Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tər vəziləri iltihabının təhlükələri

Tər vəziləri iltihabının təhlükələri

Tarix: 23 Noyabr 2021 07:12

İnsan orqanizmində tər vəziləri iki cür olur: ekkrin və apokrin vəzilər.

Ekkrin vəzilər bir başa dəri səthinə açılır və dəri örtüyünün hər bir sahəsində qeyd olunur. Apokrin vəzilər isə daha çox başda, qoltuq altında və qasıq nayihəsində olan tüklərin dibinə açılır.

Tər vəziləri iltihabı (hidradenit) zamanı apokrin tər vəziləri iltihablaşır. Əksər hallarda qoltuq altı nahiyəsində, daha nadir hallarda anal dəliyin, cinsiyyət orqanlarının ətrafında, baş dərisində yerləşən tər vəziləri iltihablaşır. Xəstəliyi əsasən stafilokokk, streptokokk, bəzən digər mikroblar törədir. Mikroblar bu nahiyəyə dəridə olan mikroçatlardan daxil olur. Belə mikroçatlar qaşınma, dərinin tüklərdən təmizlənməsi zamanı və s. hallarda əmələ gələ bilər. Digər tərəfdən mikroblar bura digər orqanlardan limfa və ya qan axını ilə düşə bilər.

Həddən artıq tərləmə də (hiperhidroz) bu xəstəliyin risk faktorudur - daim güclü tərləyən nəm dəridə müxtəlif virus, mikroblar və göbələklər sürətlə çoxalır.

Əksər hallarda hidradenit immun sistemi zəif olan, hormonal pozulmaları, dəri, endokrin xəstəlikləri (şəkərli diabet, qalxanvari vəzi xəstəlikləri və s.), artıq bədən çəkisi olan insanlarda inkişaf edir. İsti hava, gigiyena qaydalarına əməl etməməsi bu xəstəliyin inkişafına səbəb ola bilər. Dezodorantlardan süi-istifadə də hidradenitin inkişafına gətirib çıxarda bilər.

Ciddi hormonal dəyişikliklər dövrlərində (qadınlarda klimaks dövrü, yeniyetməlik dövrü) bu xəstəliyin inkişafının riski artmış olur.

Hidradenit qadınlarda kişilərlə müqayisədə daha tez-tez inkişaf edir. Məsələ burasındadır ki, qadınlarda kişilərə nisbətən daha çox tər vəziləri mövcuddur. Əksər hallarda hidradenit qoltuq altı nahiyəsində inkişaf edir, bir və ya ikitərəfli ola bilər.

Zədələnmiş sahədə əvvəl kiçik düyün (və ya düyünlər) əmələ gəlir, dəri qaşınır, qızarır. Bir neçə gün ərzində düyünlər böyüyür, daha ağrılı olur, irinli proses başlayır. Xəstənin hərarəti qalxır, zədələnmiş nahiyədə güclü ağrı, halsızlıq, zəiflik, baş ağrısı inkişaf edir. Heç bir halda özü özünü müalicə ilə məşğul olmaq, irini sıxmaq, irin olan sahəyə isti bir şey qoymaq ("qrelka" və s.) olmaz. Bu xəstəliyin daha da ağırlaşmasına, irinin toxumalara yayılmasına, zədələnmiş sahədə eybəcər çapıqların əmələ gəlməsinə səbəb ola bilər. Müalicəsiz buraxılmış bu xəstəlik ağır fəsadlar verə bilər (infeksiyanın daha dərin yayılması, hətta sepsis - mikrobların qan axını ilə bütün orqanizm boyu yaılması).

Bu səbəbdən hidradenitin ilk simptomlarında dermatoloqa və ya cərraha müraciət etmək lazımdır. Hidradenitin müalicəsinə xəstəliyin erkən mərhələlərində başlanmalıdır. Hidradenitin müalicəsində antibiotiklərdən istifadə olunur. Həmçinin zədələnmiş sahə tez-tez antiseptik məhlullarla təmizlənməlidir. Bir çox hallarda cərrahi müalicə tətbiq olunur - irinlik yarılır, irın çıxarılır.

Əgər hidradenit tez-tez inkişaf edirsə, bu immun sisteminin kəskin zəiflənməsindən xəbər verir. Bu halda xəstə əlavə müayinələrdən keçməli və lazım olduqda müalicə almalıdır.


Etiketlər:  Tər vəziləri iltihabının təhlükələri


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ