Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pəhriz immunitetin aşağı düşməsinə və koronavirusa yoluxmağa səbəb olmur

Pəhriz immunitetin aşağı düşməsinə və koronavirusa yoluxmağa səbəb olmur

Tarix: 31 Oktyabr 2021 23:42

Balanslaşdırılmış pəhriz menyusu boy, çəki və yaşa uyğun olaraq tərtib edilməlidir. Pəhriz düzgün saxlanılarsa, orqanizmin maddələr mübadiləsi də normal olar. Pəhriz müddətində əzələ kütləsinin deyil, yağ toxumalarının parçalanmasına çalışmaq lazımdır. Yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə pəhriz saxlamaq mümkündür, çünki pəhriz immunitetin aşağı düşməsinə və virusa tez yoluxmağa səbəb olmur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri həkim-diyetoloq Məlahət Kərimova deyib.

Həkimin sözlərinə görə, pəhriz saxlayarkən tamamilə ac qalmaq olmaz: "Sutkada porsiya az olmaqla, üç dəfədən çox qidalanmaq lazımdır. Yəni, üç dəfə əsas qida qəbulundan əlavə üç dəfə də qəlyanaltı qəbul etmək məsləhətdir. Qəlyanaltı zamanı qoz, fındıq, qara gavalı, kişmiş qəbul edilməlidir. Bağırsaqları hərəkətləndirəcək və immun sistemini gücləndirəcək meyvə-tərəvəzlərə üstünlük verilməlidir. Həmçinin kifayət qədər maye qəbul etmək lazımdır. Suyun tərkibinə limon, darçın və zəncəfil əlavə edərək mayeni immun sistemi üçün daha yararlı etmək mümkündür".

M.Kərimova deyir ki, mədə-bağırsaq sistemi normal çalışdıqda immun sistemi güclü olur: "Bunun üçün axşam yatmazdan əvvəl qatıq və ya kətan toxumu qəbul etmək lazımdır. Onu da qeyd edim ki, immun sistemini şirniyyatla gücləndirmək fikri doğru deyil. Pəhriz zamanı idmanla məşğul olmaq da arıqlamağa müsbət təsir edə bilər. Həmçinin pəhriz dövründə gündəlik 7-8 saat yatmaq çox önəmlidir. Bir sözlə, pəhriz virus infeksiyalarına tez yoluxmağa şərait yaratmır. Pəhrizin əsas məqsədi orqanizmdəki maddələr mübadiləsini tənzimləməkdir".

Milli.Az


Etiketlər:  Pəhriz immunitetin aşağı düşməsinə koronavirusa yoluxmağa səbəb olmur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ