Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2021 20:54
Xəbər verildiyi kimi, İran Azərbaycan sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlərə başlayıb. Bu təlimlər beynəlxalq media tərəfindən də izlənilir və təhlil edilir, çünki uzun illər ərzində İran heç vaxt Azərbaycan sərhədlərinin bilavasitə yaxınlığında belə təlimlər keçirməmişdi.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, təlimlərin əsas mərhələsinin dünən oktyabrın 1-də başladığı elan edilmişdi. Lakin AzadlıqRadiosunun Fars xidməti Radio Fərda yazır ki, "Xeybər fatehləri" təlimlərinə əslində daha tez başlanıb.
Radionun təhlil məqaləsində deyilir ki, İran Naxçıvanla sərhəd bölgələrə genişmiqyaslı döyüş birləşmələrinin və hərbi texnikanın cəmləşdirilməsinə hələ sentyabrın 25-dən başlayıb. Belə bir məqama diqqət yetirilir ki, bu, vaxt etibarilə Azərbaycan, Türkiyə və Pakistanın xüsusi qüvvələrinin Naxçıvanda keçirdiyi birgə manevrlərin ikinci fazasına təsadüf edir. Bu da vurğulanır ki, həmin günlərdə Azərbaycan tərəfinin hərəkətləri ilə İrandan Ermənistana yük daşımalarında problem yaranmağa başlayıb.
"Bundan bir neçə gün əvvəl, sentyabrın 20-də Tehran bir neçə zirehli briqada və İnqilab Keşikçiləri Korpusunun (İİKK) quru qüvvələrinin 31-ci Aşura diviziyasının Araz çayı sahilində keçirdiyi gecə təlimi ilə Bakıya hərbi və siyasi mesaj göndərmək istəmişdi",-məqalədə bildirilir. Məqalə müəllifinin fikrincə bu, Azərbaycan tərəfinin Qarabağa yanacaq daşıyan iki təbrizli sürücünü Qafan-Gorus yolunda saxlaması ilə bağlı idi.
Xəbər verilir ki, "Xeybər fatehləri" manevrlərində iştirak edən zirehli texnikanın və artilleriyanın əsas hissələri Poldəşt şəhəri yaxınlığında yerləşdirilib. Bir sıra başqa texnikalar habelə Maku şəhəri yaxınlığındakı Qaratəpə ərazisinə göndərilib.
Hərbi təlimlərin keçirildiyi məkan Azərbaycan-Ermənistan sərhədinin bilavasitə yaxınlığındadır. Burada söhbət Naxçıvana Poldəşt və Culfa keçidləri, habelə Ermənistana Norduz keçidi, Naxçıvan-Türkiyə sərhəd keçidi və Makudakı Bazarqan keçidlərinin yerləşdiyi 50 kilometrlik zolaqdan gedir.
Qeyd olunur ki, İnqilab Keşikçilərinin quru qüvvələrinin 31-ci Aşura diviziyasının missiyası Azərbaycan Respublikasından Ərdəbil şəhəri və Şərqi Azərbaycan osmanına hər hansı mümkün təhlükənin qarşısının alınmasıdır. Məqalədə daha sonra "Xeybər fatehləri" manevrlərində iştirak edən hərbi texnikadan, onun döyüş hazırlığı və hazırkı vəziyyətindən bəhs olunur.
Qeyd olunur ki, hərbi təlimlərdə istifadə olunan zirehli texnika Qəzvindəki 116-cı, Zəncandakı 216-cı mexanikləşdirilmiş piyada briqadalarına və Həmədandakı 316-cı zirehli diviziyaya aiddir. Bu da bildirilir ki, bu üç briqadadan başqa, təlimlərə habelə 25-ci xüsusi qüvvələr briqadasının bir neçə vahid texnikası göndərilib.
Müəllif qeyd edir ki, İranın başqa bölgələrindən fərqli olaraq bu bölgədəki hərbi texnika kiçik modernləşdirmələrə baxmayaraq müasir döyüşlərdə istifadə üçün xeyli köhnəlib. Bunlara misal olaraq sözü gedən briqadaların silahlandığı "Chieftain" tanklarını və M-113 zirehli transportyorlarını göstərmək olar. Britaniya istehsalı olan "Chieftain" tankları 1970-ci illərdə Qərb hərbi blokunun qüvvələrində geniş istifadə olunurdu, lakin sonradan Rusiyanın daha qalın zirehli T-72 tankının istehsalı ilə əhəmiyyətini itirmişdi.
Məsələn "Chieftai"n tankının topu 120 mm çaplı idisə, T-72-nin topunun çapı 125 mm idi. Bu səbəbdən də şah İranının Hərbiyyə Nazirliyi Chieftain tanklarının daha müasir modifikasiyası olan Shir-1 və Shir-2 modellərini sifariş etmişdi, lakin sonradan bu sifariş ləğv olunmuş və tanklar İrana çatdırılmamışdı.
Məqalədə deyilir ki, sonradan İran-İraq müharibəsi zamanı T-72A tankları ilə döyüşlərdən zəif çıxan "Chieftain" tankları modernlərşdirilib və onların T-72 və T-90 tanklarına qarşı döyüş qabiliyyətinin artırılmasına çalışılıb.
Bu da vurğulanır ki, Vyetnam müharibəsi zamanəsindən qalma M-113 zirehli transportyorlarından İran ordusunda 1966-cı ildən istifadə olunur. Bu maşınlar müasir antitank raketlərinin, habelə intihar dronlarının və Türkiyə istehsalı Bayraktar TB-2 PUA-larının zərbələri qarşısında gücsüzdürlər. İranın sözü gedən üç briqadası habelə Rusiya istehsalı BMP-2 zirehli transportyorlarından istifadə edir. Qeyd olunur ki, onlar sayca M-113-lərdən az olsalar da, İranın mexanikləşdirilmiş briqadaları daha çox məhz BMP-2-lərə güvənirlər.
Məqalədə deyilir ki, İranın mobil hücum briqadalarında "Toyota" mülki pikaplarından istifadə olunur və bunlardan çoxuna hətta kamuflyaj boyaları çəkilməyib. Məqalədə deyilir ki, "Xeybər fatehləri" manevrlərində çox sayda artilleriya vahidi iştirak edir. Bunların bir hissəsi təlim yerinə Kraz yük maşınları ilə daşınıb. Artilleriya qurğuları əsasən 11-ci Marağa Artilleriya qrupuna məxsusdur. Burada istifadə olunan Amerika istehsalı M-109 və M-110 toplarının adları çəkilir.
Müəllif yazır ki, internetdə dərc olunmuş bir neçə peyk fotosundan İran silahlı qüvvələrinin Rusiyanın "Şilka" zenit qurğularından istifadə etdiyini göstərir. Bu da qeyd olunur ki, hər biri dörd raketdən ibarət bu sistemin həm də radarları var. İran bu sistemləri 1977-1978-ci illərdə Sovet İttifaqına sifariş edib. Lakin "Şilka" sistemlərinin yalnız 200-ə qədəri İrana çatdırılıb. Sifariş 1979-cu ildə İranda İslam inqilabı baş verəndən sonra ləğv olunub. "Şilka" sistemlərindən əsasən ordunun zirehli və piyada birliklərinin hava hücumundan müdafiəsi üçün istifadə olunur.
Məqalədə qeyd olunur ki, "Şilka"nın radar sistemi hücum və intihar dronlarını "tuta" bilmir. Müəllif hesab edir ki, bu, İranın zirehli texnikasını və piyada qüvvələrini Türkiyə və Azərbaycan ordularının dron donanması qarşısında aciz qoya bilər.
Məqalədə deyilir ki, internetdə dərc olunmuş fotolardan təlimlərdə dronlarla rabitəni pozan sistemlərdən istifadə olunduğu görünür.
Məqalədə deyilir ki, sentyabrın 27-də təlimlərə üç BH-1GG Cobra və Bell 214A Isfahan da daxil 12 helikopter qoşulub. Bu helikopterlər Kirmanşahdakı 1-ci hərbi-hava qüvvələri bazasına aiddir. Uzun illər ordu komandanları tərəfindən səhlənkarlığa görə hərbi helikopterlər modernləşdirilməyib. İran helikopter qüvvələrinin əsas çatışmazlıqlarından biri də kifayət qədər fərdi müdafiə vasitələrinin, məsələn infraqırmızı raket azdırıcılarının, transmitterlərin və radar həyəcanının olmamasıdır. Bu avadanlıqlar olmadan helikopterlər düşmən tərəfindən asanlıqla vurula bilir.
Məqalədə deyilir ki, müasir döyüşdə havada üstünlüyə malik olan tərəf qalib gəlir. Hava döyüşündə üstünlüyü isə müasir qırıcılar və dronlar təmin edir. Qeyd olunur ki, qırıcılar və dronlar düşmənin radar və müdafiə sistemlərinin məhv edilməsində əsas rol oynayır. Müəllif yazır ki, İran hərbi hava qüvvələri əməliyyat, hərbi və döyüş təyyarələrinin kəmiyyətinə görə Azərbaycandan üstün olsa da, Azərbaycanın malik olduğu İsrail istehsalı Harop və Harpy intihar dronları və başqa PUA-lar onu hər hansı hava döyüşündə daha güclü edir.
Məqalədə deyilir ki, "Xeybər fatehləri" təliminin ssenariləri belə döyüş strategiyasına müasir döyüş meydanında yer olmadığını göstərir. Bu da qeyd olunur ki, hücum və intihar dronlarından istifadə olunan müasir döyüşlərdə 1960-cı illərin taktikası ilə qalib gəlmək mürəkkəbdir.
Tarixi Xeybər döyüşü Məhəmməd peyğəmbərin Xeybər yəhudiləri ilə etdiyi döyüşün adıdır. Bu müharibədə müsəlmanlar qələbə çalıblar. Bağlanmış müqaviləyə əsasən döyüşdə iştirak edən yəhudilər ailələri ilə birlikdə Xeybər ərazisini tərk etməli idilər.