Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanla yeni müharibə ola bilərmi? - Türk general

Ermənistanla yeni müharibə ola bilərmi? - Türk general

Tarix: 17 Noyabr 2021 09:54

Əvvəllər də bunun uzun və zəhmət tələb edən proses olduğunu qeyd etmişdik. Ermənistan əvvəllər olduğu kimi, indi də əsl məqsədinin sülh və sabitlik olmadığını bir daha göstərdi. Təxribat fəaliyyətlərini də həyata keçirərkən dezinformasiya yayaraq, Rusiyanı, KTMT-ni, ATƏT-in Minsk Qrupunun həmsədrlərini köməyə çağırır, guya təxribatların Azərbaycan tərəfindən törədildiyini göstərmək istəyir. Ancaq belə fəndlər artıq köhnəlib və dünyada Ermənistanı diqqətə almırlar.

Sonxeber.net xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz deyib.

"Prezident İlham Əliyevin dəfələrlə lazımi addımlar atılacağı təqdirdə Ermənistanla sülh müqaviləsini müzakirə etməyə və imzalamağa hazır olduğunu bildirməsinə baxmayaraq, Ermənistan prosesi uzatmağa çalışır. Qarabağ klanına mənsub olan insanlar isə Azərbaycanın qələbəsini həzm edə bilmir və prosesi dalana dirəmək, silahlı qarşıdurmaya qədər uzatmaq istəyir", - Karauz bildirib.

General Azərbaycan Ordusunun ölkə sərhədlərinə Ermənistanın müdaxiləsinə, terror hərəkətlərinə qarşı tədbirlər həyata keçirməsinin beynəlxalq hüquqa uyğun olduğunu vurğuladı:

"Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təxribatlarına və terror aktlarına qarşı misli ilə cavab verməlidir. Bu, zərurətdir. Əgər belə olmasa, düşmənin terror hərəkətlərinin qarşını almaq mümkün olmaz".

Yücel Karauz son hadisələrin Ermənistanın ağıllanmadığının göstəricisi olduğunu və əgər belə davam edərsə, qarşı tərəfin daha ağır məğlubiyyətə uğrayacağını qeyd edib:

"44 günlük müharibədən sonra ağıllanmayan Ermənistan son 2 gündə daha genişmiqyaslı şəkildə təxribatlar törətməyə cəhd edib. Şanlı Azərbaycan Ordusunun layiqli cavabı ilə geri oturdulan düşmən xeyli sayda canlı qüvvəsini və texnikasını itirib. Belə terror fəaliyyətlərinin üçüncü bir müharibəyə səbəb olacağını düşünmürəm. Çünki Ermənistan özünün milli güc ünsürləri ilə Azərbaycanın qarşısında dura və savaşa bilməz. Müharibə zamanı Ermənistan ordusunun 60 faizi məhv edilib. Bunun bərpası üçün illər lazımdır. Ona görə Ermənistan KTMT və Rusiyadan yardım istəyib. Ancaq Rusiyanın və KTMT-nin də Ermənistanın bu oyununun fərqində olduğunu düşünürəm. Digər tərəfdən Azərbaycan öz milli təhlükəsizlik maraqlarının qorunması istiqamətində beynəlxalq hüquqa uyğun şəkildə hərbi, siyasi və digər fəaliyyətləri həyata keçirir və bu belə davam etməlidir. Əgər Ermənistan yenə ağıllanmayıb, belə təxribat və terror fəaliyyətlərinə davam edərsə, İkinci Qarabağ müharibəsindən daha ağır məğlubiyyətə hazır olmalıdır".


Etiketlər:  Ermənistanla yeni müharibə bilərmi Türk general


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ