Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2019 10:44
Bakı. Elçin Mehdiyev - Trend:
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin müsahibə mərhələsinə start verilib.
BŞTİ-dən Trend-ə verilən məlumata görə, 27-29 avqust tarixlərində laborant, avqustun 29-da gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, avqustun 30-da kitabaxanaçı, uşaq birliyi təşkilatı rəhbəri və psixoloq, 2-6 sentyabr tarixlərində isə təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifələrində çalışmaq istəyən namizədlər üçün müsahibə keçiriləcək.
Ümumilikdə, müsabiqənin vakansiya mərhələsində müvafiq yerlər üzrə seçim etmiş 488 nəfər müsahibəyə dəvət olunub. Onlardan 92-si təlim-tərbiyə işləri üzrə direktor müavini, 47-si tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 21-i gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, 32-si psixoloq, 46-sı uşaq birliyi təşkilatı rəhbəri, 219-u laborant, 31-i kitabxanaçı olmaq istəyən şəxslərdir.
Müsahibəyə dəvət edilmiş şəxslərdən müsahibəyə gələrkən şəxsiyyəti təsdiq edən sənədin və təhsil sənədinin (ali və ya orta istisas təhsili haqqında diplom(lar) və ya attestat, o cümlədən çağırışaqədərki hazırlıq üzrə rəhbər vəzifəsi üzrə müsabiqədə iştirak edənlər hərbi bilet) əslini, əmək fəaliyyətini təsdiq edən sənədin əslini və ya surətini özləri ilə götürmələri xahiş olunur.
Müsabiqənin müsahibə mərhələsindən uğurla keçən namizədlər müvafiq vəzifələr üzrə təyinat alacaq.
Qeyd edək ki, Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları"na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin