Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranın Azərbaycana hiddəti bitmir - Tehran ermənilərə görə narahatdır, yoxsa...?

İranın Azərbaycana hiddəti bitmir - Tehran ermənilərə görə narahatdır, yoxsa...?

Tarix: 28 Sentyabr 2021 11:44

Təkcə avqustun 11-dən sentyabrın 11-dək İrandan Qarabağa qanunsuz olaraq hərəkət edən TIR-ların sayı 60-a yaxın olub. Belə ki, İran İslam Respublikasına məxsus olan ağırtonnajlı yük avtomobillərinin (TIR) Ermənistana, oradan da Gorus-Xankəndi marşrutu ilə hərəkət edərək, Laçın dəhlizindən keməklə Xankəndinə gedib. Azərbaycan tərəfi bununla bağlı dəfələrlə Tehrana xəbərdarlıq etsə də, heç bir işə yarımadığını gördük. Bu özbaşınalığın qarşısını almaq üçün rəsmi Bakı əməli, praktiki addımlara keçdi. Dərhal Gorus-Qafan yolunda Azərbaycan polis postları qurdu, eyni zamanda gömrük keçid məntəqəsi fəaliyyətə başladı. Bununla da İranın Azərbaycanın ərazi bütövlüyünə olan hörmətsiz yanaşmasının, qeyri-adekvat addımlarının qarşısı qismən alındı.

Azərbaycan polisinin həmin istiqamətdə yük avtomobillərinin yoxlanışı zamanı iki İran vətəndaşının idarə etdiyi TIR-larla yenidən Qarabağa rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə yaşayan ermənilərin məskunlaşdığı ərazilərə təminat (Həmin avtomobillərin yüklərinin nədən ibarət olması barədə nə Ermənistan, nə də İran İslam Respublikası indiyədək rəsmi açıqlama veriblər. Yüklərin bütünlüklə humanitar yardım, ərzaq və ya dərman preparatlarından ibarət olduğunu iddia etmək isə ən azı, sadəlövhlük olardı) aparmaq cəhdinin qarşısı alınaraq, həmin şəxslər nəzarətə götürüldülər. Bundan sonra rəsmi Tehran Bakıyla hökümət səviyyəsində - istər səfir, istərsə də XİN-in müavini vasitəsilə Azərbaycanla təmas quraraq anlaşılmazlıq olduğu barədə dil-xoşluq etdilər. Lakin bu, heç nəyi dəyişmədi. Bəs istər müharibə zamanı, istərsə də 10 noyabrdan indiyə kimi separatçılara daşınan ağırtonnajlı yük avtomobillər vasitəsi ilə o təminatlara görə məsuliyyəti kim üzərinə götürəcək?

Və beləcə Gorus-Qafan yolundan keçməklə Laçın dəhlizi ilə Xankəndinə və Qarabağın ermənilərin yaşadığı digər məntəqələrinə yük daşıyan İrana məxsus yük maşınlarının qarşısı alındı. Lakin hər gün Azərbaycanın cavabını almadığı yeni suallar ortaya çıxmaqdadır. 

Bu mövzuya elə ötən gün Prezident İlham Əliyevin Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində toxunması diqqətdən qaçmadı: "Bizim davranışımız və addımlarımız məsuliyyətlidir, dostluq əlaqələrinə əsaslanandır. Birinci dəfə şifahi xəbərdarlıq etdik, ikinci dəfə rəsmi nota verdik, üçüncü dəfə gömrük, sərhəd, polis postları qurduq. Beləliklə, biz Ermənistan ərazisindən keçən və Azərbaycan ərazisindən keçən yola artıq nəzarət etməyə başladıq və ondan sonra Qarabağa gedən TIR -ların sayı sıfıra endi. Baxın, buna gətirib çıxartmaq lazım idi? İndi orada - Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan Qarabağ bölgəsində cəmi 25 min adam yaşayır. Bu bazar o qədər önəmlidir? O ticarət o qədər önəmlidir ki, dost və qardaş saydığın ölkəyə qarşı nümayişkaranə şəkildə belə hörmətsizlik edirsən? Əlbəttə, biz beynəlxalq konvensiyalarda və beynəlxalq hüquqda təsbit edilmiş bütün imkanlardan istifadə etdik. Bəziləri deyirlər ki, İran TIR-larından rüsum alınır. Biz indi xarici ölkəyə gedəndə rüsum ödəyirikmi? Ödəyirik. Onlar Azərbaycan ərazisindən istifadə edirlərsə, rüsum ödəməlidirlər? Ödəməlidirlər". Prezident "Müharibə başa çatandan sonra artıq Laçın dəhlizi bizim gözümüzün önündədir. Bizim hərbi mövqelərimizdən Xankəndinə gedən yola məsafə bəlkə də 5-6 metrdir. Biz Laçın dəhlizi boyunca, o cümlədən, Şuşa ətrafında və digər yerlərdə kifayət qədər texniki imkanlara malikik. Kameralar var. Peykdən istifadə edirik, dronlardan istifadə edirik. Biz yenə gördük ki, bu tırlar müharibədən sonra da ora getməyə davam edir" deməklə eyni zamanda Tehrana Qarabağda bütün proseslərin Azərbaycanın nəzarətində olduğunu və oradakı bütün prosesləri yaxından izlədiyimiz mesajını verdi. Dövlət başçısının bu açıqlaması "qonşusunun evindən oğurluq edəni gözünlə görmək" ifşasına bərabərdir. 

Əslində dövlət başçısının bu çıxışı İran üçün ciddi xəbərdarlıq olmalıdır. Ondan yana ki, Azərbaycan İranın müttəfiqi, dostu hesab edilir. Tehran Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, 44 günlük müharibədə qazanılan qələbə münasibətilə Azərbaycana təbrik ünvanlayıbsa, bəs bu etdiyinə nə ad verək? 

İlham Əliyevin açıqlamasından bu da aydın olur ki, təxminən 4 gün İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin Qarabağa gedən İran yük maşınları ilə bağlı fikirləri tamamilə əsassızdır və rəsmi Bakı bu "nağıla" inanacaq qədər sadəlöhv deyil. Səfir günlər öncə məsələ ilə bağlı açıqlama verərkən Azərbaycan tərəfindən səslənən faktlara "Təəssüf ki, sosial şəbəkədə həqiqətə uyğun olmayan məlumatlar çox yayılır. Yük maşınları məsələsini araşdırdıq. Məlum oldu ki, özəl şirkətlər bu addımı atıblar. Biz özəl şirkətlərə xəbərdarlıq etdik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsınlar. Ermənistan qonşularımızdan biridir. Biz hər zaman separatçılığa qarşı olmuşuq. Bizim dövlət səviyyəsində həm daxili, həm xarici siyasətimizi Ali lider təyin edir. Ali lider həm də Ali Baş Komandan, həm də siyasi liderdir. Ali liderin bəyanatında Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğu vurğulanıb. Ancaq mən arxayınlıqla deyirəm ki, üçüncü tərəflər ikitərəfli münasibətlərə xələl gətirə bilməyəcək" sözləri ilə təkzib verməyə çalışdı. Lakin bu təkzib də Bakının gözündən pərdə asmağa yetmədi. Çünki İran yük maşınlarının qanunsuz olaraq Qarabağa getməsi birinci dəfə baş vermirdi və Azərbaycanın hər şeydən xəbəri var. 

Abırlı abırından susur, abırsız elə bilir qorxur...

O ki qaldı İranın qəfil Azərbaycanla sərhəd boyunca irimiqyaslı hərbi təlimlərə başlamasına, Prezidentin bu məsələyə də mövqeyi olduqca adekvat olub. İranın ölkəmizdəki səfirinin günlər öncə etdiyi "Bu təlimlər davamlı həyata keçirilir, bundan əvvəl Qərbi Azərbaycanda keçirilib. Hərbi gücümüz dostlarınızın xidmətindədir, dostlarımıza qarşı təhdid sayıla bilməz" açıqlaması da dövlət başçısının bu reaksiyası ilə əsassız və haqsız olduğunu təsbitlədi.

İlham Əliyev "Anadolu" agentliyinə müsahibəsində İranın Azərbaycanla sərhəddə təlimlərə başlamasını anlaşılmaz addım olaraq dəyərləndirib: "Bu, çox təəccüblü bir məsələdir. Çünki 30 illik müstəqillik dövründə belə hadisələr olmamışdı. İlk növbədə deməliyəm ki, hər bir ölkə öz ərazisində istədiyi hərbi təlimi keçirə bilər. Bu onun suveren hüququdur, söz ola bilməz. Ancaq eyni zamanda bunu zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdı. Nə üçün məhz indi? Nə üçün bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan cəmiyyəti verir. Bu sualı dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilər Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlimlər keçirilmirdi? Nə üçün biz bu torpaqları azad edəndən sonra, 30 illik əsarətə və işğala son qoyandan sonra bu keçirilir?". Bir dövlət başçısı öz xalqını, dövlətini, onun haqqını, hüququnu müdafiə etmək üçün bundan artıq qətiyyət göztərə bilməz. Prezident bu açıqlaması ilə İrana "bıçaq sümüyə dirənib" xəbərdarlığını etdi. O, cənub qonşumuzu sözü ilə əməli arasında yerlə-göy qədər fərqdə təqsirləndirib və açıqlamasında kifayət qədər əsaslı arqumentlər səsləndirib. 

Dünən 44 günlük müharibənin başlamasının (27 sentyabr) 1 ili, şəhidlərimizin anım günü kimi qeyd edildi. Bununla əlaqədar İsrailin Azərbaycandakı səfiri Corc Dik, Türkiyə səfiri Cahid Bağcı, Böyük Britaniyanın ölkəmizdəki elçisi Ceyms Şarp dünən keçirilən "Anım Günü" ilə bağlı paylaşımlar edərək şəhidlərimizin əziz xatirəsini yad ediblər. Hətta ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litsenberq də Anım günü ilə əlaqədar öz tvitter hesabında paylaşım etdi. Coğrafi baxımından bu ölkələrlə müqayisədə Azərbaycana ən yaxın olan İran, bu məsələdə də özünü Bakıya yad, ən uzaq kimi göstərdi. Təəssüflər olsun ki, qonşu və dost İran hökuməti və onun Bakıdakı fövqəladə və səlahiyyətli səfiri "Anım Günü" ilə bağlı hər hansı tədbir keçirməyi bir kənara, heç öz rəsmi tvitter hesabından da bir paylaşım etməyə cəhd göstərmədi. İki cümləlik başsağlığını Azərbaycandan əsirgəyən səfirin bu addımı heç şübhəsiz ki, İran hökümətinin Bakıya münasibətinin təzahürüdür. Çünki Azərbaycandakı bütün dinlərə aid məbədlərdə şəhidlərimiz anıldığı halda bir İslam dövlətinin bu etinasızlığı çox güman ki, artan cavabsız suallar sırasına əlavə edilə bilər.

Azərbaycan yaratdığı yeni reallıq çərçivəsində regionda sülhün bərqərar olması üçün əlindən gələn heç nəyi əsirgəmir. Ərazimizə qarşı istənilən təhdid tərəfimizdən dəf ediləcək. Dövlət başçısı bu barədə Anım Günü ilə əlaqədar xalqa müraciətində də bir daha bəyan edib. Bu, Ermənistandakı revanşist qüvvələrə və onların havadarlarına ünvanlanmış bir mesajdır və rəsmi Bakı heç kimə ərazisi ilə bağlı güzəşt etməyəcək.

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  İranın Azərbaycana hiddəti bitmir Tehran ermənilərə görə narahatdır yoxsa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ