Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2021 15:06
Vətən üçün doğuldu, vətən üçün də canından keçdi. Hər zaman vətənin bütövlüyünü düşünən Əvəz Paşayev elə onun yolunda başlayan haqq savaşına qatıldı və ön cəbhədə oldu. Son damla qanına qədər vətənin azadlığı üçün döyüşdü və canından keçərək şəhadətə yüksəldi...
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, "Qarabağı azad etmədən geri dönmək yoxdur"... Vətən müharibəsinə bu istəklə yollanmışdı. Bir bacının yeganə qardaşı idi Əvəz Paşayev.
O, 1995-ci ilin 17 fevralında Yevlaxın Marzılı kəndində doğulub. 44 günlük Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşlərə yollanıb. Tərtər-Ağdərə istiqamətində gedən ağır döyüşlərdə iştirak edib.
Atası Telman Paşayev deyir ki, oğlunu şəhid verməklə arxa-dayağını itirsə də, yeganə təsəllisi oğlunun mərd bir həyat yaşaması və özündən sonra böyük bir ad qoymasıdır...
Bacısı Aynurə Paşayeva da şəhid qardaşının Vətən borcundan ləyaqət və qəhrəmanlıqla çıxdığını deyir.
Qaynı Eldəniz Rəhimov da Əvəz kimi Vətən müharibəsinin iştirakçısı olub. Eyni döyüşlərdə iştirak edib, eyni səngəri bölüşüblər. Eldəniz Rəhimov şəhid yeznəsi haqda xatirələrini bölüşərkən onun son sözlərinin yalnız qalib gəlib geri qayıtmaq olduğunu bildirir.
Sentyabrın 29-da şəhidlik zirvəsinə ucalan Əvəz Paşayevin anası Gülnaz Paşayeva övladının itkisi ilə barışa bilməyib, onun şəhadətə qovuşmasından bir müddət sonra dünyasını dəyişib. İndi şəhidin evində anasının adını verdiyi 1 yaş 6 aylıq Gülnaz balası böyüyür. Kiçik qızcığaz atasının əşyalarını qoxulayır, şəkillərini öpür.
Qeyd edək ki, Əvəz Paşayev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad edilməsinə görə" medalları ilə təltif edilib.