Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2021 20:44
Peyvəndləmə sürətləndi, dövlətlər sərhədləri açır, məhdudiyyətlər azalır, daxili karantin şərtləri yumşaldılır. 16 ay evdə oturmağa məcbur olan insanlar ilk imkandaca səyahət etməyə çıxdılar. Bəs, azərbaycanlılar ən çox hara gedir, hansı istiqamətləri seçirlər?
Daxili turizmdə "qızıl mövsüm"
Bağlı sərhədlər Azərbaycandakı istirahət mərkəzlərinin əlinə fürsət verdi. Ancaq ötən "qızıl" mövsümün sonuncu olmaması üçün yalnız fürsətdən istifadə edib gəlir götürmək deyil, həm də daxili turizmin uzunmüddətli inkişafı haqqında düşünmək lazımdır. Və indi bunun üçün ən yaxşı vaxtdır.
Beləliklə, karantin şərtləri yumşaldılan kimi azərbaycanlılar ilk olaraq daxili turlara axın etdilər. Çünki pandemiyadan sonra insanlar böyük kütləvi yerlərdən uzaq durmağı üstün tuturlar. Eyni zamanda, COVİD-19-dan sonra gigiyenik baxımdan daha təmiz, güvənli yerlərdə qalmaq istəyi artdı. Pandemiya şərtlərinin otellərin, aviabiletlərin qiymətlərində "hərarəti" qaldırması da heç kimə sirr deyil. Ona görə də aşağı büdcə ilə xaricə səyahət edənlər də daxili turlara üz tutdular.
Sonxeber.net aviatravel.az-a istinadən bildirir ki, Azərbaycanda fəaliyyət göstərən Silk Row Travel və Baku Life tur şirkətlərindən aldığımız məlumatların təhlili onu göstərir ki, ən çox satılan daxili turlar "passiv" istirahətdən və müalicəvi istirahət üçün müraciətlərdən ibarətdir. Müştərilərin daxili turizm istiqamətləri isə bir qədər genişlənib və belədir: Quba, Lənkəran, Qəbələ, Şəki, Şamaxı, Şabran, Nabran, Qax, İsmayıllı, Astara, Qusar.
Yayda Quba, Şabran, Qəbələ, Şəki, Lənkəran, Nabrana - dənizqırağına, meşəlik ərazilərə, xüsusi milli mətbəxi olan restoranlara üz tutan azərbaycanlılar qışda Qusar, Qəbələ - Tufandağı seçirlər.
Yeni bir istiqamət olaraq bəzi tur operatorlar gələn yayda Qarabağ, xüsusilə Şuşa səfərləri üzrə turlar satmağa hazırlaşırlar.
Xaricə gedən azərbaycanlıların soruşduğu 4 ƏSAS SUAL
Xarici səyahətlər də sürət yığdı, Türkiyəyə Azərbaycan gedən turistlərin sayındakı kəskin sıçrayış da bunu göstərdi. Beləliklə, hazırda ən çox hansı xarici istirahət istiqamətləri və növləri tələb olunandır?
Hər iki şirkətin məlumatlarından aydın olur ki, daha çox satılan turlar hər şey daxil (all incl.) asudə turizm paketləridir. Bunların arasında dənizkənarı istirahət növləri daha populyardır. Sağlamlıqla bağlı xaricə istirahət və biznes turlarına istəklər isə daxili turlarla müqayisədə daha azdır.
Müştəriləri daha çox birbaşa reyslərlə səyahət etmək mümkün olan şəhərlər maraqlandırır. Hazırda Türkiyə, Birləşmiş Ərəb Əmirliyi, Avropa və Rusiya istiqamətdə daha çox maraq müşahidə olunur.
Bəs, azərbaycanlı turistlər xarici səyahət üzrə seçim edərkən hansı amillərə önəm verirlər?
Səyahət etdikləri şəhərlərdə ümumi karantin rejimi olmasın.
Səyahət etdikləri şəhərlərə düşdükdən sonra turisti məcburi karantinə salmasınlar
Uçuş birbaşa olsun və yaxud tranzitlə aviabiletin qiyməti sərfəli olsun.
Vizasız və ya vizanı asan üsulla əldə edən ölkələrə daha çox maraq göstərilir.
İstirahət, tətil insanın dincəlməsi üçün bir fürsətdir. Göründüyü kimi, sadalanan bütün səbəblər kifayət qədər tutarlıdır və əsası var. Çünki turist getdiyi ölkədə yenidən 7-14 gün karantində qalmaq istəməz, bu böyük vaxt itkisi və vəsait tələb edir. Üstəlik karantin qaydaları viza rejimi qaydalrını da sərtləşdirib. Qiymətlərin bahalaşması isə artıq xarici səyahətlərə gedən azbüdcəli sərnişinləri "siyahıdan sıxışdırıb".