Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Qərbi inandırdı - İrəvanda hazırlıqlar başladı: çoxdan gözlənilən...

Azərbaycan Qərbi inandırdı - İrəvanda hazırlıqlar başladı: çoxdan gözlənilən...

Tarix: 16 Dekabr 2021 13:12

Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammiti də təsdiq etdi ki, regionda, bölgədə gündəmi Azərbaycan formalaşdırır. Dövlət başçısının Brüssel səfəri ilə bağlı gözləntilər gözləniləndən də artıq oldu deyə bilərik. Belə nəticə çıxdı ki, "status", Minsk Qrupu ilə bağlı narahatlığımız təsdiqini tapmadı. Xüsusilə də Avropa İttifaqının görüşlərin yekunu ilə bağlı bəyanatın Azərbaycanın mövqeyi ilə üst-üstə düşməsi rəsmi Bakı üçün yeni mərhələnin başladığına bir işarədir. 

Aİ-nin bəyanatının ilk paraqrafında Azərbaycanla Ermənistan arasındakı hazırki vəziyyəti "postkonflikt dövrü", "münaqişəni geridə qoymaq", "minaların təmizlənməsi", ilk dəfə olaraq "azərbaycanlı itkinlər" kimi ifadələrə yer verilməsi deyilənlərin təsdiqidir. Görüş zamanı Azərbaycana ənənəvi olaraq, "demokratiya"  "insan haqları" bəhanəsi ilə müəyyən təziqlərin ediləcəyi bu yolla Zəngəzur dəhlizi və regional məsələlərin ikinci plana salınacağı düşünülürdü ki, bu istiqamətdə də heçnə baş vermədi.

Bu, rəsmi Bakının növbəti və uzun müddətli diplomatik qələbəsi deməkdir, eyni zamanda Azərbaycanın Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar fonunda etdiyi diplomatik manevrlərin nə qədər uğurlu, dəqiqliklə hesablanmış olduğunun növbəti göstəricisidir. Brüssel səfərindən ümumi belə nəticə çıxır ki, ötən 1 il ərzində gündəliyi Azərbaycan formalaşdırıb. Region dövlətləri ilə yanaşı artıq Ermənistanın arxayın olduğu Qərbin beynəlxalq təsisatları, beyin mərkəzləri, himayədarı olan dövlətləri də bu reallığı qəbul etməyə başlayıblar.

Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin Brüsseldə keçirilən VI sammitinin yekunu olaraq qəbul edilən birgə bəyanat rəsmi Bakının mövqeyini tam əks etdirir. Birgə bəyanata əsasən Avropa İttifaqı bütün tərəfdaş ölkələrin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü onların beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dəstəkləyir ki, bu da Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkməyən revanşist qüvvələrə Qərbin verdiyi tutarlı cavab oldu. Həm NATO-nun Baş katibi Yens Stoltenberqin, həm də Şarl Mişelin açıqlamaları Azərbaycanın ərazi bütövüyünün tam dəstəkləndiyini və bu istiqamətdə arxadan hər hansı bir iş görülmədiyini ortaya qoydu. Yəni bununla da Qarabağın "status"u ilə bağlı söhbətlər tarixin arxivinə getdi. Bu, İlham Əliyev tərəfindən də qeyd edildi ki, münaqişə tamamlanıbdır və hər hansısa şəkildə "status" məsələsi də müzakirə predmeti ola bilməz. 

Brüssel səfəri bir məqama da aydınlıq gətirdi: Səsləndirilən bəyanatlar, edilən açıqlamalar, aparılan müzakirələr onu da göstərdi ki, ermənilərin bu vaxta kimi apardığı heç bir anti-Azərbaycan "layihə"sini burada gerçəkləşdirə bilmədilər.  

Brüssel görüşündə ən diqqət çəkən məqamlardan biri də Ermənistan rəhbərliyinin Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməməsi olub. Demək olar ki, az qala hər çıxışında, digər  dövlət və hökümət adamları ilə hər görüşündə ritorikasında rəsmi Bakını hədəf seçən ifadaələrə yer verən Nikol Paşinyanın bu dəfəki davranışı nə qədər qəribə səslənsə də bir şeyi daha da aydınlaşdırdı: Bir daha təsdiq olundu ki, Paşinyanın əsl ağası kimdir və onun üçün kimin qərarı daha önəmlidir. Elə bu səbəbdəndir ki, Paşinyan Soçidə baş. tutan Azərbaycan və Rusiya Prezidentləri ilə üçtərəfli qeyri-formal görüşdə qəbul edilən bəyanata növbəti dəfə zidd çıxmasına baxmayaraq Qərbin Brüsseldə mövqeyini öyrənəndən sonra əvvəlki aqresiyasından əlamət hiss edilmədi.

Ermənistan hökuməti Brüssel razılaşmasını yüksək qiymətləndirir və hesab edir ki, regionda əsaslı dəyişikliklər olacaq. Söhbət hansı dəyişikliklərdən gedir?

Təbii ki, ortada keçən ilə kimi geridə qalan 30 il ərzində bir işğal faktı var idi. Hətta Azərbaycan torpaqlarında qondarma "respublika" da yaratmışdılar, hətta iş o yerə çatmışdı ki, qondarma rejimin əski parçası altında beynəxlaq hüquqa zidd olaraq bir çox qısa heyyətli də olsa beynəlxalq müsabiqə, yarışlar keçirmək təşəbbüsləri də olub. Bu sadalananlar işğalçılıq dövründə müşahidə edilən oyunların tərkib hissəsi idi. Lakin indi Ermənistan hökümətinin "regionda əsaslı dəyişikliklər olacaq" deyərkən 44 günlük müharibədən sonra Azərbaycanın regionda yaratdığı yeni geosiyasi vəziyyətə uyğun olaraq nəzərdə tutduğu bir məsələ ola bilər. Bu məsələ də 10 noyabr, 11 yanvar və 26 noyabrda qəbul edilən bəyanatların müddəlarını təşkil edən öhdəliklərdən ibarətdir ki, regionda əsaslı dəyişikliyi indiki halda yalnız bu mələ çərçivəsində etmək mümkündür. 

Brüssel görüşlərindən çıxarılan nəticə də belə deməyə əsas verir ki, Qərb də Ermənistana izah etdi ki, sənin Azərbaycan qarşısında götürdüyün öhdəlikləri yerinə yetirməkdən başqa çıxış yolun qalmadı. Çox güman ki, Nikol Paşinyan bunu istər Avropa İttifaqının rəhbəri Şarl Mişel və Azərbaycan Prezidenti ilə, istərsə də Emanuel Makronla baş tutan üçtərəfli birgə görüş zamanı da anladı və bütün ümidlərinin, gözləntilərinin bitdiyini dərk etdi.

Prezident İlham Əliyevin Brüssel görüşünü dəyərləndirərkən bildirdikləri də deyilənlərin bir növ təsdiqidir demək olar. Dövlət başçısı Brüssel görüşünü əvvəlkilərdən fərqləndirərək bildirib ki, bu, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün əlverişli zəmin yarandığını göstərir. Dövlət başçısı onu da əlavə edib ki, Ermənistanın baş naziri ilə 5 saata yaxın davam edən müzakirələr konstruktiv mühitdə keçdi. Bununla da Azərbaycanın Ermənistana yeni reallığı qəbul etdirməyi bacarmağa başladığını deyə bilərik.

Ermənistanın bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar, gedən informasiyalara diqqət yetirdikdə rəsmi İrəvanın artıq ictimaiyyətinə götürdükləri öhdəliklərin həyata keçirilməsinin onlar üçün də nə qədər həyati əhəmiyyət daşıdığını aşılamaq istəyi rəsmi Bakının diplomatik səylərinin artıq effektini verməyə başladığını təsdiqləyir. 

Ermənistanın Baş naziri Nikol Paşinyanın "Arazdəyən - Culfa-Ordubad-Mehri-Horadiz" dəmir yolu layihəsindən (Zəngəzur dəhlizi) danışarkən səsləndirdiyi "Azərbaycanla razılaşmanı qiymətləndirməmək mümkün deyil. Bu, mühüm razılıqdır və ümid edirəm ki, biz onu dəqiqliklə gerçəkləşdirəcəyik. Bu, bölgədə iqtisadi, siyasi, eləcə də təhlükəsizlik mühitini dəyişəcək vacib layihədir" fikirləri deməyə əsas verir ki, Azərbaycan Prezidenti nəyinki Avropanı, eyni zamanda Paşinyanı da Brüsseldəki ikitərəfli görüşdə inandırmağı bacardı ki, İrəvanın başqa şansı yoxdur, bu, sonuncudur!

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Azərbaycan Qərbi inandırdı İrəvanda hazırlıqlar başladı çoxdan gözlənilən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ