Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səyahətə çıxanda nə götürmək lazımdır? - SİYAHIDAN BAŞLAYIN

Səyahətə çıxanda nə götürmək lazımdır? - SİYAHIDAN BAŞLAYIN

Tarix: 21 Sentyabr 2021 12:04

Səyahətə çıxmaq ərəfəsində hazırlıqlar özü belə gözəl bir duyğudur. Tətili daha zövqlü və unudulmaz edən vacib məqamlardan biri isə planlı şəkildə yığılan bir çamadan və ya çanta da ola bilər.

Səyahətə çıxmaq ərəfəsində hazırlıqlar özü belə gözəl bir duyğudur. Tətili daha zövqlü və unudulmaz edən vacib məqamlardan biri isə planlı şəkildə yığılan bir çamadan və ya çanta da ola bilər.

Milli.Az aviatravel.az-a istinadən bildirir ki, rahat, qayğısız tətil keçirmək üçün səfər çantanızda əsas ehtiyacınız olanları götürməyiniz mütləqdir. Bunun üçün ilk iş səyahət siyahısını yazmaqdır. Bu siyahı sizi əlavə stressdən qoruyacaq və tətilinizdən tam zövq alacaqsınız. Beləliklə, lazımsız əşyaların çantada yer tutmasını da əngəlləmiş olacaqsız.

Qərar verin:

Yola çıxmazdan əvvəl gedəcəyiniz tətilə uyğun hazırlaşın. Çünki işgüzar səfər üçün yır-yığış, macəra dolu tətildən kəskin fərqlənir. Siyahını tərtib edərkən hava şəraitini də araşdırmağı unutmayın! Əlbəttə, baqajınızın həcmi səfərə öz avtomobilinizlə və ya təyyarə ilə çıxmağınızdan, neçə gün qalmağınızdan da asılıdır. Bir-iki günlük tətil üçün özünüzlə lazımsız, əlavə əşyalar götürməyin. Beləliklə, ilk növbədə nəyə daha çox ehtiyac var, siyahıya onu yazın.

Sənədləriniz:

Səfəriniz xaricədirsə, ilk sənəd xarici pasportunuzdur. Gülməli səslənə bilər, ancaq yola çıxmağa çox az qalmış pasportunuzu tapmamaq və ya onun istifadə müddətinin bitmiş olduğunu görmək "qara pişik görməkdən" daha pisdir. Avtomobillə getməsəniz belə, varsa sürücülük vəsiqəniz də üstünüzdə olsun, bəlkə getdiyiniz yerdə avtomobil kirayələdiniz.

Beləliklə, ilkin sənədlərin siyahısı:

Günümüzün şərtlərinə uyğun, COVID pasportu və ya müvafiq PCR testin nəticəsi

Viza və surəti; surətini özünüzə e-poçtla göndərin

Sığorta sənədləri və surətləri; surətini özünüzə e-poçtla göndərin

Səyahət və minik kartları;

Təyyarə, qatar və ya avtobus bileti və s.

Ən əsası da, bütün bu sənədləri asanlıqla tapmaq üçün kiçik bir portativ çantaya qoyun. Önəmli sənədlərin fotoları mobil telefonunuzda olsun, hər ehtimala görə...

Kiçik bir qeyd: Hər ehtimala qarşı vacib telefon nömrələrini özünüz üçün qeyd edin. Məsələn, xaricə getdiniz və kredit kartınızı itirdiniz, onu ləğv etmək üçün təcili zəng etməlisiniz. Və ya cib telefonunuz qırıldı, oğurlandı, lazımi nömrələri əzbər bilmirsiniz, nə edəcəksiniz?!

Səyahət çamadanı və çantası:

Bəzən böyük bir çamadan, bəzən bir bel çantası, bəzən də sadəcə portativ bir çanta işə yarayır. Təyyarə ilə gedəcəksinizsə, şübhəsiz ki, daha dayanıqlı çamadana və bir əl çantasına ehtiyacınız var. Şəxsi avtomobillə yola çıxırsınızsa, həyat sizindir, bütün baqaj haqqına sahibsiniz. Unutmayın ki, eynək və planşet kimi əşyalar zədələnə bilər. Bunu nəzərə alaraq bütün qırılma ehtimalı olan əşyaları qapaqlı bir qutuya və ya yumşaq toxumalı paltarların arasına qoyun.

Paltar və ayaqqabı seçimi:

Başa düşürəm ki, asan seçim deyil, xüsusən xanımlar üçün. İmkan olsa, bütün dolabı çamadana yığarlar. Ona görə də gündəlik kombinasiyalar fikirləşin. Bir şalvarı birdən çox köynəklə geyinə bilərsiniz. Ayaqqabı mütləq rahat olmalıdır. 1-2 həftəlik tətildə maksimum 3 cüt ayaqqabı bəsdir. Bunlardan birincisi isə rahat idman ayaqqabısıdır.

Əl çantalarını da vacib nüansdır. Baqajın məhdud olduğunu nəzərə alaraq, axşam yeməyi üçün gündəlik çiyin çantası, portfel və gəzmək üçün bel çantası götürsəniz yerinə düşər.  

Aksesuarlar və zinət əşyaları:

Kombinasiya etdiyiniz paltarlara uyğun aksesuarlar sizi möhtəşəm göstərəcək, amma itirmək təhlükəsi də var. Odur ki, zinət əşyalarını seyfdə saxlasanız daha yaxşıdır.

Şəxsi qulluq vasitələri:

Xanımların baqajı həmişə kişilərin yüklərindən "ağır" olur. Ona görə də onlara ayrıca makiyaj çantası lazımdır. Kişilər isə təraş ləvazimatlarını götürməlidir. Səyahət çantanızda kiçik qablarda şampun, duş geli, diş fırçası, diş məcunu, dezadarant, nəmləndirici, ətir və s. götürün ki, daha rahat olasınız. İlkin tibbi yardım çantasına isə ağrı kəsici, allergiya dərmanı, yapışqan sarğı, günəşdən qoruyan losyon və kremləri yerləşdirin.

Elektronika:

Sevdiyiniz insanlarla ünsiyyət qurmaq və ziyarət etdiyiniz yerlərin fotolarını çəkmək üçün tətilə çıxarkən mobil telefonunuz, kameranız və şarj cihazınızı götürün. Bir neçə adapter əvəzinə, bütün elektron cihazlarınıza uyğun bir USB portu əldə edə bilərsiniz.

Kiçik bir xatırlatma; telefonunuzun və ya fotoaparatınızın yaddaşını da əvvəlcədən yoxlamaqda fayda var. Əks təqdirdə, gözəl bir anı çəkmək istədiyinizdə telefonun, fotoaparatın və ya kameranın yaddaşının tükənməsi heç xoşunuza gəlməyəcək.

Asudə vaxtınızı səmərəli keçirin:

Bəlkə avtobus səyahətinə çıxacaqsınız və ya hava limanında transfer gözləyəcəksiniz. Belə zamanlarda maraqlı kitabdan və musiqidən daha yaxşı nə var?! Xüsusilə də tək səyahət edirsinizsə. Səyahətə çıxmazdan əvvəl maraqlı kitabınızı seçin və ya elektron kitablardan istifadə edin. Evdən çıxmazdan əvvəl qulaqcıqlarınızı da çantanıza qoyduğunuza əmin olun.

Digər vacib ehtiyaclar:

Asma kilid: Otellərdə və yataqxanalarda bəzi dolabları kilidləmək üçün asma kilid lazım ola bilər. Səyahət edərkən özünüzlə kiçik bir asma kilid götürün.

Cib Bıçağı: Çoxfunksiyalı cib bıçağı bir çox kiçik problemləri həll etməyə kömək edə bilər. Xatırladaq ki, təyyarəyə minərkən cib bıçağını kabinədə yanınızda götürə bilməzsiniz.

Çirkli çamaşır torbası: Heç kim çirkli çamaşırları təmiz paltarlarla bir yerə qoymaq istəməz.

Bloknot və qələm: Bəzi hallarda cib telefonunuza etibar etməyin. Yanınızda kiçik bir bloknot və qələm götürün.

Səyahət Yastığı: Yanınızda asanlıqla götürə biləcəyiniz yüngül bir səyahət yastığı uzun səfərlər zamanı rahatlığınızı təmin edəcək.  

Siyahınızı son dəfə təkrar yoxlayın:

Səyahət öncəsi hazırladığınız siyahının tam olub olmadığını təkrar yoxlayın.

P.S. Biz bu yazımızda ən vacib məqamlara toxunmağa çalışdıq. Əlbəttə ki, hər birimizin zövqləri və ehtiyacları fərqlidir. Yuxarıda da qeyd etdiyimiz kimi sizə lazım olacaqlar siyahısı tətil növünə, hansı mövsümdə, neçə günlük, hansı vasitə ilə səyahətə çıxacağınıza görə dəyişir. İnanırıq ki, yuxarıda yazdıqlarımızı oxumaqdan zövq aldınız və sizin üçün faydalı oldu. Həmişə gəzməkdə! Xoş istirahətlər!

Milli.Az


Etiketlər:  Səyahətə çıxanda götürmək lazımdır SİYAHIDAN BAŞLAYIN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ