Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2021 21:20
Hazırkı mərhələdə, koronavirusun "omikron" adı almış yeni ştamının xüsusiyyətlərinin hələ öyrənildiyi bir vaxtda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri maska taxılması və əllərin yuyulması kimi öz effektliliyini təsdiqləmiş tədbirlərdən geniş istifadə olunmasını təklif edirlər.
"Olduğunuz məkanda maska taxın və otağı havalandırın, mümkün qədər əllərin və bədənin gigiyenasına riayət edin... Biz bilirik ki, bu tədbirlər effektivdir", - deyə ÜST-nin nümayəndəsi Kristian Lindmeyer Cenevrədə brifinqdə deyib.
Sonxeber.net bildirir ki, AZƏRTAC bu barədə BMT-nin saytına istinadla xəbər verir.
K.Lindmeyer xatırladıb ki, yeni ştamın xüsusiyyətləri öyrənilir, mövcud vaksinlərin bu variantdan hansı dərəcədə müdafiə edəcəyi doğru-dürüst məlum deyil. Düzü şübhə var ki, yeni ştam digər məlum ştamlarla müqayisədə daha asanlıqla ötürülür və COVID-19 xəstəliyini keçirənləri də yoluxdurmağa qadirdir.
ÜST nümayəndəsi deyib: "Qarşımızda nəyin olmasını tam başa düşməkdən ötrü bizə daha iki həftə lazımdır. Bununla belə, o bildirib ki, "omikron" narahatlıq doğuran heç də yeganə ştam deyil. "Delta" hələ də bizimlədir və ümumiyyətlə, COVID-19 pandemiyası hələ bitməyib.
ÜST əvvəlki kimi peyvəndlənməyə çağırır, çünki yaxşı məlumdur ki, vaksinləmədən keçən əhalinin sayı yüksək olan ölkələrdə vəziyyət digərlərinə nisbətən daha yaxşıdır. ÜST nümayəndəsi deyib: "Bütün dünyada xəstəxanaların qəbul şöbələri peyvəndlənməyən insanlarla doludur. Xəstəliyin ağır gedişatının və ölüm hallarının göstəriciləri əsasən peyvənd olunmayanların payına düşür".
K.Lindmeyer, həmçinin diqqəti ona çəkib ki, başqa xəstəliyi olan bir çox insanlar reanimasiya şöbələrinin dolu olması və xəstəxanaların COVID-19 səbəbindən profilinin dəyişdirilməsi ucbatından aylarla zəruri tibbi yardım ala bilmirlər.
ÜST nümayəndələri təşkilata üzv ölkələr üçün yeni "omikron" ştamına həsr olunan informasiya sessiyası keçiriblər. Görüşü açan ÜST-nin Baş direktoru Tedros Qebreyesus qeyd edib ki, virusların mutasiyaya uğraması normal haldır, pandemiya nə qədər uzun sürərsə, yeni ştamlar da bir o qədər çox olacaq.
T.Qebreyesus Botsvanaya və Cənubi Afrika Respublikasına "omikron"u aşkarladıqlarına və bu məlumatı beynəlxalq ictimaiyyətə operativ təqdim etmələrinə görə bir daha təşəkkürünü bildirib. "İndi bu ölkələr layiq olmadıqları halda cəzalandırılıblar", - deyən Baş direktor bəzi ölkələr tərəfindən səfərlərə tətbiq edilən məhdudiyyətləri nəzərdə tutub.
Baş direktor daha sonra deyib: "Mən ölkələrin öz vətəndaşlarını bu ştamdan qorumaq səylərini yaxşı başa düşürəm. Lakin narahatlıq doğuran odur ki, bəzi hökumətlər elmi yanaşmaya əsaslanmayan və öz effektliliyini sübut etməyən, lakin bununla qeyri-bərabərliyi gücləndirən sərt tədbirlər tətbiq edirlər".