Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müharibəyə sevinən xalq - Ölümün gözünə dik baxanlar - FOTO

Müharibəyə sevinən xalq - Ölümün gözünə dik baxanlar - FOTO

Tarix: 27 Sentyabr 2021 11:15

Heç bir xalq müharibəyə sevinmir, amma biz sevindik. Bu sevinci ötən ilin 27 sentyabrında "müharibə başladı" xəbərini eşidən hər bir azərbaycanlı savaşın davam etdiyi 44 gün ərzində yaşamağı bacardı. Çünki məqsədimiz, məramımız bəlli idi. Qisas, 30 illik işğala son qoymaq, işğalda olan doğma yurd-yuvasız daha bir neçə illər yaşamağı artıq özümüzə sığışdıra bilməmək hissi daha bir neçə il düşmən təxribatlarına göz yumub, beynəlxalq təşkilatların haqqı bərpa etmək üçün hər hansı bir əməli addım atacağı günü gözləmək üçün səbr də qalmadı. Ermənilərin 27 sentyabr səhəri növbəti təxribatı bardağı daşıran son damla oldu. İldırımsürətli əməliyyat nəticəsində Ordumuz Azərbaycan xalqının ləyaqətini, milli qürurunu bərpa etdi. Müharibə dövründə xalq bir nəfər kimi "öldü var, döndü yoxdur" deyib, ordusunun arxasında dayanaraq gücünə güc qatdı. 

Müharibədə iştirak etmək istəyənlərin Azərbaycanın dörd bir yanında izdihamı

Baxmayaraq ki, isğaldan uzun illər keçmişdi, bu savaşda iştirak edəcək gənclərin böyük əksəriyyəti torpaqlar işğala məruz qalanda heç dünyaya gəlməmişdilər, yaxud da ayaqyalın o yerlərdən məcburi köçkün kimi ayrılmışdılar, amma ll Qarabağ müharibəsi göstərdi ki, geridə qalan bu illər ərzində Azərbaycan dövləti, xalqı yerində saymayıb, bir gün bu işğala son qoymaq üçün gecə-gündüz insanlarının həm mənəvi, psixoloji vəziyyəti ilə bağlı, həm də Silahlı Qüvvələrinin gücü baxımından önəmli işlər görüb. Bunu Ali Baş Komandan İlham Əliyev də Rusiyanın nüfuzlu "Nasionalnaya oborona" jurnalına müsahibəsində açıq şəkildə qeyd etdi: "Dondurulmuş münaqişə vəziyyətində olsa da, müharibə şəraitindəki ölkədə həyatın bütün halları üçün döyüş əməliyyatlarının aparılması planı, təbii ki, çoxdan işlənib hazırlanırdı. Əlbəttə, yeni reallıqlar, Azərbaycanın yeni imkanları, o cümlədən texnoloji imkanları nəzərə alınmaqla bu plana vaxtaşırı dəyişikliklər edilirdi və hər dəfə həmin dəyişikliklər mənim tərəfimdən təsdiq olunurdu. Bu, təbiidir. Mən onu da bilirəm ki, Ermənistan tərəfinin müharibə ilə bağlı fəaliyyət planı vardı. Əslində, sentyabrın 27-də onlar həmin planı reallaşdırmağa başladılar. Beləliklə, müharibə dövründə bizim davranışımızın əsası, təbii ki, keçən il döyüş əməliyyatları başlanandan xeyli əvvəl işlənib hazırlanmışdı, lakin hərbi əməliyyatların gedişində biz buna dəyişikliklər edirdik".

Xalq Ordusuna dəstək olmaq üçün səfərbər oldu

Nəhayət, o gün yetişdi. Nəhayət, Vətən həsrətinə qanımız, canımız bahasına son qoymaq məqamı çatdı. Doğru zaman, doğru məqamda Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatını icra edən Azərbaycan Ordusu heç kəsin gözləmədiyi bir vaxtda, cəmi 44 günlük savaşla nəinki 30 illik işğala son qoydu, eləcə də erməni faşizmini yerlə-yeksan etdi. Bu günlər Azərbaycan xalqını, dövlətini bir yumruq kimi birləşdirən tarix kimi dünyanı heyran qoydu. Övladının, qardaşının, həyat yoldaşının şəhid olacağı ehtimallarını gözə alan Azərbaycan xalqı buna rəğmən müharibənin başladığı xəbərinə sevinc gözyaşları ilə reaksiya verdi. Savaşın 2016-ci il Aprel döyüşlərində, 2020-ci il iyul hadisələrində (Tovuz döyüşləri) olduğu kimi yarıda dayanacağından narahat olan bir xalq var idi. Yaxınlarını, ailə üzvlərini itirmək, birdəfəlik görməmək təhlükəsi belə bu xalqın qarşısını kəsə, məqsədindən döndərə bilmədi. Çünki Vətən bizi gözləyirdi. Artıq 30 illik bu qara ləkəni, o acı tarixi xalqımızın keçmişindən silmək, yeni şanlı tarix yazmaq lazım idi. O məqam dünyada başı dik gəzmək, hər kəsə türkün əsl gücünü göstərmək məqamı idi ki, bu xalq ordusu, Ali Baş Komandanı ilə əl-ələ verib bir yumruq kimi Vətəninin mudafiəsinə qalxdı və dünyanı heyrətləndirən bir Zəfər tarixini qanı, canı bahasına yazdı.

Ana şəhid olan oğlunun, gənc qadın yeni ailə qurduğu həyat yoldaşının cənazəsini "Vətən sağolsun" deyib, çiynində daşıdı

Çünki başqa çıxış yolumuz qalmadı, çünki bizə başqa şans buraxmadılar. Öz taleyimizi özümüzün həll etməli olduğunu anladıq. Qarşı tərəfin 30 il ərzində işğal altında olan ərazilərdə qurduğu istehkamlar, beynəlxalq tribunalarda Azərbaycana qarşı ikili standartlar, habelə bəlli mərkəzlərdən Ermənistana edilən silah yardımları belə hayları nəinki ağır məğlubiyətdən xilas edə bilmədi, heç əməliyyatların 44 gün ərzində bitəcəyini proqnozlaşdırmağa da imkan vermədi. Azərbaycan xalqı, Azərbaycan Ordusu  və Azərbaycan dövlətinin iradəsi, birliyi sayəsində biz bunun öhdəsindən gəldik. Dünya Azərbaycan xalqının gücünü gördü, nəticədə II Qarabağ müharibəsində qazanılan tarixi qələbə Azərbaycanı dünyanın aparıcı dövlətləri sırasına çıxardı. Biz bunu şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına qazandıq. Müharibə iştirakçılarının fədakarlığı, qəhrəman hərbiçilərimizin igidliyi heç zaman unudulmayacaq. Biz qan tökərək, şəhidlər verərək bu qələbəni qazandıq. Bizə 30 il ərzində meydan oxuyan düşmən, bu müharibə zamanı qarşımızda diz çökdü. 

Hələ Prezident İlham Əliyev, 26 iyun 2018-ci ildə Azadlıq meydanındakı Paradda çıxışı zamanı demişdi: "Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq". Bundan cəmi 2 il sonra həmin sözləri reallığa çevrildi. Azərbaycan 30 il yaşadığı tarixi ədalətsizliyi, torpaqların işğalına səbrlə dözdü. Ümid etdi ki, münaqişənin həllini öz üzərinə götürən təşkilatlar, qurumlar ədalətslizliyə son qoyub, onun pozulan hüquqlarını nəhayət bərpa edəcəklər. BMT kimi ali qurumun qəbul etdiyi və Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə qətnamələrini yerinə yetirəcək. Lakin bəlli oldu ki, bu qətnamələr sadəcə kağız parçasından başqa bir şey deyil. Və 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan üzləşdiyi tarixi ədalətsizliyi Ordusu hesabına təkbaşına həll etdi. 

Nəhayət, uşaqdan böyüyə hər kəs qanla qazanılmış bu qələbə xəbərini qeyd etmək üçün küçələrə axışdı

Azərbaycan bir də erməni faşizminin başını qaldırmasına, torpaqlarımıza əl uzatmaq, növbəti ərazi iddialarına düşmək istəklərinə bir daha imkan verməyəcək. Bu barədə bu gün Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciəti zamanı Ermənistana və havadarlarına növbəti xəbərdarlığını edib: "Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Biz müharibəni hərbi-siyasi yollarla həll etdik, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati ərazi mövcud deyil və əgər kimsə "Dağlıq Qarabağ" adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində "Dağlıq Qarabağ" adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır".

Prezident İlham Əliyevin bundan əvvəlki - istər BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışı zamanı, istərsə də "Nasionalnaya oborona" müsahibəsindəki tezislərdən də aydın olur ki, erməni faşizmi məhv edilsə də, onun təzahürləri göründüyü üçün Azərbaycan bir də görsə ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Azərbaycan xalqı öz canı ilə bədəl ödəyər, amma torpağı ilə heç vaxt.

Təhməz Əsədov


Etiketlər:  Müharibəyə sevinən xalq Ölümün gözünə baxanlar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ