Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2021 10:22
Xəzərdə köməksiz qalan 3 nəfər xilas edilib.
Sonxeber.net bildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, sentyabrın 25-də saat 05:25 radələrində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətində idarəetmə mərkəzindən Zirə istiqamətindən dənizə çıxmış və sahildən 10 km məsafədə köməksiz vəziyyətdə qalmış qayığın 3 nəfər heyətinin xilas edilməsi üçün müraciət edildiyi barədə məlumat daxil olub.
Qısa müddət ərzində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Xəzər dənizinin mərkəzi hissəsində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən "Şah Dili" burnu istiqamətində sahildən təxminən 7 km məsafədə 3 nəfər heyət üzvü olan taxta qayıq aşkarlanıb.
Üzmə vasitəsinin heyəti gəminin göyərtəsinə təxliyyə olunaraq ilkin tibbi yardım göstərilib, qayıq isə yedəyə alınaraq sahilə çıxarılıb. Xilas edilmiş şəxslərin Bakı şəhər sakinləri 1996-cı il təvəllüdlü Zeynalov Elnur Sürəddin oğlu, 1989-cu il təvəllüdlü Məhərrəmov Rəşid Fikrət oğlu və 1992-ci il təvəllüdlü Fətullayev Rüfət Rauf oğlu olmaları müəyyənləşdirilib.