Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2021 14:50
"Bu helikopter qəzası Allahın yazısıdır. Artıq qəzanı araşdırırlar. Çünki gözəl dövlətimiz, başımızın üstündə də Ali Baş Komandanımız var. Onlar özləri hər şeyi araşdırıb xalqa məlumat verəcəklər. Biz başqa heç nə deyə bilmərik, orada olmamışıq. Belə bir hadisə hamımızın başına gələ bilər. Yaşadığımız bina da partlaya bilər, qəza da ola bilər. Hətta təyyarənin elə yerləri var ki, göydə uçan quşlar ora dəyib, qəza vəziyyəti yarada bilərlər".
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Bilal Əliyev deyib. O daha sonra əlavə edib:
"Cənab prezidentimiz bizim 30 illik həsrətimizə son qoydu, aşağı dikilən başımızı yuxarıya qaldırdı. Bu gün bütün dünya bizə qibtə edir, itirilmiş torpaqlarımızı geri qaytarmışıq. Bundan böyük xoşbəxtlik ola bilərmi? Bəs biz özümüz niyə bunu qiymətləndirməyək? Cənab prezident özbaşınalıq edən məmurları da cəzalandıracaq. Biz sənətçilər də öz sahəmizdəki işlərlə tamaşaçılarımızı sevindiririk. 10 mahnı hazırlamışam, onları da vaxtaşırı televiziya efirlərində oxuyuruq. Atama-anama da mahnı həsr etmişəm. Bilirsiniz ki, mən atamın bir sözünə görə "Maşın şou"-dan əlimi çəkib çıxmışdım. Mənə demişdi ki, əlini maşından çək, ordan sənə heç nə lazım deyil, insanlarla pis olma. Mən atamı, anamı özümdən çox istəmişəm. Onların sayəsində bu gün bu yerlərə gəlib çatmışam. Özləri yeməyib məni yedirdiblər, geyinməyib geyindiriblər. Hər zaman məzarlarını ziyarət edib, gül-çiçək qoyuram", - deyə Bilal Əliyev deyib.
"Niyə hələ də işğaldan azad olunmuş ərazilərdə sizi görmürük" sualını isə Bilal Əliyev belə cavablandırıb:
"Təşkilatçılar bilirdilər ki, o vaxtları mənim səhhətim yaxşı deyildi. Dövlətimiz mənə qayğı göstərirdi ki, sağalım. Bəlkə onu nəzərə alıb dəvət etməyiblər ki, qoy sağlamlığını qorusun. Mən o qədər dövlət tədbirlərində iştirak etmişəm ki. O qədər yuxusuz gecələr görmüşəm, zülmlər çəkmişəm ki. Biz xalqa xidmət etmişik ki, bu bizim borcumuzdur. Biz də öz işimizi görmüşük, amma bu gün gənclərə yol vermək lazımdır. Biz necə deyə bilərik ki, hər efirdə biz olmalıyıq? Biz olmuşuqsa, bizdən sonra da kimlərsə olmalıdır. Qoy gənclər də qabağa getsinlər. Bizim elə nəhəng sənətkarlarımız olub ki, gənclərin qabağına sədd çəkiblər. Nəyə lazımdır axı bu?", - deyə sənətkar bildirib.