Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2021 14:08
44 günlük Vətən müharibəsindəki tarixi Zəfərin birinci ildönümü ərəfəsində Rusiyanın vasitəçiliyi ilə Kreml rəhbəri, Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin növbəti üçtərəfli görüşünün baş tutacağı artıq Moskva tərəfindən də təsdiqini tapsa belə, son anda Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyanın Qaragölə kimi gedib çıxdıqdan sonra həmin istiqamətdə erməni silahlı qüvvələrinin 60 nəfərlik heyətlə sərhəddimizi pozaraq təxribat cəhdi bütün ümidlərin üstündən xətt çəkdi.
Beləcə, üçtərəfli görüş, sərhədlərin delimitasiya və demarkasiyası, həmçinin kommunikasiya yollarının açılması məsələsi təxirə düşdü. Ermənistan tərəfinin bu planlı təxribatı əsas da Rusiyanın vasitəçiliyinə kölgə salmaq, sülhməramlıların fəaliyyətini şübhə altına almaq üçün növbəti zərbə, növbəti oyun kimi yadda qaldı. Rəsmi Moskva artıq görüşün tarixi və yeri ilə bağlı açıqlamalar verdiyi bir vaxtda Ermənistan hərbi-siyasi rəhbərliyi təxribatı ilə bölgənin inkişafı, uzunmüddətli sülh yolunda olan gözləntiləri bir müddətlik də olsa təxirə salmağı bacardı.
Rusiyanın orbitindən çıxıb, uzun illər forpostu olduğu ölkəni barmağına sarımaq Paşinyan və komandasının artıq köhnə peşəsinə çevrilib. 16 noyabr təxribatları bir daha Ermənistanın iç üzünü açdı, məlum oldu ki, İrəvan üçtərəfli bəyanatda götürdüyü öhdəlikləri pozmaq üçün əlindən gələni etməyə hazırdır, hətta bu terror, terakt, təxribatlar, qurbanlar bahasına olsa belə. Lokal savaşın baş verdiyi bir neçə saat ərzində Azərbaycan düşmən təxribatının qarşısını almaqla yanaşı, delimitasiya proseslərində nəzərdə tutulan bağlı sərhəd xəttimizə daxil olan bəzi əraziləri də geri qaytara bildi.
Paşinyan 44 günlük müharibədə olduğu kimi bu dəfə də Azərbaycanı üçüncü, dördüncü bir dövlətin ordusu ilə qarşı-qarşıya qoymaq üçün əlindən gələni etdi. Lakin bu dəfə də Rusiya sükutu pozmadı, KTMT prosesləri kənardan izləməyin ən doğru qərar olduğunu anladı. Çünki bu lokal savaşda da haqlı tərəf məhz Azərbaycan idi.
Həmin vaxt Azərbaycan və Ermənistan rəhbərlərini atəşkəsi bərpa edib, danışıqlar masasında sərhəd problemini çözmək üçün təşəbbüslə çıxış edən nüfuzlu siyasət adamlarından biri Şarl Mişel oldu. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel 16 noyabrda Ermənistanın Zəngəzurdakı növbəti irimiqyaslı təxribatı nəticəsində sərhəd döyüşlərinin gedişatında Prezident İlham Əliyevlə birbaşa telefon bağlantısı zamanı Moskvanın seyrci qaldığı təxribatlarda aktivlik göstərməsi nəzərdən qaçmadı.
Bu telefon danışığı zamanı Avropa İttifaqının rəhbəri regionda vəziyyətin ağır olduğunu vurğulayaraq, Aİ Cənubi Qafqazda sabitlik naminə gərginliyi aradan qaldırması üçün tərəfdaşlarla işbirliyinə sadiq olduğunu deyib. Bunun qarşılığında Prezidenti İlham Əliyev telefon danışığı əsnasında bildirib ki, dəfələrlə Ermənistan tərəfi Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atıb və Ermənistanın son genişmiqyaslı hücumu bu gün baş verib. Dövlətimizin başçısı Azərbaycan tərəfdən yaralıların olduğu qeyd edərək, Ermənistanın təxribatlarına adekvat cavab verildiyini vurğulayıb. İlham Əliyev yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib. Dövlət başçısı bu ifadələri ilə Aİ rəhbərinə Azərbaycanın haqlı olduğu savaşdan geri çəkilməyəcəyini, düşmənin təxribatlarına lazımı cavabın bundan sonra da veriləcəyi ilə bağlı mesajını çatdırıb.
Belə bir dönəmdə Rusiyanın Baş naziri Mixail Mişustin 18-19 noyabr tarixlərində İrəvana işgüzar (Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün - red.) səfəri diqqət çəkdi. Ən diqqətçəkən məqam isə Rusiyanın önəmli şəxslərindən birinin Cənubi Qafqazda gərginliyin pik həddə olduğu bir vaxtda, xüsusən də rəhbərinin imzası olduğu üçtərəfli bəyanatdan yayınmaq, onu icra etməmək üçün təxribat planlarına ara verməyən, rəsmi Moskvanın ünvanına olmazın təhqirlərini yağdıran, onun rəhbərlik etdiyi təşkilatı (KTMT) aşağılayan Ermənistana səfər edən Mixail Mişustin əyləncəsindən qalmayıb. Mişustin İrəvana səfəri çərçivəsində şəhərin məşhur "Malxas" caz klubuna gedərək orada vaxt keçirib.
Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin 44 günlük müharibədən sonra ən pik həddə çatdığı bir vaxtda boş-boş bəyanatlarına, praktiki fəaliyyətin olmadığı açıqlamalara biri də qoşuldu. Bu açıqlamanı Rusiyanın XİN rəhbəri Sergey Lavrov etdi. O, ötən gün Moskvada ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə birgə mətbuat konfransında Ermənistan-Azərbaycan sərhəddindəki son gərginliyə toxunaraq, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli görüşünün baş tutacağından əminliyini bildirib.
Hadisənin üzərindən 3 gün keçməsinə rəğmən Ermənistan rəhbərliyini qulaqlamağa tələsməyən rəsmi Moskvaya tərs sillə yenə Aİ tərəfindən gəldi. Elə Lavrovun mətbuat konfransının keçirildiyi həmin ərəfələrdə - noyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub. Şarl Mişel dekabrın 15-ə planlaşdırılan Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirməyi təklif edib. Və beləcə, Cənubi Qafqazda firavanlıq və sabitliyi təmin etmək məqsədi ilə regiondakı vəziyyəti və gərginliyin aradan qaldırılması yollarını müzakirə etmək üçün Brüsseldə görüşün keçirilməsi barədə razılıq əldə olunub. Telefon danışığı zamanı həmçinin insidentlərin qarşısının alınması mexanizmi rolunu oynayacaq Azərbaycan və Ermənistan arasında müdafiə nazirləri səviyyəsində birbaşa əlaqənin yaradılması təşəbbüsü də müsbət qarşılanıb.
Müdafiə nazirlərinin birbaşa əlaqə yaratması təkcə insidentlərin qarşısını almaq yox, həm də Bakı-İrəvan xəttində postmünaqişə dövrü üçün vacib olan münasibətlərin normallaşması baxımından da əhəmiyyətlidir. Bu, sonrakı dövrdə iki ölkəyə heç bir vasitəçi olmadan müzakirələr aparmaq imkanı verə bilər və hər iki tərəfin maraqlarına uyğundur, xüsusilə Rusiyanın vasitəçilik adı ilə həyata keçirdiyi siyasət fonunda. Nəzərə alsaq ki, Ermənistanın yeni müdafiə naziri Suren Papikyan xüsusən də 2013-2015-ci illərdə yazdığı statuslarla anti-Rusiya çağırışları ("Mən "Gömrük İttifaqı"na qarşıyam, rusofiliyə, köləliyə qarşıyam. Yaşasın müstəqil və suveren Ermənistan!", "Hərbi müttəfiq", lənət olsun sənin müqəddəs torpaqlarımıza ayaq basdığın günə" - red.) edib. O zaman hazırda müdafiə naziri kimi Papikyanın vəzifədə olması, Qərbin sifarişlərini yerinə yetirmək baxımından Aİ-nin də işinə yarıyacaq.
Brüsselin vasitəsilə Rusiyasız razılaşmanın əldə olunması təbii ki, Moskvanın birbaşa təmasa həmişə olduğu kimi bu dəfə də maraqlı olmamasından qaynaqlandı. Sözsüz ki, Bakı situasiyadan razıdır, Paşinyan da Brüsselin prosesdə iştirakında maraqlıdır. Hər iki tərəf üçün bundan Rusiyanın vasitəçiliyi qarşısına alternativ çıxarmaq, 10 noyabr üçtərəfli bəyanatdakı öhdəliklərin yerinə yetirilməsi üçün Moskvanın fəallığını sürətləndirə bilər.
Təhməz Əsədov