Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2021 14:16
Sosial şəbəkələrdə Ucar rayonunda qaz xəttinə hava vurulduğunu iddia edən videogörüntülər yayılıb. Görüntüləri paylaşan şəxs iddia edir ki, rayonu qazla təmin edən ana xəttə hava vurulur. Nəticədə evlərdə qaz sobaları yandırılan zaman xətdən ancaq hava gəlir. Bu isə sayğaclarda sərfiyyat göstəricilərinin yüksəlməsinə səbəb olur. İddialara "Azəriqaz" İstehsalat Birliyi cavab verib.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, vətəndaşlardan biri Ucar rayonunda qaz xəttinə hava vurulduğunu iddia edərək, bununla bağlı video çəkib və sosial şəbəkələrdə paylaşım edib
Görüntü sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub
İddialara Azəriqaz İstehsalat birliyi münasibət bildirib. Qurumun şöbə rəisi Eldəniz Vəliyev bildirib ki, bəzi hallarda təmir işləri aparılarkən qaz xətti zədələndiyi təqdirdə borulara su dolur. Bu halda qaz təchizatı dayandırılaraq boruya yüksək təzyiqli hava vurulur ki, içəridəki su təmizlənsin.
Eldəniz Vəliyev belə məsələlərdə abonentləri diqqətli olmağa, yalnış informasiyalara uymamağa çağırıb.
Qeyd edək ki, mövcud məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən də açıqlama verilib. Bildirilib ki, ötən gün sosial şəbəkələrdə Ucar rayonunda 22 Nömrəli Yol İstismarı MMC-yə məxsus kompressor qurğusu ilə təchiz edilmiş maşın tərəfindən yeraltı qaz xəttinə hava vurulması ilə bağlı dövlət qurumlarına qarşı insanlarda mənfi fikir formalaşdıran video dəqiqləşdirilmədən paylaşılıb. Sözügedən maşının Ucar Rayon Qaz İstismar idarəsinin müraciəti əsasında, yeraltı qaz xəttinə yığılan suyun kompressor vasitəsi ilə çıxarılması və qaz təchizatının təmin olunmasına kömək məqsədi ilə əraziyə cəlb edildiyi vurğulanıb.