyük - işə çıxmamalıdır. Kiçik yaşlı uşaqlar, hamilə qadınlar qızılca xəstəliyinə yoluxan insanla heç bir halda kontakt etməməlidir. Yaxşı olardı ki, xəstəyə qızılcanı keçirdən insan baxsın. Xəstə olan otaq gündə bir neçə dəfə silinməli, otağın havası tez-tez dəyişilməlidir. Bu sadə tətbirlər virusun yayılmasına maneçilik törədir.

Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssislərin fikirinə görə, bu xəstəliyin profilaktikası yalnız ümumi vaksinasiyadan (peyvənd) ibarətdir. Həkimlərin fikirinə görə, qızılca halların çoxalmasının səbəbi isə son zamanlar valideynlərin vaksinasiyadan yayınmasıdır. Bu çox ciddi problemdir.

Müxtəlif və tibbdən uzaq olan mənbələrdən ("qonşu dedi", "tanışdan eşitdim") valideynlər peyvəndlərin uşaqlarına "ziyan" olmduğundan yanlış məlumat alır və peyvəndlərdən hər vəchlə yayınırlar. Nəticədə peyvənd olunan uşaqların sayı azalır, peyvənd olunmayan uşaqların sayı isə çoxalır. Bu isə cəmiyyətdə təhlükəli epidemioloji vəziyyət yaradır.

Əgər yaşadığınız ərazidə qızılca halları çoxalıbsa, teatra, kinoya və s. insanların (xüsusən uşaqların) çox olan yerlərə getməyin, kütləvi nəqliyyatdan mümkün qədər az istifadə edin. Açıq havada virus tez bir zamanda məhv olur, lakin qapalı yerlərdə hətta bir neçə saat ərzində öz aktivliyini saxlayır.


Etiketlər:  Diqqət Qızılca


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ