Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2021 22:46
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan noyabrın 29-da Vyanada yenidən başlayacaq nüvə razılaşmasına qayıtmaq mövzusunda müzakirələrə hazır olduqlarını elan edib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Abdullahiyan Vyana müzakirələrinə ciddi yanaşdıqlarını və gözləntiləri olduqlarını açıqlayıb.
"Bütün hazırlıqlarımız yaxşı bir razılaşma yönündədir. Ümid edirəm ki, Vyana müzakirələrində irəliyə doğru uğurlu və sağlam addımlar ata bilərik", - İranın baş diplomatı deyib.
Nüvə razılaşması və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığın İran üçün əhəmiyyətli olduğunu deyən Abdullahiyan vurğulayıb ki, qarşıdakı günlərdə Vyana müzakirələri başlayacaq: "Həm regional, həm də Avropa ölkələri ilə mühüm əlaqələrimiz var idi. Bütün səyimiz yaxşı razılaşma əldə etməkdir. Təbii ki, bunun üçün qarşı tərəf bütün öhdəliklərinə əməl etməlidir. Vyana danışıqlarında İranın maraqlarının nəzərə alınması lazımdır. Danışıqlarda İran millətinin qanun və mənafelərini təmin etməliyik. Bunun üçün ABŞ-ın bütün sanksiyaları ləğv edilməlidir".
"İran İslam Respublikası əl-qolunu bağlı saxlamayacaq. Bizə qarşı müxtəlif variantlar masada olsa da, biz Vyana məsləhətləşmələrinə başlayırıq. Məsləhətləşmə və nizamlanmalara ciddi yanaşırıq və ümid edirik ki, qarşı tərəfdə də eyni ciddiliyi görəcəyik", - iranlı nazir sözlərini yekunlaşdırıb.