Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2021 19:00
Cəlilabadda anadangəlmə bir böyrəyi olmayan uşağa pensiya təyinatı ilə bağlı müraciətlərin cavabsız qaldığı iddia edilir.
Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, Cəlilabadda yaşayan 9 yaşlı Fərhad Cəfərovun anadangəlmə bir böyrəyi yoxdur. Valideynləri onun tək böyrəklə doğulmasını 8 yaşında biliblər.
Nənəsi Rəfiqə Cəfərova deyir ki, o vaxta qədər Fərhad özünü normal hiss edib. Yaşa dolduqca orqanizmində müəyyən narahatlıqlar baş qaldırıb.
Atası İlkin Cəfərov ötən il oğlunu həkimə aparıb. Müayinə zamanı məlum olub ki, Fərhadın sol böyrəyi anadangəlmə yoxdur. Atası övladına pensiya təyinatı üçün Səhiyyə Nazirliyinə məktub ünvanlayıb. Nazirlik isə məktubu cari il oktyabrın 1-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə yönləndirib. Bu barədə valideyn məlumatlandırılıb. Amma valideynlər nəticə olmamasından narahatdırlar.
Məsələ ilə əlaqədar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, uşağın atası İlkin Cəfərovun Səhiyyə Nazirliyinə ünvanlandığı məktuba Agentlikdə baxılıb və oktyabrın 19-da Cəlilabad rayon Mərkəzi Xəstəxanasına və vətəndaşa məktub göndərilib. Məktubda adıçəkilən xəstəxanaya uşağın əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi üçün qəbul edilməsi tapşırılıb. Prosesin nəticəsi barədə Agentliyə məlumat verilməsi qeyd edilib. Vətəndaşa isə tibb müəssisəsinə yaxınlaşmalı olduğu bildirilib.
''Vətəndaş Cəlilabad rayon Mərkəzi Xəstəxanasına müraciət etdikdən sonra Həkim Məsləhət Komissiyasının rəyinə əsasən məsələyə baxılacaq'',-deyə Agentliyin məlumatında bildirilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: