Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2021 08:42
Menyer xəstəliyi daxili qulağın xəstəliyidir.
Daxili qulaqda bədənimizin müvazinətini nizama salan mürəkkəb sistem - vestibulyar aparatı yerləşir. Bu vestibulyar aparatında xüsusi maye - labirint mayesi olur. Bəzən müxtəlif səbəblərə görə bu mayenin miqdarı artır ki, nəticədə bu daxili qulaqda təzyiqin artmasına səbəb olur. Bu isə qulaqlarda küy, güclü başgicəllənməsi, ürəkbulanması, qusma kimi pozulmalara gətirib çıxardır. Həmçinin Menyer xəstəliyi nəticəsində insan tədricən eşitmə qabiliyyətini itirir.
Saglamolun.az xəbər verir ki, adətən xəstəlik 1 qulaqda, bəzən isə hər iki qulaqda inkişaf edir. Xəstəlik əsasən 20-50 yaşlar arasında inkişaf edir, lakin bəzən bu xəstəliyə uşaqlarda da təsadüf edilir.
Xəstəliyin inkişafının əsas səbəbi indiyədək məlum deyil. Tibdə bu xəstəliyin inkişafı haqqında müxtəlif nəzəriyyələr mövcuddur:
- duz-su balansının pozulmaları
- allergiya xəstəlikləri
- endokrin xəstəliklər
- damar xəstəlikləri
- virus xəstəlikləri
- immun pozulmaları və s.
Menyer xəstəliyinin simptomları:
- eşitmənin tədricən pisləşməsi (illər keçdikcə insanda karlıq inkişaf edə bilər)
- başgicəllənməsi (20 dəqiqədən bir neçə saata və hətta bir neçə günə kimi davam edə bilər). Bu xəstəliyin ən ağır simptomudur. Xəstəliyin ağır formalarında insan hətta bir neçə gün ərzində yataqdan qalxa bilmir, ayaq üstə dayana bilmir.
- qulaqlarda küy
- ağır tutmalar zamanı: ürəkbulanması və qusma, dərinin solğun olması, tərləmənin artması, bədən hərarətinin aşağı düşməsi, tezləşmiş sidik ifrazı, müvazinətin saxlaya bilməməsi. Simptomlar hərəkət zamanı artır.
Menyer xəstəliyindən əziyyət çəkən insanların emosional sferası qeyri-sabit olur, onların əhval-ruhiyyəsi tez-tez dəyişilir.
Xəstəliyin diaqnostikası LOR həkimi tərəfindən həyata keçirilir.
Müalicə əsasən dərmanların köməyi ilə aparılır. Bəzən xəstəliyin ağır formalarında cərrahi müalicə tətbiq edilə bilər.