Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2021 10:34
"İranın şimal-qərbindəki problemin həll yolu əcnəbilərin müdaxiləsinə son qoyulmasıdır".
İranın ali dini lideri, ölkə silahlı qüvvələrinin Ali Baş Komandanı ayətulla Seyid Əli Xamneyi ölkədəki hərbi məktəblərin və akademiyaların məzunlarına videomüraciətində belə deyib.
Onun sözlərinə görə, bölgəyə kənar qüvvələrin müdaxiləsi fikir ayrılıqları və problemlərin mənbəyidir: "Bölgə ölkələrinin xalqları və orduları özləri bütün müşküllərin öhdələrindən gələ bilər. Başqa qüvvələrin müdaxiləsinə imkan verməyəcəyik. Bölgə ölkələrinin xalqlarına istinad edən və qonşu ordularla sıx birləşən ordulara malik olması regionun maraqlarına cavab verir.
Bir ölkə öz təhlükəsizliyini və əmniyyətini qüdrətli ordusu ilə təmin edə bilirsə, bu, böyük iftixardır və başqalarına arxalanmaq illüziyasına qapılıb və habelə başqalarına güvənərək öz təhlükəsizliyini təmin edə biləcəyini güman edənlər bilsinlər ki, tezliklə bunun silləsi onlara dəyəcək. Və yaxşı olar ki, başqaları da məntiqlə hərəkət etsinlər və bölgədə problemlərin yaranmasına yol verməsinlər. Öz qardaşlarına quyu qazanlar əvvəlcə özləri quyuya düşərlər".
Ayətulla Ə.Xamneyinin bəyanatının İranla Azərbaycan arasındakı münasibətlərdə gərginlik yarandığı, habelə İranın Azərbaycanla sərhəd bölgələrdə genişmiqyaslı hərbi təlimlər keçirdiyi zamanda səslənməsi təsadüf deyil.