Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hicrana dönən Vüsal... - FOTO

Hicrana dönən Vüsal... - FOTO

Tarix: 14 Noyabr 2021 19:30

Vüsal mənim ilk övladım, ilk sevincim idi. Atasını itirdikdən sonra dayağım oldu. Vüsala çox bağlı idim. Onu sentyabrın 21-də yola saldım. Bir an görməyəndə, səsini eşitməyəndə nigaran qaldığım övladımın bir ildən çoxdur həsrətindəyəm. Gözüm yollarda, qulağım səsdədir. Anlayıram ki, o bir daha gələ bilməyəcək, ancaq mən onun görüşünə gedirəm, son nəfəsimə qədər səbir edib qovuşacağımız günü gözləyirəm.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Vətən müharibəsi şəhidi Vüsal Həsənovun anası Mərifət Həsənova deyib.

Şəhid anası sözlərinə belə davam edib: "Vüsal mənim dörd oğlumdan böyüyü idi. İki övladım azyaşlı olarkən dünyalarını dəyişdilər. Həyatda iki övladım qalmışdı: Vüsal və Nuran. Yenə də taleyimə şükür edib iki övladımı böyüdürdüm. Tale elə gətirdi ki, Vüsal ibtidai sinifdə oxuyanda həyat yoldaşımı da itirdim. İki övladım mənə arxa-dayaq oldu. Vüsal böyük oğul idi deyə daha çox mehrimi ona salmışdım. Hər addımından xəbərdar idim. Gec gələndə, ya telefonuna zəng çatmayanda nigaran qalırdım. Nə biləydim ki, övladıma bir ömürlük həsrət qalacağam.

Vətən müharibəsi başlayanda Vüsal iki il idi ki, hərbi xidməti başa vurmuşdu. Ötən il Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimov şəhid olandan sonra könüllü ordu sıralarına yazılanlardan biri idi. O, bu barədə mənə heç nə deməmişdi. Vüsalı sentyabrın 21-də təlimlərə apardılar. Mən işdən gələndə balaca oğlum dedi ki, Vüsal hərbi komissarlığa gedib. Tez-tələsik hərbi komissarlığın qarşısına gəldim. Övladımı uzaqdan da olsa, yola saldım. Heyif ki, doyunca sarıla bilmədim Vüsalıma. Sentyabrın 28-dən oğlum döyüş bölgəsinə yollandı. Füzuli uğrunda gedən döyüşlərdə iştirak edirdi. Oktyabrın 5-dək əlaqə saxlaya bildik. Ondan sonra əlaqə kəsildi. Uzun müddət Vüsaldan səs çıxmayanda narahatlığım artmışdı. Anayam, ürəyimə damırdı ki, Vüsal artıq yoxdur. Lakin qəbul edə bilmirdim. Noyabrın sonları idi, xəbər verdilər ki, bir şəhidin kimliyini müəyyənləşdirmək üçün DNT analizinə ehtiyac var. Həmin şəhidin Vüsal olduğuna dair ehtimallar var idi. Özüm Füzulidəki morqa getdim. Vüsalı başındakı nişanədən tanıdım. Lakin DNT analizinin nəticələri uyğunlaşandan sonra nəşini bizə təhvil verdilər. Dekabrın 3-də Şabranın Zeyvə kəndində atasının yanında torpağa tapşırdıq. Vüsal bizimlə son əlaqədən 6 gün sonra Füzulidə şəhid olubmuş. Oğlumu erməni snayperi başından vurmuşdu. Yeganə təsəllim Vüsalın şəhid olduğu torpağın - Füzulinin və digər şəhər və qəsəbələrimizin azad olunması oldu. Vüsalımın qanı yerdə qalmadı. Mən oktyabrın 17-də Füzulinin azad olunması günü və noyabrın 8-də Zəfər Günündə övladımı hər il təbrik edəcəyəm. Oğlumun adı Vüsal idi, özü hicranım oldu".

Şəhid anası "YAŞAT" Fondunun onlara maddi dəstək göstərdiyini, səlahiyyətli qurumların maraqlandığını bildirərək göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Vüsal Ariz oğlu Həsənov 1997-ci il iyulun 3-də Bakı şəhərində anadan olub. Orta təhsilini əvvəlcə Səbail rayonunda yerləşən 49 saylı "İntellekt" məktəb-liseyində, sonra isə Tofiq Məmmədov adına 239 saylı məktəbdə alıb. 10-cu sinifdən etibarən isə təhsilini Azərbaycan Dövlət Dəmir Yolu Liseyində davam etdirib. Liseyi bitirəndən sonra hərbi xidmətə yollanıb. 2017-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti Ağcabədidə "N" saylı hərbi hissədə keçib. Sentyabrın 21-də təlim toplantılara çağırılıb. Sentyabrın 28-nə qədər Pirəkəşküldə yerləşən "N" saylı hərbi hissədə hərbi təlim toplantısı keçib və sonra döyüş bölgəsinə göndərilib. Füzulinin azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edib. Oktyabrın 11-də Füzuli uğrunda gedən qızğın döyüşlər zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Milli.Az


Etiketlər:  Hicrana dönən Vüsal FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ