Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda seçkilərin ikinci turu: qalib kimdir?

Gürcüstanda seçkilərin ikinci turu: qalib kimdir?

Tarix: 30 Oktyabr 2021 23:18

Bu gün Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci mərhələsi keçirilib. Bu ölkədə Tbilisi də daxil olmaqla 20 şəhər və rayona mer, həmçinin 24 majoritar dairədə yerli məşvərətçi orqana (sakrebulo) deputatlar seçilib. Gürcüstan KİV-lərinin yaydığı xəbərlərə görə, səhər 08:00-da başlayan səsvermə prosesi saat 20:00-da seçki məntəqələrinin səslərin sayılması üçün bağlanması ilə başa çatıb.

Seçki prosesi əksər məntəqələrdə sakit şəraitdə keçsə də, bəzi bələdiyyələrdə hakim "Gürcü Arzusu" və müxalif "Vahid Milli Hərəkat"partiyalarının tərəfdarları arasında qarşıdurmalar baş verib.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının (CESKO) məlumatına görə, saat 17:00-dək qeydə alınan seçici fəallığı 39,5% (825 129 seçici) təşkil edib.

Mer seçkiləri ilə bağlı iki "exit-poll" keçirilib. Hakimiyyətə yaxtın "İmedi" telekanalının sifarişi əsasında "GORBI" araşdırmalar mərkəzinin həyata keçirdiyi "exit-poll"un nəticələrinə əsasən hakim "Gürcü Arzusu"nun Tbilisi üzrə mer namizədi Kaxa Kaladze 57,2%, müxalif "Vahid Milli Hərəkat"ın namizədi Nika Melia isə 42,8% səs toplayıb. Digər böyük şəhərlərə gəlincə isə "exit-poll" nəticələrinə görə "Gürcü Arzusu" Batumidə 50,8%, Kutaisidə 51,9%, Rustavidə 53,8% səs çoxluğu ilə qalib gəlib.

Nəticələrə görə, "Gürcü Arzusu"nun Rustavi, Kutaisi və Batumi meri vəzifələrinə namizədləri də 50 faizdən çox səs toplayıblar.

Müxalif "Mtavari arxi" telekanalının sifarişi əsasında keçirilmiş "exit-poll"a əsasən isə, K.Kaladze cəmi 49 faiz, N.Meliya isə 51 faiz səs qazanıb.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili "Gürcü Arzusu" partiyasının yerli seçkiləri udduğunu iddia edib: "İlkin məlumatlara əsasən, biz bütün bələdiyyələrdə qalib gəlmişik", deyən Qaribaşvili seçicilərə səsvermədə iştirak etdiklərinə görə təşəkkürünü bildirib və "Gürcü Arzusu" partiyasının namizədi Kaxa Kaladzeni Tbilisi meri seçilməsi münasibətilə təbrik edib:

"İkinci turda qələbə münasibətilə sizi təbrik edirəm. Seçkilər çox yaxşı və sakit mühitdə keçib", - İ.Qaribaşvili deyib.

Hazırda "Gürcü Arzusu"nun liderləri və tərəfdarları partiyanın Tbilisidəki baş ofisinin qarşısında seçkilərdə qələbəni qeyd edirlər.

Müxalifət də, öz növbəsində, özlərini seçkilərdə qalib olduğunu iddia edir.

Qeyd edək ki, ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib ki, seçkilərin ikinci mərhələsində seçici fəallığı 49,09 faiz təşkil edib. Gürcüstan üzrə 1 milyon 25 min 406 seçici səsvermə hüququndan istifadə edib. Tbilisidə isə seçicilərin fəallığı 47,7 faiz olub.

Qeyd edək ki, seçkilərin ilk turu oktyabrın 2-də baş tutub və seçici fəallığı 51,92 faizə bərabər olub.


Etiketlər:  Gürcüstanda seçkilərin ikinci turu qalib kimdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ