Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2021 00:00
Kapitan Rəşad Abdullayev 1988-ci il sentyabrın 14-də Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. Ana-atanın tək oğlu, 3 bacının tək qardaşı idi.
1995-2003-cü illərdə Cəlilabad rayon Göytəpə şəhər 1 saylı orta məktəbdə təhsil alıb, 2003 -2006-cı illərdə təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib. 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan R.Abdullayev 2010-cu ildə həmin məktəbi "Motoatıcı" ixtisası üzrə bitirib.
Məktəbi bitirdikdən sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin zabit ixtisas kursuna dinləyici olaraq göndərilib. Təhsilini tamamladıqdan sonra müdafiə nazirinin 2010-cu il 24 iyun tarixli əmri ilə "N" saylı hərbi hissəyə motoatıcı taborunun tank əleyhinə taqım komandiri vəzifəsinə təyin olunub. 2011-ci il dekabrın 12-dək "N" saylı hərbi hissədə motoatıcı taborunun tank əleyhinə taqım komandiri vəzifəsində xidmət edib. Elə həmin tarixdən xüsusi təyinatlı qüvvələr kursunu keçmək üçün "N" saylı hərbi hissəyə ezam olunub. Kursu bitirdikdən sonra müdafiə nazirinin 2012-ci il 8 iyul tarixli əmri ilə "N" saylı hərbi hissədə xüsusi təyinatlı qrupunun komandir müavini vəzifəsinə təyin olunub.
Xüsusi təyinatlı qüvvələrin sırasına qatıldığı ilk günlərdən fərqlənməyi bacaran Rəşad Abdullayev beş dəfə beynəlxalq səviyyədə keçirilən dünya xüsusi təyinatlılarının təlimlərində aktiv iştirak edib və ölkəmizin adının uca zirvələrdə çəkilməsinə töhfəsini verib. O, 2015-ci ildə Türkiyədə 19 dövlətin iştirakı ilə keçirilən axtarış xilasetmə yarışında rəhbərlik etdiyi Azərbaycan xüsusi təyinatlı heyəti ilə qalib olub.
Rəşad Abdullayev vəzifə borcunu yerinə yetirərkən çox sayda kəşfiyyatlarda iştirak edib və böyük nailiyyətlərə imza atıb.
Aprel döyüşlərində də böyük şücaət göstərən Rəşad Abdullayev həmin hərbi əməliyyatlarda xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən 2 dəfə ordenlə təltif edilib.
Vətən müharibəsinin ilk günündən döyüş meydanına atılan R.Abdullayevin Kəlbəcər və Ağdərədə keçirilən bir sıra uğurlu əməliyyatlarda müstəsna xidmətləri olub.
Döyüşlərə Murovdağ və ətrafdakı yüksəkliklərin azad edilməsi uğrunda hərbi əməliyyatlarda iştirakla başlayıb. Sentyabrın 28-də Kəlbəcərdəki "Susuzluq" yüksəkliyi uğrunda gedən döyüşlərdə döş qəfəsindən və qarın boşluğundan güllə yarası alıb. Yaralanana qədər 34 postun düşməndən təmizlənməsində iştirak edib. 20 saat yaralı qalmasına baxmayaraq, yenə də vəzifəsini yerinə yetirib. 35-ci postun düşməndən təmizlənməsi üçün yol göstərib. Sentyabrın 29-da isə şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə kapitan Rəşad Abdullayev ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. O cümlədən, "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhid kapitan Rəşad Abdullayevin babası Məmmədağa Abdullayev İkinci Dünya müharibəsinin qəhrəmanıdır.
Vətən müharibəsi Qəhrəmanının özündən yadigar iki övladı qalıb.
Sonxeber.net bildirir ki, şəhidin xanımı Gülnar Abdullayeva AZƏRTAC-a Rəşad Abdullayev haqqında xatirələrini bölüşərək deyib: "Rəşadla 2013-cü ildə ailə qurmuşuq. O zaman onun xüsusi təyinatlı qüvvələrin mənsubu olduğunu bilmirdim. Bunu 2016-cı il Aprel döyüşləri zamanı öyrəndim. Ailəsinə, sevdiklərinə, Vətəninə çox bağlı biri idi. Oğlumuz Məmmədağanı və qızımız Rüqəyyanı hərbçi və ya hərbi həkim kimi görmək istəyirdi. Deyirdi ki, oğlumuzun 10 yaşı olanda onu özümlə təlimlərə aparacağam ki, bədəni kiçik yaşlarından bərkisin. Yadıma gəlir ki, Məmmədağanın bir yaşı olanda bacısının kuklasını əlinə götürmüşdü. Rəşad işdən gəlib bunu gördü, kuklanı uşağın əlindən aldı. Yorğun olmasına baxmayaraq, onu özü ilə mağazaya aparıb oyuncaq silah və tank aldı. Oğlumuz atasına bənzəyib, onun kimi heç nədən qorxmur".
G.Abdullayeva ömür-gün yoldaşı ilə son görüşünü belə xatırlayır: "Rəşadı sentyabrın 26-da yola saldım. Mənə təlimə getdiyini dedi. Lakin evdən çıxarkən "Döyüşə getsəm belə qorxma. Düşmən bizim üçün heç kimdir. Onların başını əzəcəyik. Biz torpaqlarımızın düşmən əsarətindən xilasını gələcək nəsillərə saxlaya bilmərik. Bu gün mən döyüşməsəm, sabah oğlumuz döyüşəcək. Narahat olma 1 həftəyə sağ-salamat qayıdacağam" dedi. Son vəsiyyəti isə belə idi: "Mənə nəsə olsa, dik dur. Sənə özümdən çox güvənirəm. Bilirəm ki, ki mən varmışam kimi yaşayacaqsan. Övladlarımıza atasızlığı hiss etdirmə. Onlara de ki, atanız sizin üçün hər bir şey edib. Mən olmasam da dövlətimiz sizə sahib çıxacaq. Cismən sizinlə olmasam da, ruhən yanınızda olacağam". Rəşadın şəhid olduğu xəbərini sentyabrın 30-u səhər saatlarında aldım. Oktyabrın 2-də isə dəfn olundu.
O, çox xeyirxah insan idi. Hər zaman şəhid ailələrinə, ehtiyacı olanlara dəstək olurdu. Hətta bir dəfə Qax rayonunda şəhidlərimizdən birinin valideynlərini ziyarət etməyə gedərkən yol kənarında qəfil gördüyü gözləri kor olmaq üzrə olan bir gəncin əməliyyatı üçün lazım olan məbləğin toplanmasına kömək edib. Onsuz həyat çox çətindir, lakin elə bir qəhrəman, əməlisaleh, cəsur bir insanın həyat yoldaşı olmaqdan qürur duyuram. Rəşadın arzularını həyata keçirmək üçün yaşayacağam. Mən Rəşadı sentyabrda tanıdım, onunla sentyabrda ailə qurdum, elə sentyabrda da itirdim. Rəşad sentyabrda doğuldu, sentyabrda da şəhadətə yüksəldi".
Şəhidin həyat yoldaşı dövlətin onlara göstərdiyi dəstəkdən məmnunluğunu ifadə edərək deyib: "YAŞAT" Fondu övladlarımın təhsil xərcini öz üzərinə götürüb, məktəb ləvazimatları ilə təmin edib. Həyat yoldaşım Rəşad Abdullayevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildiyindən ölkə başçısının müvafiq Sərəncamı ilə mənzillə də təmin olunacağıq. Göstərilən diqqət və qayğıya görə minnətdaram".