Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2021 22:18
İranın Çin ilə əldə etdiyi razılaşmaya əsasən 90 milyon doza peyvənd almalıdır. Bu günə kimi İrana 40 milyon doza gətirilib. Qalan 50 milyon doza tədricən çatdırılacaq.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İran-Çin Birgə Ticarət Palatasının həmsədri Məcid Rza Həriri məlumat verib. O qeyd edib ki, təyyarə ilə 5 milyon dozadan artıq peyvənd gətirmək olmur. Çünki peyvəndin nəql olunması xüsusi yanaşma tələb olunur. Hər həftə Çindən İrana 5 milyon doza peyvənd gətiriləcək.
İmam Xomeyninin Vəsiyyətlərinin İcrası Təşkilatının rəhbəri Seyid Mustafa Haşimi isə mətbuata verdiyi açıqlamada nəzərə çatdırıb ki, "Barakat" peyvəndinin istehsalı artırılaraq ayda 8 milyon dozaya çatdırılacaq. "Barakat" peyvəndi təşkilata məxsus "Shafa Pharmed" fabrikində istehsal edilir. Bu günə kimi İranda 38 milyona yaxın insana peyvənd vurulub və proses davam edir.
İranın Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya əsasən isə son 24 saat ərzində ölkədə 19 min 731 nəfər koronavirusa yoluxub, 452 nəfər isə ölüb. Bununla da ölkədə yoluxanların ümumu sayı 5 milyon 360 min 387 nəfərə, ölənlərin ümumi sayı isə 115 min 619-a çatıb. Müxtəlif xəstəxanalarda 7 min 54 nəfər xəstənin vəziyyəti ağır olaraq qalır ki, bu da ölüm hallarının artacağını ehtimal etməyə əsas verir. Eyni zamanda müalicə alan 4 milyon 654 min 558 nəfər sağalaraq evə buraxılıb.
Tədricən də olsa virusun yayılması arealı daralır.