Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2021 14:38
Şəki Şəhər Rayon Polis Şöbəsinə 9 nəfərin qida zəhərlənməsi diaqnozu ilə Mərkəzi Xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Sonxeber.net-a bildirib ki, həmin şəxslər ifadələrində şəhər ərazisində yerləşən "Gənclik" kafesində dönər yedikdən sonra səhhətlərinin pisləşdiyini bildiriblər.
Məlumat daxil olandan dərhal sonra Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının da iştirakı ilə həmin obyektə baxış keçirilib, dönərin hazırlanmasında istifadə olunan qida məhsullarından qalan nümunələr qablaşdırılaraq götürülüb.
Xəstəxanaya müraciət edən şəxslər barəsində isə məhkəmə tibbi ekspertiza təyin edilib.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 200.4-cü (pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri həyata keçirilir.