Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Tehranı əməlinə PEŞMAN ETDİ - Bakı İrana fürsət buraxmadı

Rusiya Tehranı əməlinə PEŞMAN ETDİ - Bakı İrana fürsət buraxmadı

Tarix: 7 Oktyabr 2021 11:54

"Qarabağ islam torpağıdır" deyərək İranın ədalətli mövqe tutduğunu göstərməyə çalışan Tehran rəsmiləri heç vaxt Ermənistandan həmin torpaqdan çıxmağı tələb etmədilər. Azərbaycana "din qardaşı" deyən həmin qüvvələr məscidlərini darmadağın edən, təhqir edən Ermənistanı dayanmadan Azərbaycana qarşı silahlandırdılar. Bütün bunlar azmış kimi, sərhəd boyunca başlayan irimiqyaslı həbi təlimlər vasitəsilə Azərbaycana qarşı güc göstərərək rəsmi Bakının Ermənistanla delimitasiya, demarkasiya məsələlərinə, Zəngəzur dəhlizi kimi həyati əhəmiyyətli kommunikasiyaların istifadəyə verilməsinə mane olmaq istəkləri İranın düşmənimin dostu olduğunu qənşərə çıxardı.

İranın 44 günlük müharibədə Ermənistana kəşfiyyat məlumatları ötürməsi barədə sensasion faktın üstünün açılması Tehranın Azərbaycanla düşmənçilik niyyətini bir daha aşkara çıxarıb. Məlum olub ki, Vətən müharibəsi zamanı Xudafərin körpüsü yaxınlığında 70-80 nəfərə yaxın iranlı hərbçi radioelektron mübarizə sistemləri vasitəsilə Azərbaycanın pilotsuz döyüş və kəşfiyyat təyyarələrinin, pilotlu aviasiyasının və vertolyotlarının hava trafikini, bölgədə döyüş aparan Azərbaycan əsgərlərinin ratsiya tezliklərini izləyərək, əldə edilən məlumatları Ermənistanın baş qərargahına ötürüblər.

Bununla da İran ölüm-qalım savaşı verən, bir xalqın taleyini müəyyənləşdirəcək müharibənin nəticəsinə təsir edərək Azərbaycana növbəti xəyanətdən çəkinmədiyi üzə çıxdı. Azərbaycan Ordusunun birləşmələrinin ratsiya əlaqəsinə özünün radioelektron mübarizə vasitələri ilə müdaxilə edərək, bölmələr arasında rabitə əlaqəsini əngəlləməyə çalışan Tehran Azərbaycan Ordusunun daha çox itki verərək ağır məğlubiyyətə düçar olması üçün əlindən gələni əsrigəməyib. Lakin bu xəyanət də Azərbaycan Ordusunun, xalqının iradəsini qırmağa kifayət etmədi.

Neçə gündür İranın rəsmilərinin, ekspertlərinin, dinbaşlarının Azərbaycanla "asaram, kəsərəm" leksikonunda danışması əvvəlcədən də məlum idi ki, Tehran üçün yaxşı nəticələnməyəcək. Proseslər bunun təsdiqini göstərir. 

Azərbaycana qarşı "sionist" qarayaxması kompaniyasına başlayan Tehranı ilk həmləsindəcə rəsmi Bakı məyus etdi. Azərbaycan Prezidentinin Araz çayının sahilindən səsləndirdiyi bəyanatların, İrana verdiyi mesajların əbəs yerə olmadığı hadisələrin sonrakı xronologiyasında təsdiqləndi.

Azərbaycanın bir addım da geri çəkilməyəcəyini görən İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahian təcili Rusiyaya gedərək Moskvadan dəstək umdu. Lavrovla görüşdə regionu müzakirə etməyi planlayan Tehran Cənubi Qafqazda itən nüfuzunu qaytarmaq üçün Moskva səfərinə son ümid kimi baxırdı. Lakin Abdullahyan Moskvada jurnalistlərə açıqlamasında "Tehran Moskvadan regionda "sionistlər və terrorçular"ın mövcudluğuna reaksiya gözləyir" açıqlamasını edərkən nəzərə almalı idi ki, Rusiya-İsrail münasibətləri olduqca yaxşıdır. Qalır Türkiyə amili ki, Soçi görüşündə Putin və Ərdoğanın bir-birləri, ölkələri barədə səsləndirdiyi fikirlər Moskva ilə Ankara arasındakı buzların əridiyini göstərdi. Lakin Abdullahyan bunları hesaba almadı. Türkiyə və Pakistanı birbaşa qarşısına almaq istəməyən İranın Rusiyanı özünə bu istiqamətdə müttəfiq tutmaq planı suya düşdü.  

Daha da konkretləşdirsək, İran XİN rəhbərinin Moskvada pərt edildiyini də söyləyə bilərik. Rusiya xarici işlər naziri Sergey Lavrovun "Rusiya Cənubi Qafqazda hərbi fəaliyyətin artırılmasına və eyni zamanda təxribat xarakterli təlimlərə qarşıdır. Bu günlərdə İranın sərhəd yaxınlığında keçirdiyi təlimlərlə bağlı Azərbaycanın da ifadə etdiyi narahatlıqlar mövcuddur" açıqlaması Tehrana vurulan növbəti tərs sillə oldu.

İranın təlimlərinin "təxribat xarakterli" adlandırmasına görə özündən çıxan Abdullahiyan, Lavrova söz qaytararaq, əsəbi şəkildə deyir ki, "Azərbaycan altı təxribatçı təlim keçirib, İran isə cəmi bir". Azərbaycanın daxili işinə burun soxan Tehran sözügedən açıqlama ilə həm bunu boynuna almaqla, Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərin təxribat xarakterli olduğunu etiraf etmiş olmaqla yanaşı, aqresiyasının, qarınağrısının əsl səbəbini də qeyri-ixtiyari göstərmiş oldu. Lakin rəsmi Bakı bu təlimlərə Azərbaycanın şəxsi işi olduğunu və bununla bağlı heç kimə hesabat vermək məcburiyyətində olmadığını, bundan sonra da bunun belə qalacağını dəfələrlə bəyan edib. 

Moskva səfərinə böyük ümidlərlə gələn İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan planının baş tutmadığını görüncə mehriban qonşuluq jestindən, Bakıya mümkün səfərindən danışmağa başlayıb. Abdullahiyan qeyd edib ki, qonşu ölkələrlə əlaqələrin inkişafı İranın yeni hökumətinin əsas prioritetlərindən biridir: "Azərbaycan və Ermənistan bizim yaxşı qonşularımızdır və onlardan biri ilə əməkdaşlıq edib digərinə qarşı işləyə bilmərik. Xarici siyasətimiz balanslıdır. İki gün əvvəl həmkarım, Ermənistanın xarici işlər naziri Tehrana gəlmişdi. Bizim azərbaycanlı həmkarımızın da İrana səfər etmək imkanı olsaydı, yaxşı olardı". Sual ortaya çıxır, bəs bu həngamə kimə lazım idi, nə üçün idi? Hansı balanslı siyasətdən söhbət gedə bilər ki, İran dayanmadan Ermənistanı Azərbaycana qarşı istər müharibə, istərsə də ondan sonra müddətdə silahlandırmaqdan əl çəkmədi.

Tehran Moskvada Azərbaycanı sevməyi öyrəndi?

Təbii ki, yox! Hər şey məhz Lavrovun birgə mətbuat konfransında İranın Azərbaycanla sərhəddə irimiqyaslı təlimləri ilə bağlı dediklərindən sonra baş verdi. Lavrov açıq şəkildə mesaj verdi ki, Qafqazın gələcəyi üçtərəfli razılaşmaların icrası və "altılıq platforması"nın qurulması çərçivəsində müəyyən edilir. Rusiyanın mövqeyindən anlaşıldı ki, İran üçün çıxış yolu "altılıq platformasına" qoşulmaqdır və Moskva İranın Azərbayan sərhədlərində keçirdiyi təlimlərdən narahatdır. İran höküməti anladı ki, Moskva da onlara haray verməyəcək. Nəticədə Tehran Moskvadan əliboş qayıtmağa məcbur oldu.

Son 24 saat ərzində Cənubi Qafqazda baş verən proseslər İranın reallıq qarşısında aciz durumda qaldığını nümayiş etdirdi. Belə ki, hava məkanını Azərbaycanın (Naxçıvana) hərbi təchizat təyyarələrinə bağlayan Tehranın nə qədər böyük səhv etdiyini anlaması üçün bir gün də kifayət etdi. Ermənidən çox erməniləşən cənub qonşumuzun qeyri-konstruktiv davranışı cavabsız qalmadı. Bunun ardınca Pakistan Pəncqur şəhərinə (İranla sərhəddə) çoxsaylı ağır texnika və canlı qüvvə cəlb etdi, Türkiyə İran yük maşınları üçün 4 keçid məntəqəsinin (Diluçu, Kurbulaq, Kapıköy, Esendere) hamısını bağladı ki, bu da İranın artıq Avropaya çıxış qapısının bağlanması, blokada deməkdir. Bu azmış kimi Gürcüstan da İran vətəndaşlarının və nəqliyyat vasitələrinin ölkə ərazisinə quru yolu ilə daxil olmalarına qadağa qoydu və bütün yolları bağladı, Ermənistan hava məkanını Azərbaycanın sərnişin və karqo təyyarələri üçün açdı (İrana İrəvandan tərs sillə). Məhz bu proseslər Abdullahyanın birdən-biriə dilini şirin etməyə səbəb oldu ki, rəsmi Bakı Tehranın səmimiyyətinə bundan sonra çətin ki, inansın.

İranın mühüaribənin nəticəsinə təsir edəcək xəyanət faktından da bir daha məlum olur ki, bu zamana kimi Azərbaycan xalqını o qədər xırda, mənasız problemlər ilə məşğul ediblər ki, böyük olduğumuzu görə, dərk edə bilməmişik. Son proseslər bir daha göstərir ki, 44 günlük müharibə bütün reeallığı dəyişdi, daha heç nə əvvəlki kimi deyil, bu regionda artıq Azərbaycan əsas söz sahibidir və bölgədəki proseslər yalnız rəsmi Bakının nəzarətində, icazəsi ilə cərəyan edə bilər.

ABŞ-dan olan məşhur siyasi şərhçi Mayk Doranın Prezident İlham Əliyevin rəsmi Tehrana adekvat cavabı və reaksiyası barədə dedikləri isə bir daha Azərbaycanın doğru yolda olduğunu təsdiqləyir. "İran Azərbaycanı hədələyir, sərhəddinə qoşun toplayaraq İsraillə hərbi ittifaqını pozmasını tələb edir. Prezident İlham Əliyev isə İsrailin PUA-sı (Harop) ilə şəkil çəkdirərək Tehranın təhdidinə cavab verir. İrana ancaq bu şəkildə düzgün cavab vermək olar", - deyən amerikalı ekspert Azərbaycan Prezidentinin bu davranışından Bayden komandasının da nümunə götürməli olduğunu sözlərinə əlavə edib.

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Rusiya Tehranı əməlinə PEŞMAN ETDİ Bakı İrana fürsət buraxmadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ