Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Varlıq aləminin yaradılmasının əsl səbəbkarları

Varlıq aləminin yaradılmasının əsl səbəbkarları

Tarix: 6 Noyabr 2021 20:56

Hədislərin bir çoxunda oxuyuruq ki, varlıq aləminin yaradılışının səbəbkarı Əhli-beytdir (ə). Allah Təala Peyğəmbərə (s) buyurur: "Əgər sən olmasaydın, fələki xəlq etməzdim". Rəsuli-Əkrəm (s) xanım Fatimeyi-Zəhraya (s.ə) xitab edərək buyurur: "Əgər sən olmasaydın, Allah yeri və göyü yaratmazdı".

Başqa hədislərimizdə deyilir ki,  Həzrət Adəm (ə) Yerə endikdən sonra çox ağlayır və nalə çəkir. Allah ona bəzi sözlər öyrədir və bəzi insanların adını çəkir və buyurur ki, bu insanlar xilqətin əsl səbəbkarıdırlar. "(Yer üzündə bir müddət qaldıqdan) sonra, Adəm öz Rəbbi tərəfindən bəzi kəlmələr aldı (ona tövbə təlqin olundu və ya öyrədilən adlarla ona tövbə ilham olundu və o, tövbə etdi). Allah da ona nəzər edərək tövbəsini qəbul etdi. O, çox tövbə qəbul edən və mehribandır". ("Bəqərə" 37).  Bu ayə haqqında çox sayda hədis vardır.

Bu ayəyə və hədislərə nəzər salanda aydın görmək olur ki, Həzrət Fatiməyi-Siddiqə (s.ə) xilqətin səbəbkarı olmuşdur. Necə ki, Həzrət Peyğəmbər (s), İmam Əli (ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) xilqətin yaranma səbəbkarıdırlar, Həzrət Fatimə də (s.ə) onlardan biridir. Bu məntiqli deyildir ki, kimsə xilqətin səbəbkarı olsun, ancaq vilayətə sahib olmasın.

Bu haqda iki hədis vardır. Biri Həzrət Əlidən (ə) və o birisi də İbni Abbasdan. İmam Əli (ə) buyurur: "Həzrət Rəsullahdan (s) "Bəqərə" surəsinin 37-ci ayəsinə görə sual verdim. Həzrət buyurdu: "O zaman ki, Allah Adəmi (ə) Hindistanda və Həvvanı (ə) da Cəddədə yerə endirir, Həzrət Adəm (ə) bir müddət qəm göz yaşı tökür. O zamana qədər ki, Allah Cəbrayili (ə) nazil edir və O, buyurur: "Ya Adəm! Mən səni Qüdrət əlimlə xəql etməmişəmmi? Öz ruhumdan sənə üfürməmişəmmi? Mələklərə sənə səcdə etməyi əmr etməmişəmmi? Həvvanı səninlə evləndirməmişəmmi?". Həzrət Adəm (ə) cavab verir: "Bəli". Xitab gəlir: "Bəs sənin davamlı ağlamağın nə üçündür?" Ərz edir: "Allahım! Niyə ağlamayım ki, Sənin rəhmətindən uzaqlaşdırılmışam?". Allah Təala  buyurur: "İndi bu sözləri öyrən ki, Allah onun vasitəsilə sənin tövbəni qəbul edər. Günahlarını bağışlayar. Ya Adəm! De: "Allahım! Sən pak və münəzzəhsən. Səndən başqa Allah yoxdur. Mən pis iş gördüm və sənə zülm etdim. Muhəmməd və Ali-Muhəmməd xatirinə məni bağışla. Həqiqətən Sən bağışlayan və mehribansan".

Həzrət Peyğəmbər (s) bu hədisin sonunda buyurur: "Bu, Allahın Həzrət Adəmə (ə) öyrətdiyi sözlər idi. Allah Təala Həzrət Adəmə (ə) bu sözlərlə təskinlik verir: "Əgər Mənim rəhmətimdən uzaqlaşmısansa, indi bu dəyərli sözləri öyrənmək - İlahi rəhmətin əvəzidir. Məhrum olduğun nemətlərin bərpa edilməsidir""".

İkinci hədis İbni Abbasın Peyğəmbərdən (s) nəql etdiyi hədisdir: "Həzrət (s) buyurur: "Allah Təala Həzrət Adəmi (ə) xəlq edəndən sonra o, asqırır və İlahi ilham ilə "Əlhəmdulilləhi Rabbil-aləmin" deyir. Allah da onun cavabında buyurur: "Allah rəhməti sənə olsun". O zaman ki, mələklər Həzrət Adəmə (ə) səcdə edirlər, təkəbbür qəlbinə yol tapır və o, özü ilə öyünərək, deyir: "Pərvərdigara! Məndən də sevimli bir bəndə xəlq etmisənmi?" Bu sualı üç dəfə təkrar edir və hər üç sualı da cavabsız qalır. Həzrət Adəm (ə) üçüncü dəfə sual verəndə başa düşür ki, sualı cavabsız qalır. Bu zaman Allah tərəfindən xitab gəlir: "Bəli, ey Adəm! Səndən də sevimli məxluqum vardır. Əgər olar olmasaydı, səni xəlq etməzdim". Deyir: "Allahım, onları mənə göstər". Bu zaman Allah Təala tərəfindən mələklərə vəhy edilir: "Pərdələri kənara çəkin". Pərdələr aradan götürülən zaman qeyb pərdəsinin arxasında ərşdə dayanmış beş nəfərin silueti görünür. Həzrət Adəm (ə) deyir: "Pərvərdigara! Bunlar kimdirlər?" Xitab gəlir: "Bu - Mənim Peyğəmbərim, bu - onun əmisi oğlu Əmirəl-möminin Əli, bu - qızı Fatimə və bu - Həsən və Hüseyn - Əlinin oğlanları, Mənim Peyğəmbərimin övladlarıdır". Onların adını deyəndən sonra Allah buyurur: "Ya Adəm! Bunlar birinci məqama malikdirlər. Dərəcələri də çox yüksəkdir". O zaman ki, Həzrət Adəm (ə) Allahın sözündən çıxır, buyurur: "Pərvərdigara! Muhəmməd, Əli, Fatimə, Həsən və Hüseynə xatir səhvimi bağışla". Duası qəbul olur və Allah Təala onu əfv edir. Beləliklə, Həzrət Adəmin  (ə) Allahdan öyrəndiyi bu sözlərə görə tövbəsi qəbul olur. Sonra Peyğəmbər (s) buyurur: Adəm yerə enən zaman özü üçün üzərində "Muhəmməd Rəsullah" sözləri olan bir üzük düzəldir və Əbu Muhəmməd onun künyəsi olur".


Etiketlər:  Varlıq aləminin yaradılmasının əsl səbəbkarları


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR