Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tarixi qərarlar davam edir - Azərbaycan regionun siyasi xəritəsini cızır

Tarixi qərarlar davam edir - Azərbaycan regionun siyasi xəritəsini cızır

Tarix: 29 Oktyabr 2021 13:18

"Sadəcə regionun deyil, bütövlükdə beynəlxalq münasibətlər sisteminin də əsaslı şəkildə yenidən qurulmasına səbəb olan SSRİ-nin dağılması ilə Azərbaycan müstəqillik əldə etsə də buna paralel olaraq torpaq itkisi, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi, iflic olmuş iqtisadiyyatla üz-üzə qaldı. Belə ki, müstəqilliyin ilk illərində ölkədə cərəyan edən siyasi və ictimai sabitsizlik mühiti məhz iqtisadi tənəzzüllə əlaqələndirilirdi. Bu baxımdan da əvvəla bu məsələ həll olunmalı idi, lakin bunu kimin həll edəcəyi qarşıda duran ən başlıca sual və maneə idi".

Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Azərbaycan xalqı öz taleyini vaxtında məhz Prezident İlham Əliyevə etibar etməklə böyük müdriklik və uzaqgörənlilik nümayiş etdirib:

"Siyasi nəzəriyyə elmi siyasi kimliyin, yəni şəxsiyyətin formalaşmasını keçid mərhələsində olan dövlətlərin qarşısında duran əsas problemlərdən biri kimi xarakterizə etdiyi üçün Azərbaycan xalqı da digər problemlərin açarını tapmaq üçün ilk növbədə bu düyünü həll etməli idi. Bu baxımdan da xalqın təkidli tələbilə Heydər Əliyevin idarəçiliyə gətirilməsi ilə ölkəmiz kökündən dəyişdi. "İqtisadiyatı güclü olan dövlət hər şeyə qadirdir" şüarı ilə yola çıxan Ümummilli lider Heydər Əliyev tərəfindən 1993-cü ildən 2003-cü ilə qədər olan zaman çərçivəsində ölkənin iqtisadiyyatı dirçəldildi, ordu quruculuğunda əsaslı işlər görüldü və ən əsası Azərbaycanı vahid millət və dövlət konsepsiyası ətrafında birləşdirməyə nail oldu. Azərbaycanın adı beynəlxalq münasibətlər sisteminin güclü aktyorları ilə bərabər çəkilməyə, imzamız imzalar arasında yer almağa başladı. Şübhəsiz ki, bu fundamental, müsbət dəyişikliklərin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi labüd idi, çünki biz hələ də çiyinlərimizdə torpaqlarımızın düşmən tapdağından azad edilməsi kimi tarixi bir missiyanın daşıyıcısı idik.

İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk gündən bildirdi ki, daxili və xarici siyasətinin əsas konturlarını məhz torpaqlarımızın azad edilməsi istiqamətində quracaq. Azərbaycan kimi cəmiyyətinin etnik tərkibi, mərkəzi və regional ərazilərinin inkişafı, iqtisadi və sosial potensialı baxımından kifayət qədər heterojen olan bir dövlət üçün bu, o qədər asan olmasa da, məhz Azərbaycan xalqının qarşısında həyata keçirdiyi tarixi missiyaya görə elə xalqımız tərəfindən də Ümummilli lider adına layiq görülən Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyev bu işin öhdəsindən gəldi.

Prezident İlham Əliyev sadəcə 44 gün deyil, 2003-cü il 15 oktyabr tarixindən 2020-ci ilin 10 noyabr tarixinə, yəni düşməni ağ bayraq qaldırıb, kapitulyasiya aktına imza atmağa məcbur edənə qədər döyüşdü və əslində bütün siyasi təzyiqlərə mərd və mərdanə şəkildə sinə gərərək hələ də döyüşür. Bu illər ərzində  yürütdüyü uzaqgörən siyasətlə, səbəb-nəticə əlaqəsinə söykənən çoxşaxəli diplomatik fəaliyyətlə Qarabağ Zəfərinə nail oldu. Müharibənin bitməsinə, post-konflikt dövründə olmağımıza baxmayaraq Ali Baş Komandan İlham Əliyev hələ də tarixi qərarlar almaqla, Qarabağ və Şərqi Zəngəzurun yeni mənzərəsinin müəllifi olmaqla sadəcə Azərbaycanın deyil, regionun siyasi, iqtisadi və inzibati xəritəsini cızır. Məhz bu amilin özünə görə, İlham Əliyevlə məhz Azərbaycan xalqının nümayəndəsi və parlaq təmsilçisi olaraq regional və beynəlxalq aktyorlarla döyüşdə qalib gəlib, xalqımızın və dövlətimizin adını tarixə yazdırdığı üçün fəxr etməyə dəyər. Demokratik cəmiyyət quruculuğu prinsipinin daha da dərinləşdirilməsini siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirən Prezident İlham Əliyev ölkəmizdə hakimiyyətlə siyasi partiyalar arasında dialoq mühiti formalaşdırdı. Məhz zamanında Ümummili lider Heydər Əliyevin Azərbaycanı vahid millət və dövlət konsepsiyası ətrafında birləşdirməyə nail olması, bu illər ərzində cənab Prezident İlham Əliyevin multietnik və multikultural dəyərlərə sahib olan cəmiyyət qurması faktı bütün etnik azlıqların Vətən müharibəsi dövründə Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşməsini təmin etdi.

Yeni Azərbaycan tarixinin yeni əsaslarla formlaşdığı zamanda mürəkkəb siyasi perioddan keçmək reallığının nə olduğunu artıq aydın dərk edən Azərbaycan xalqı öz taleyini vaxtında məhz Prezident İlham Əliyevə etibar etməklə böyük müdriklik və uzaqgörənlilik nümayiş etdirib. Vətən qarşısındakı tarixi xidmətlərinə görə Azərbaycan xalqının ümidlərini doğruldan bir liderə, Ali Baş Komandana güvənimiz, sevgimiz, məhəbbətimiz daha da artmış, məhz bu amil ölkədə sosial kateqoriyasından, dinindən, dilindən asılı olmayaraq hər kəs tərəfindən səmimi şəkildə bildirilir, dilə gətirilir. Prezident İlham Əliyevin əldə etdiyi uğurlar məhz Azərbaycan xalqının ümidlərini doğruldub, maraqlarını təmin etdiyi üçün xalqımız onun siyasi rəqiblərini artıq birmənalı şəkildə cəmiyyətə yaxın belə buraxmır. İşğaldan azad olunmuş rayonların ictimaiyyət nümayəndələri ilə görüşdə dövlət başçımızın ünvanına səsləndirilən bütün fikirlər Azərbaycanda və dünyanın fərqli yerlərində yaşayan bütün Azərbaycan xalqının səmimi hissləri, düşüncələridir. Vətən müharibəsində göstərdiyi liderlik keyfiyyətləri, sərkərdəlik fəaliyyəti, diplomatik məharəti, dəqiq hesablanmış strateji və taktiki qərarları post-konflikt dövründə də davam edir. Zəfər əldə edən xalqın tarixi günlərini ard-arda yaşadığı bir zaman çərçivəsində Prezident İlham Əliyevin aldığı hər bir qərarı, atdığı hər bir addımları Azərbaycanın milli maraqlarının həyata keçirilməsini, ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılmasını, güclü dövlət və müasir cəmiyyət konsepsiyasının ardıcıl şəkildə reallaşdırılmasını, əhalinin rifah halının daha da yüksəldilməsini təmin etmək məqsədi daşıyır. Xalq öz liderinə güvənir və birmənalı olaraq onu dəstəkləyir".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Tarixi qərarlar davam edir Azərbaycan regionun siyasi xəritəsini cızır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ