Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rəşad Sadıqov: "Sürətli futbola hazır olmalıyıq"

Rəşad Sadıqov:

Tarix: 5 Dekabr 2021 21:00

"Gərgin və maraqlı oyun müşahidə edəcəyimiz öncədən bəlli idi".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XIII turunda "Qəbələ" ilə oyun barədə danışarkən deyib.

Doğma arenasında bölgə təmsilçisini qəbul edən bakılılar meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib.

Sadıqov oyunsonrası mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: "Son turlarda stabil çıxış edən iki komanda qarşılaşırdı. Sürətli futbola hazır olmalıyıq. İlk hissənin ortalarında gözlənilməz qol buraxdıq. Bir qədər sonra növbəti topu qapımızda gördük. 0:2 hesabına komanda çox yaxşı reaksiya verdi. Hücumlarımızı artırdıq, daha aqressiv çıxış etməyə başladıq. Hətta fərqi minimuma da endirdik. İkinci hissə, demək olar ki, bizim üstünlüyümüz şəraitində keçdi, hücumlar qurduq. Bəzi epizodlarda ələ düşən imkanlarda fərqlənə bilsəydik, bəlkə də, görüş başqa məcrada keçərdi. Təəssüf ki, hesabı bərabərləşdirə bilmədik. Vacib oyunda məğlub olduq".

- Gənc Rüstəm Nuriyevi 35-ci dəqiqədə əvəzləməyiniz psixoloji cəhətdən ona mənfi təsir göstərməz?
- Rüstəmi mən U-21 yığmasından tanıyıram, milliyə dəvət elədiyim futbolçu idi. Sadəcə, çox sərt, hərəkətli və aqressiv oyunçudur. Onu əvəzləməyimin yeganə səbəbi sarı vərəqə idi. Hesabda da geri düşmüşdük. Fasiləni gözləmək istədim, amma bunun da bir mənası yox idi. Müdafiəyəmeyilli oyunçunu hücumameyilli futbolçu ilə əvəzləmək istədim. Rüstəm əslində yaxşı oynayırdı. Əvəzləməyim onun çıxışı ilə əlaqəli deyildi. Sadəcə, çox istəkli və sərt futbolçudur və sarı vərəqə də aldıqdan sonra azlıqda qalmaqdan qorxdum. Meydançadan çıxanda da özünə bunu dedim. Oyunundan razıyam.

- Razısınız ki, "Qəbələ" 3 xala layiq idi?
- "Qəbələ"ni təbrik edirəm, möhtəşəm işləri görür. Amma bu gün bərabər səviyyədə mübarizə getdi. Hətta bəzi komponentlərdə biz daha üstün idik. Sadəcə, bu tip matçlarda rəqibin iki zərbəsi dirəyə dəyib qolla nəticələnirsə, qələbə qazanmaq çətin olur. Bizim də imkanlarımız oldu. Təbii ki, hesabı qorumağa çalışdılar. Bəlkə "Qəbələ" geridə olsaydı, onlar hücumda olacaqdılar. Belə oyunlarda əlinə düşən fürsətlərdən daha dəqiq yararlanan komanda qələbə qazanır. Cinah ötürmələrini gözləyirdik, buna uyğun oyun qurmuşduq. Nemanya Andelkoviçin əvəzlənməsindən sonra qol buraxdıq. Aparıcı müdafiəçimizin dəyişikliyi təbii ki, təsir etməyə bilməz. Nəticə fərqli də ola bilərdi. Bu elə oyun deyildi ki, məğlub olduğun zaman oyundan məyus olasan. Uşaqlar əllərindən gələni etdilər. Qarşımızda çətin rəqib var idi. Fasilədən sonra matçı çevirməyin çətin olacağını bilirdik. "Qəbələ" "Qarabağ" kimi rəqibə qarşı 90 dəqiqə qol buraxmayan komandadır. Onsuz da, səhvsiz oynamaq mümkün deyil. Cinah ötürməsi gəldi qolla nəticələndi, bir topu da cərimə zərbəsindən buraxdıq. Ehtiyatsızlıqdan cərimə zərbəsi qazandılar və fərqləndilər.

Milli.Az


Etiketlər:  Rəşad Sadıqov Sürətli futbola hazır olmalıyıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ