Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2021 09:45
Birinci Qarabağ Müharibəsinin qazisi, ehtiyatda olan baş leytenant Nuriyev Əli Şaban oğlu ev təmir edən şirkət tərəfindən dələduzluğa məruz qaldığını iddia edir.
Sonxeber.net APA TV-yə istinadən xəbər verir ki, Qarabağ qazisi Nərimanov rayonunda, Koroğlu Rəhimov küçəsi 1-də yerləşən mənzilini təmir etdirmək məqsədi ilə bu ilin iyun ayının 11-də özünü "AZ İNTEKST" MMC-nin direktoru kimi təqdim edən Cabbarov Ruhəddin Rasim oğlu ilə müqavilə bağlayıb. Ancaq nə biləydi ki, onu qarşıda boşalan cib, təmirsiz mənzil, əsəbi günlər gözləyir: "Həmin müqavilədə onun möhürü oldu. Müqaviləyə əsasən 2 ay müddətində ev təmir olunmalı, mən 32 min manat pul ödəməli idim. Qısa müddət ərzində mən mənzilimin təmiri üçün pul ödədim. Ödənilmiş məbləğ bağladığımız müqavilənin arxa səhifəsində onun öz imzası ilə təsdiq olundu".
2 ay bitir, amma Əli Nuriyevin mənzilinin təmiri bitmək bilmir. Evdə çalışan fəhlələr isə bildirirlər ki, onlara zəhmət haqqı ödənilməyib:
"Fəhlələrin etirazından sonra Ruhəddinlə əlaqə saxladıq. Dedi ki, mənim maliyyə problemim olduğundan təmir ləngiyib, fəhlələrə də pul ödəyə bilməmişəm. Bundan sonra hər şey yaxşı olacaq. Avqustun 8-nə təhvil verəcəyini dedi, ayın 26-sı oldu, yenə mənzil təmirsiz qaldı".
Bundan sonra Ruhəddin Cabbarovun qohumu Telman Fətəliyev adlı şəxs ona zəng edir və deyir ki, təmirin oktyabrın 1-nə qədər başa çadırlmasında yardımçı olacaq. Bunun üçün Telman Fətəliyev Əli Nuriyevdən əlavə olaraq 2600 manat pul istəyir.
Pul ödənir, əlavə müştərək müqavilə bağlanır. Telman Fətəliyev də aldığı pulu müqavilədə qeyd edir. Ancaq bundan sonra nə Telman Fətəliyevə, nə də Ruhəddin Cabbarova zəng çatır.
Əli Nuriyevin sözlərinə görə, Ruhəddin Cabbarov özünə məxsus olmayan şirkətin möhüründən istifadə edərək dələduzluq edir:
"Sonradan bizə məlum oldu ki, "Az İntekst" MMC əslində başqa şəxsin adına qeydiyyatdadır, amma möhürü Ruhəddindədir. Şirkətin rəhbəri vaxtilə Ruhəddinlə iş görüb. Amma sonra şirkət bağlanıb. Hətta möhürün itməsi barədə polisə məlumat verib etibarsız hesab olunması ilə bağlı qəzetdə elan dərc elətdirib. Lakin Ruhəddin möhürü özündə saxlayıb müqavilələr bağlayır. Vətəndaşlar da möhürlü olduğu üçün inanıb müqavilə bağlayırlar. Ruhəddin bu yolla onların inamını qazanır. Hazırda mənim kimi 20 nəfər zərərçəkmiş var. Onlardan elə ailə var ki, 20, 30 hətta 40 min manat ödəyib. Bizim inanmağımızın əsas səbəbi isə "Az İntekst" MMC şəriklərindən birinin aktyor Fərda Xudaverdiyev olmasıdır".