Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2021 23:03
İnsanın yuxarı çənəsi hərəkətsizdir. Aşağı çənə isə gicgah-çənə oynağı vasitəsilə hərəkət edir.
Bəzən aşağı çənə oynağının çıxığı inkişaf edə bilər. Belə çıxıqların səbəbləri:
- qida qəbulu, əsnəmə, qışqırma, qusma və s. zamanı ağzın birdən və güclü açılması,
- aşağı çənənin birdən və güclü aşağı salınması (misal üçün, qida qəbulu zamanı),
- dişlərin çəkilməsi,
- pis vərdişlər (dişlərlə butulkaların, bağlamaların açılması vərdişi və s.),
- bağların, oynağın zəifləməsinə səbəb olan bəzi xəstəliklər (revmatizm, podaqra və s.),
- müxtəlif travmalar (yıxılma, zərbə və s.).
Qadınlarda çənə çıxığına kişilərlə müqayisədə daha tez-tez rast gəlinir. Bu qadınların fiziologiyası ilə bağlıdır. Qadınlarda çənə oynağı kisəsi daha kiçikdir və bu səbəbdən oynağın başcığı oynaq kisəsindən daha asan çıxır.
Aşağı çənə çıxığının simptomları:
- çənənin hərəkətliliyinin pozulması (insan ağzını yuma bilmir),
- aşağı çənə qabağa çəkilib və ya bir tərəfə əyilib (birtərəfli çıxıq zamanı),
- nitqin və udmanın pozulması,
- çənədə, gicgahda, qulaqların ətrafında güclü ağrılar,
- güclü ağız sulanması.
Çənə çıxığı zamanı dərhal travmatoloqa və ya stomatoloqa müraciət etmək lazımdır. Təzə çıxığı daha tez və asan yerinə salmaq mümükündür.
Müayinədən sonra həkim rentgenoloji müayinə təyin edə bilər (bu xüsusilə travmalar zamanı vacibdir). Bu çənə sınığını istisna etmək üçün tətbiq olunur.
Daha sonra həkim aşağı çənəni yerinə salır. Tibbi təhsili və təcrübəsi olmayan insan bunu etməməlidir. Bu ağırlaşmalara səbəb ola bilər!
Çənə salındıqdan sonra həkim çənəyə sarıq qoyur və xəstə bu sarığı 1-2 həftə ərzində saxlamalıdır. Bundan əlavə 1-2 həftə ərzində bərk qidaları yemək olmaz (yalnız duru və püre şəklində) və həmçinin ağzını geniş açmaq, qışqırmaq və s. olmaz.
Köhnə çıxıqlar daha çətin yerinə salınır. Bunun üçün yerli və ya ümumi narkoz tətbiq oluna bilər. Belə çıxıq salındıqdan sonra xəstə daha uzun müddət ərzində sarıqda qalır və bundan əlavə xüsusi ortopedik vasitələr (şinlər və s.) istifadə olunur.
Daha ağır hallarda cərrahi əməliyyat tətbiq olunur.
Tez-tez təkrarlanan çıxıqlar zamanı da (bir çox hallarda xəstə onları müstəqil surətdə yerinə salır) cərrahi müalicə tətbiq oluna bilər.