Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2019 18:06
Bakı. Trend:
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illiyi münasibətilə təbrik edib.
Mehriban Əliyeva Allahşükür Paşazadəni mənalı ömrünü İslam dininin əsl mahiyyətinin təbliği və təşviqinə, Qafqazda davamlı sülhün, əmin-amanlığın bərqərar olmasına həsr etmiş görkəmli din xadimi kimi səciyyələndirib. Qeyd edib ki, Şeyxülislam Allahşükür Paşazadə bütün dinlərin əsasını təşkil edən sülhsevərlik, dözümlülük, dinc birgəyaşayış, bərabərlik, qardaşlıq, humanizm kimi dəyərlərin qorunub saxlanılması və cəmiyyətimizdə əsrlərlə mövcud olan tolerantlıq ənənələrinə xalqımızın sadiqliyinin təmin olunması istiqamətində uzun illərdir uğurla fəaliyyət göstərir.
Təbrikdə deyilir ki, Qafqaz Müsəlmanları İdarəsi sədrinin ölkəmizdə ayrı-ayrı din və təriqətlər arasında qarşılıqlı hörmət və etimad mühitinin, multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi, Azərbaycanın dünyada tolerantlığın unikal məkanı olaraq şöhrət tapması kimi xoşməramlı niyyətlərə xidmət edən məqsədyönlü işlərə, xalqlar və dinlərarası dialoqun genişləndirilməsinə verdiyi əvəzsiz töhfələr dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. Fəaliyyətinin ayrı-ayrı illərində müxtəlif mükafatlara, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 avqust tarixli Sərəncamı ilə ölkəmizin ən yüksək dövlət təltifi olan “Heydər Əliyev” ordeninə layiq görülməsi bunun bariz nümunəsidir.
Birinci vitse-prezident Mehriban Əliyeva Şeyxülislam Allahşükür Paşazadəyə cansağlığı, firavanlıq, xoşbəxtlik, bütün işlərində və təşəbbüslərində uğurlar arzulayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin