Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2021 22:56
Məlum olub ki, keçən həftə kimlikləri bilinməyən hackerlər ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FBI) elektron poçtunun xarici sistemini hack ediblər. Bu barədə Bloomberg saytı xəbər verib. Sözügedən kiberhücumu Spamhaus adlı təşkilat təyin edə bilib. Sözügedən təşkilat spam mesajların yayılmasının və onlarla bağlı olan kiberhücumların izlənməsi ilə məşğuldur. Mövcud olan məlumatlara əsasən uğurlu kiberhücumdan sonra hackerlər FBI adından mümkün kiberhücum barəsində xəbərdarlığı özündə birləşdirən 10 minlərlə məktub göndəriblər.
FBI təmsilçiləri baş vermiş hadisəni təsdiqləyiblər və bildiriblər ki, onlar bu hadisəni Kibertəhlükəsizlik və İnfrastrukturun Qorunması üzrə Agentlik ilə birlikdə araşdırırlar. Məlumata əsasən FBI bir neçə elektron poçt sisteminə sahibdir və görünür, hack prosesinə məhz xarici sistem məruz qalıb. Belə ki, elektron poçtun bu sistemi hamı üçün açıqdır və o, FBI əməkdaşları tərəfindən ictimaiyyətlə qarşılıqlı əlaqə üçün istifadə olunur. Hansısa gizli məlumatın göndərilməsində FBI əməkdaşları elektron poçtun daxili sistemindən istifadə edirlər. Hackerlər isə bu sistemə çata bilməyiblər.
Spamhaus təşkilatının mütəxəssisləri təyin ediblər ki, hackerlər ABŞ-ın Daxili Təhlükəsizlik İdarəsinin adından "Təcili: Hacker sistemdədir" başlıqlı məktublar göndəriblər. Məktublarda isə qeyd edilmişdi ki, hacker informasiya təhlükəsizliyi üzrə mütəxəssis Vinny Troia-dır. Keçən il bu şəxs The Dark Overloard adlı hacker qruplaşması ilə bağlı olmuş hadisələrin istintaqını aparırdı. Məlumatda qeyd edilib ki, hackerlər tərəfindən göndərilmiş məktublarda heç bir zərərli fayl olmayıb. Buna görə də hackerlərin əsas məqsədləri informasiya təhlükəsizliyi üzrə mütəxəssisin adını ləkələmək olmuş ola bilər.