Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çin restoranı'' sindromu

''Çin restoranı'' sindromu

Tarix: 4 Dekabr 2021 08:56

"Çin restoranı" sindromunu qida dadlandırıcılarına qarşı allergiya kimi də qəbul etmək olar.

Son illər Çin mətbəxinin pərəstişkarları artdığına görə həmin sindroma tutulanların sayı da çoxalıb. Çin yeməklərindən dadanlarda bəzən baş ağrıları, dəri solğunlaşması və ya üzdə qızarma, tərləmə və ürəkdöyünmə əlamətləri yaranır.

İlk dəfə keçən əsrin 60-cı illərində aşkar olunan sindromun daha ağır formalarında astmatik tutmalar, hətta əl və ayaqların tamamilə keyiməsi də olur. Əgər Çin mətbəxinin xörəyi və ya hər hansı hazır qidaları qəbul edərkən dodaqlar ətrafında yanma və keyimə yaranırsa həmin sindromdan şübhələnmək lazımdır. Əhalinin təxminən 30 faizində həmin sindroma rast gəlinir və simptomlar adətən 20-60 dəqiqə çəkir.

Tədqiqatçılardan bəziləri "Çin restoranı" sindromunun əmələ gəlməsini ilk əvvəl mononatrium qlütamat adlı qida dadlandırıcısı ilə əlaqələndirir. Həmin maddə yarımfabrikatlar, çipslər, tez hazırlanan şorba və makaronlar, kolbasa məhsulları, hazır souslar, bulyon kinları və bütün "fast-food"ların hazırlanmasında istifadə olunan E621 aromatizatorudur. Hətta bəzən onu qida narkotiki də adlandırırlar. Onun əsas səbəbi dadlandırıcı qatılmış qidalara alışanların sadə xörəklərin dadını hiss etməməsi və həmişə qlütamatlı qidalara meyl etməsidir.

Müasir dövrdə sintetik yolla alınan mononatrium qlütamat əslində orqanizm üçün o qədər də yad maddə deyil və bütün zülalların tərkib hissəsi olan qlütamin turşusundan əmələ gəlir. Qlütamin turşusu təzə tərəvəzlərə, mal və toyuq ətinə iştahaçıcı dad və ətir verir. Qidaların konservləşdirilməsi zamanı həmin turşunun miqdarı kəskin azaldığına görə onun dadında da mənfi keyfiyyət dəyişikliyi baş verir. Elə buna görə də konservləşdirilmiş və ya polietilen torbalara yığılmış bütün məhsullara dad vermək üçün mononatrium qlütamat kimi dadlandırıcılardan istifadə olunur. Ən əsas məsələlərdən biri maddənin miqdarıdır.

Əgər "Çin restoranı" sindromu özünü yüngül formada baş ağrıları, istilikbasma və tərləmə ilə büruzə verirsə, həkimin müayinəsinə o qədər də ehtiyac olmur. Verilən xörəkdən imtina etmək və bol miqdarda maye, xüsusən bitki dəmləmələri içməklə sindromun inkişafının qarşısını almaq mümkündür. Aptek çobanyastığı, yatıqqanqal otu, Hepartea və ya Qastren çaylarının dəmləməsindən istifadə etmək məqsədyönlüdür. Lakin əgər ağrılı əzələ spazmı, güclü ürəkdöyünmə, ürək nahiyəsində sıxılma, döş qəfəsi və qollarda ağrı, tənəffüsün pozulması, boğazda şişkinlik və qıcıqlanma yaranırsa mütləq həkim çağırmaq  lazımdır.

Ömründə bircə dəfə də olsun "Çin restoranı" sindromu yaşayanlar qidalanmaya xüsusi fikir verməlidir. Onlar hazır yeməklər, xüsusi ilə də tez hazırlanan şorba və makaronlar, konservləşdirilmiş ət və balıq məhsulları, kub şəklində olan bulyonlar, çips, hazır suxari kimi çərəzlər, restoranlarda isə ədviyyatlı souslardan istifadə etməməli, qida sifariş verərkən dadlandırıcılara qarşı allergiyası olduğunu gizlətməməlidirlər.

Mütəxəssis rəyi

3 yaşına qədər uşaqların qidasında heç bir qida əlavəsi, xüsusilə mononatrium qlütamat olmamalıdır. Yaxşı olar ki, evdə bişən yeməklərə ümumiyyətlə dadlandırıcılar əlavə edilməsin. Dadlandırıcılar ağız dadını dəyişməklə yanaşı allergiya törədir. Uşaqlar "fast-food"dan imtina etmək istəmədikdə, heç olmazsa, hazır qidalara məhdudiyyət qoyulmalıdır. Qəbul edilən mononatrium qlütamatın sutkalıq norması 0,5 qramdan artıq olmamalıdır.

Mənbə: Herba Flora jurnalı


Etiketlər:  Çin restoranı sindromu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ