Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2021 21:52
Qloballaşan dünyada "Sülhdə xeyir var." ayəsini necə başa düşməliyik?
Sülh kəlməsi dilimizə Ərəbcədən keçib, mənası "barış, anlaşmaq, razılaşmaq" deməkdir. Eyni dil ailəsindən İbrani dilində də "müvəffəq olmaq, uyğun olmaq" mənalarında işlənilir. "Məsləhət" sözü də eyni kökdəndir və f" gözəl olan" deməkdir. Sülh əsasən aralarında ayrılıq, anlaşmazlıq olan iki tərəf arasında barışmaqdır. Bunun üçün tərəflər müəyyən fədakarlıqlar edir, haqqı olanı tərk edir və öz aralarında ortaq nöqtələrdə razılığa gəlirlər.
Kütləvi informasiya vasitələrinin inkişafı ilə dünya böyük bir şəhərə çevrilmişdir. Artıq kütlələr ortaq ümumbəşəri dəyərlərdə anlaşmaq məcburiyyətindədir. Bir tərəfdə baş verən hər hansı bir - iqtisadi, ekoloji, sosial, hərbi, epidemik və s. - hadisədən hamı az və ya çox təsirlənir.
Rəngindən, irqindən, milli mənsubiyyətindən, sosial statusundan, din və ideologiyasından asılı olmayaraq insanlar bir arada yaşamağa məcburdurlar. Əfsuslar olsun ki, ortaq nöqtədə anlaşaraq birlikdə yaşamaq o qədər də asan olmur. Zamanla fərdlər, qruplar, ideologiyalar, dinlər, dövlətlər arasında qarşıdurmalar yaranır.
Günümüzdə ortaya çıxan qarşıdurmaların əsas səbəblərindən biri, insanların öz eqoist və xudbin düşüncələrinə ilişib qalmasıdır. Hər kəs öz anlayışına görə bir "dünya" qurmaq xülyasındadır. Hərə öz sisteminin, "dünya" modelinin arxasınca düşüb onun "doğru" olduğuna inanır. Elə buna görə də yaşadığımız dünyada ortaq nöqtədə birləşmək çətinləşir. Hər insan, ideologiya, hərəkat, dövlət özünə görə müəyyən fikir və sistemlər formalaşdırır və bunları "mütləq doğru" kimi qəbul edir. İstəyir ki, hamı onun düşüncəsinə tabe olsun. Görəsən hansına tabe olmaq lazımdır?! Əfsuslar olsun ki, bu gün dünyada yaşanılan gərginliklərin və qarşıqlıqların arxasında bu reallıq dayanır.
Xoşgörü və dözümlülük
Bir çox insan özünü müəyyən ideologiya və qrupa aid edir. Təbii ki, hər ideologiya və qrupun da özünəməxsus fəlsəfəsi var. Bunların hamısı öz fəlsəfələrinə görə cəmiyyətə yön vermək istəyirlər. Sadəcə öz fikirlərinin doğru olduğuna inandıqlarına görə, onlar kimi düşünməyənlərin fikirlərini qəbul etmirlər. Hərə öz anlayışına görə plan qurmaq və bunu həyata keçirmək istəyir. Bu da insanlar arasında çox ciddi ixtilafların ortaya çıxmasına, qarışıqlıq və parçalanmalara səbəb olur.
Bütün bu problemləri həll edəcək sehrli iksir xoşgörü və dözümlülükdür. Qarışıqlığı və parçalanmaları ancaq bunlarla - bir araya gələrək, danışaraq həll edə bilərik. Bunun üçün əvvəlcə "yalnız mənim bildiklərim doğrudur" xəstəliyindən qurtulmaq, başqalarının fikirlərinə qarşı inadkarlıq etməməyi öyrənmək lazmdır. Buna nail olmağın ilk şərti isə insanın öz "mən" düşüncəsindən qurtulub, "biz" olması oradan da "Ona" (yəni Allaha) yönəlməsidir.
Eqoist, hər şeydə özünü düşünən, həmişə haqlı olduğunu iddia edən, hər hansı ideologiyaya kor-koranə bağlananların birləşməsi, başqa fikirlərə hörmətlə yanaşması çox çətindir. Bu cür insanlar öz mənfəətlərini hər şeydən üstün tutduqları üçün birləşə bilməzlər. Çünki onların müəyyən hədəfi yoxdur. Öz "doğruları" xaricində hər şeyə qapalı olduqları üçün bir araya gəlmək, əl-ələ verərək işləmək ağıllarına belə gəlməz.
Qloballaşan dünyada bəşəriyyətin hüzur içində yaşaması üçün tolerantlıq və dözümlülükdən başqa alternativ yol yoxdur. Xoşgörü və dözümlülüyün formalaşması üçün əvvəlcə başqalarının fikirlərinə qarşı anlayışlı olmağı, hər insanın fikrinin onun üçün əhəmiyyətli olduğunu öyrənmək lazımdır. Fərqli fikir və düşüncələrin hamısı doğru olmasa belə, onlarda da qismən doğruluq payı ola biləcəyini unutmamaq lazımdır.
Dövrümüzdə hər insanın özünə görə doğruları var. Birinə görə doğru olan, başqa birinə əyri görünə bilər. Bəzən insan, inadkarlıq ucbatından başqasının doğru fikrinə, təklifinə qarşı gələ bilər. Özünü "haqlı" gördüyü üçün irəli sürülən təklifi müzakirə etmək belə istəməz. Bəzən əsassız fikrlərini dəstəkləmək üçün sübutlar axtarar, bəzən də söylədiklərinə özü belə inanmaz...
İnsanlar arasında birlik və bərabərlik düşüncəsinin yayılması, cəmiyyətin xoşbəxt olması üçün hər cür inadkarlığı bir tərəfə buraxmaq, xoşgörü və dözümlülük prinsipini öyrənmək və tətbiq etmək lazımdır.
Sülh ailədə başlayır
Quranı-Kərim وَالصُّلْحُ خَيْرٌ "Sülh, xeyirlidir."[1] ayəsi ilə möminləri anlayışa, insanlarla dil tapmağa səsləyir. Üstəlik başqalarının söz və davranışlarında həqiqət payı ola biləcəyini bəyan edir.
Əslində bu ayə cəmiyyətin nüvəsi sayılan ailədə baş verən mübahisələr üçün həll yolu göstərir. Təəssüflə qeyd edək ki, bu gün boşanmalar adi hal alıb və tərəflər problemlərin "həll"ini boşanmaqda görürlər. Halbuki, ailədə baş verən mübahisələrin boşanma ilə "həll"indən əvvəl, ortaq məxrəcə gəlmək, barışmaq, sülh "sazişi" imzalamaq və münasibətə davam etmək bəlkə də mümkündür.
Əgər Quran cəmiyyətin çəyirdəyi sayılan ailədə baş verənlərin sülh yolu ilə həllini tövsiyə edirsə; deməli, qəsəbə, şəhər, dövlət və ya qlobal səviyyədə yaranan problemləri də sülh yolu ilə həll etmək olar. Əgər üç-beş nəfərdən mütəşəkkil kiçik sistem üçün sülh xeyirlidirsə, milyonları maraqlandıran qlobal məsələlərdə də sülh yolunu seçmək, əl-ələ verib birlikdə hərəkət etmək çox əhəmiyyətli və xeyirlidir.
Bu nöqteyi-nəzərdən möminlər istənilən vəziyyətdə sülhü, əmin-amanlığı təmin etmək üçün çalışmalı və əllərindən gələni etməldirilər. Onlar insanların fərqli dinlərə, mədəniyyətlərə, irqlərə, millətlərə, dünya görüşlərinə, həyata baxış tərzlərinə sahib olması bir maneə olaraq görməməlidirlər. Fərqli dinlərə mənsub olan və ya heç bir dinə inanmayan insanlar arasında belə bərabər yaşamağın mümkün olacağını göstərilməlidirlər. Fərqli məzhəblərə, dinlərə, irqlərə, qruplara mənsub insanlar arasında baş verə biləcək gərginlik və münaqişələrə mane olmağın, cəmiyyətdə asayiş və əmin-amanlığı təmin etməyin ən yaxşı yolu budur.
Bunun üçün ümumi olaraq sülhün təmini istiqamətində layihələr hazırlanmalı, icra oluna biləcək strategiyalar ortaya atılmalıdır. Bunu etmək o qədər də asan deyil. Çünki çox ciddi cəhd, səy göstərmək lazımdır. Bəzən sülhün bərpası üçün boğazda düyünlənən qəhəri bal deyərək udmağa məcbur ola, keçmiş düşmənçilikləri unutmaq və bağışmalaq məcburiyyətində qala bilərik. Bunun üçün hər cür fədakarlığa hazır olmalıyıq.
Yetkin insanlar maneələri aşır
Hazırki dövrdə insanların ən böyük problemlərindən biri eqoist düşüncələrdə ilişib qalmaq, inadkarlıqla öz fikirlərinin "mütləq doğru" olduğunu iddia etməkdir. Bu girdabdan ancaq ruhu, qəlbi, hisləri, duyğuları, düşüncələri canlı olanlar qurtula bilər. Məhz bu qəbil insanlar cəmiyyətdə birlik düşüncəsi və mədəniyyətini formalaşdıra bilərlər. Qəlb və ruhları diri olmayanlar cəmiyyəti oyada bilməzlər. Çünki mənəvi cəhətdən doymuş insanlara çox böyük problemlər belə kiçik görünər. Onlar önlərində duran yarğan kimi böyük sədləri bir həmlədə keçərlər. Bunun üçün nəfsanilikdən, mənəm-mənəmlikdən sıyrılmaq lazımdır. Nəfsanilikdən sıyrılmamış, cismani arzularının əsri olan, qısaca qəlb və ruh həyatının dərəcələrinə yelkən açmamış bir insan insanlığın hüzur və səadəti üçün çox şey edə bilməz.
Günümüzdəki qarşıdurma və münaqişələrin əsas səbəbi də budur. Bişməmiş xam ruhlar, bərkdən-boşdan çıxmamış, yəqinliyə çatmamış şəxslər xırda məsələlərdə ilişib qalır, tez küsür və hər şeydən narahat olurlar. Xam olduqlarına görə, arzu etdikləri mənzərəni, umduqları rəftarı görməyəndə daha tez inciyir və məyus olurlar. Onlara nəyisə xatırlatmaq belə çox çətindir. Ən kiçik xəbərdarlığa qarşı çox sərt reaksiya verərlər. Onlar min bir gözəllik içərisində özlərini narahat edən kiçik nöqsanları, xırdalıqları tapıb çıxarar və bunları şişirdərək bütün gözəlliyi görməzdən gələ bilərlər. Qulaq asdıqları bir söhbətin əsas mövzusundan başqa bir-iki cümlədə ilişib qalarlar. Deməli, inanmış kimi görünsə də insan öz eqoistliyini aşa bilmədikdə gördüyünü, eşitdiyini "öz arşını ilə ölçməyə" başlayar və hər şeyi öz pəncərəsindən qiymətləndirər.
Halbuki iman və Qurana könül verən, gündə beş dəfə Allahın hüzurunda əyilən möminlərin əsas vəzifəsi, kobud davranışlardan belə inciməmək və küsməməkdir. Hətta onlar, mənfi davranışları sərgiləyənləri günahlandırmaq və onlar haqqında sui-zənnə girmək əvəzinə, Allaha yönəlib belə deyərlər: "Allahım, ehtimal ki, biz həqiqi mənada doğru olanı təmsil edə bilmirik. Sən bizi də onları da islah eylə!" Problemlərə bu cür yanaşmayanların insanlığa fayda verməsindən söhbət gedə bilməz.
Mömin heç kimdən inciməməli və küsməməlidir. Bunu vərdişə çevirməlidir. Əks halda görəcəyi daha əhəmiyyətli işlər yarımçıq qalar. Hədəfi və amalı İlahi rizanı qazanmaq olan, insanlığa yenidən Əsri-səadət dövrünü yaşatmaq istəyən, insanların axirətdəki qurtuluşunu düşünən mömin məqsədinə çatmaq üçün əlindən gələni etməyi bacarmalıdır. Seyid Nigari bunu çox gözəl tərənnüm edib:
"Canan diləyən dağdağayi cana düşər mi?
Can istəyən endişə-i canana düşər mi?"
Bəli, qəddi bükülmüş insanlığın belini düzəldəcək düşüncə budur. Bu məqama çatan nəsillər ictimai həyatdakı problemləri həll edəcək, insanları birləşdirəcək, hamının dilindən sülh nəğmələri ucalacaqdır. Tez küsən, tez inciyən, xırda məsələlərə ilişib qalanlar əsla məsafə qət etməyəcək, insanlığa həyat, dirilik ruhu üfləyə bilməyəcəklər.
Uhud müharibəsində Allah Rəsulu (s.a.s.) bir qrup əsgəri oxçular təpəsinə yerləşdirmiş, onlara xüsusi təlimat vermişdi. Onlar əmrə itaətdəki incəliyi tam dərk etməmiş, düşmənin də geri çəkildiyini görüncə yerlərindən ayrılmışdılar. Oxçuların yerlərindən ayrıldığını görən müşrik ordusu arxadan müsəlmanlara hücum etmişdi. Nəticədə müsəlmanlar itki vermişdilər. Peyğəmbərimizin (s.a.s.) də başı yarılmış, dişi qırılmışdı. Fəqət O, heç bir şey olmamış kimi yenə səhabələrini bir yerə toplamış və onlarla müşavirə etmişdi. Onların səhvlərini üzlərinə vurmamış və tənqid etməmişdir.
Bəli, o gün həmin insanlar etdikləri xətanın fərqində idilər. Ruhlarında onun iztirabını yaşayırdılar. Allah Rəsulunun onları ətrafına toplayıb təkrar fikirlərinə müraciət etməsi onların xoşuna gəlmişdi. Ruhlarda qəhrəmanlığı alovlandırmağın, meydana gələn çatlaqları təmir etməyin yolu budur.
Hüdeybiyyə sülh müqaviləsi
İslam tarixində dönüş nöqtələrindən biri də Hüdeybiyyə sülh müqaviləsidir. Allah Rəsulu bu sazişi bağlamaq üçün məkkəlilərə çox güzəştlərə getmişdir. Allah Rəsulu (s.a.s.) bir yuxu görmüş və bundan sonra Kəbəni ziyarət və ümrə etmək üçün 1400 səhabə ilə birlikdə yola çıxmışdı. 400 km məsafəni aşıb Məkkənin yaxınlığına qədər gəlmişdilər. Ümrə üçün ehrama girmiş, özləri ilə qurbanlıq heyvanlar gətirmişdilər. Hüdeybiyyədə Məkkə müşrikləri önlərini kəsmiş Məkkəyə buramayacaqlarını qəraralı şəkildə bəyan etmişdilər. Peyğəmbərimizin (s.a.s.) səyi və fətanəti nəticəsində müşriklər sülh sazişini imzalamağa razı olmuşdular. Müqavilədə müsəlmanların ümrə etmədən geri qayıdacağı da yazılmışdı. Bu şərt Kəbə həsrətində olan səhabələrə çox pis təsir etmişdi. Bundan əlavə müqavilə mətni yazılarkən Peyğəmbərimizin adının əvvəlindəki Rəsulullah sözünü sildirmişdilər. Müqaviləni imzalamaq üçün gələn Süheyl ibn Amr müsəlman olan oğlu Əbu Cəndəli geri götürəcəyini şərt qoşmuşdu. Bütün bunlar zahirən müsəlmanların qürur və izzətlərinə toxunacaq məsələlərdi.
Rəsulullah (s.a.s.) baş verənlərə qarşı çox həssas idi. Təmkin və soyuqqanlılıqla problemi həll etmişdi. Bir tərəfdən səhabənin təkidi, digər tərəfdən qarşı tərəfin ağır şərtlərini aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərimiz onları küsdürmədən sülh atmosferi yaratmış, müqaviləni imzalamışdı. Məsələyə səhabənin ogünkü hissiyyatını bir tərəfə qoyub geniş miqyasdan baxdıqda bağlanan müqavilənin könüllərin fəthi üçün atılan önəmli addım olduğu görmək mümkündür. Üstün fətanət sahibi Allah Rəsulu (s.a.s.) xaric heç kim o gün bunu anlaya bilməmişdi. Allah Rəsulu uzaqgörənliyi sayəsində sülh və xoşgörünün gətirəcəyi gözəllikləri çox yaxşı görmüşdü.
Peyğəmbərimizin (s.a.s.) bu hadisədəki davranışı möminlər üçün çox gözəl nümunədir. Bu cür problemlərlə qarşılaşdıqda inadkarlıq etməmək, şəxsi qüruru bir kənara qoymaq, səthi və günü qurtaran qərarlardan uzaq durmaq, uzaqgörənlik etmək, insanlara qarşı mülayim və xoşrəftar olmaq, dava-dalaş və mübahisədən uzaq qalmaq lazımdır.
Hüdeybiyyənin fəthi
Hüdeybiyyə sülh müqaviləsi bu ağır şərtlər altında imzalanmışdı. Bu müqavilənin şərtləri möminlərin qüruruna toxunmuşdu. Şərtlər nə qədər ağır olsa da bu sülh müqaviləsi həqiqi fəth idi. Fəth qapıların açılması könüllərin İslam şərəflənməsi idi. İslam dinində əsl məsələ könüllərin fəthidir. Yoxsa, ölkə və ərazilərin tutulması fəth sayılmır. Sonrakı dövrlərdə səhabələr arasında bu söz məşhur olmuşdur: "Siz Məkkə fəthini fəth sayırsınız. Biz görə isə fəth Hüdeybiyyə sülhüdür." Bu müqavilədən sonra müsəlmanlar yarımadada daha rahat yaşamaq haqqı əldə etmişdilər. Kin, nifrət, düşmənlik hissləri əriməyə başlamış, Məkkənin liderləri İslamı qəbul etmişlər. Qəbilələr axın-axın Mədinəyə gəlib müsəlman olmağa başlamışdı. (Nəsr surəsi, 110/2)
Nəticə etibarı ilə deyə bilərik ki, bu gün biz də istər daxildə, istərsə də xaricdə problemlərlə qarşılaşdıqda qarşılıqlı razılaşmalarla, yeri gəldikdə haqqımızdan fədakarlıq etməklə ortaq məxrəcə gəlməli, sülh atmosferi formalaşdırmalıyıq. Bəzən əleyhimizdəymiş kimi görünən hallarda şəxsi qürur və mənfəətləri yeri gələndə tərk etməyi bacarmalıyıq. Yoxsa, sülh və əmin-amanlıqla əldə ediləcək mənfəətlərdən məhrum qalarıq. Bu gün insanlığın, belə anlaşma və uzlaşmalara hər zamankındən daha çox ehtiyacı var.
[1] Nisa surəsi, 4/128.