Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2021 22:22
Səkkiz il Murovdağda xidmət edən Vətən Müharibəsi şəhidi, mayor Rahib Babayevin həyat yoldaşı Aygün Babayeva ailəsinin yeni mənzillə təmin olunmasını istəyir. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Bildirib ki, evin vəziyyətinə görə üç aydır kirayədə yaşayırlar. A.Babayeva əlavə edib ki, uşaqlarını hər gün Bakıya məktəbə gətirir.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, problemlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət edilib.
Agentlikdəncavab olaraq bildirildi ki, şəhid Babayev Rahib Bəxtiyar oğlunun ailəsi də digər şəhid ailələri kimi dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
"Şəhidin ailəsinə (həyat yoldaşı Babayeva Aygün İntiqam qızına və üç uşağına) birdəfəlik sığorta ödənişi (11 min manat), "YAŞAT" Fondu tərəfindən 10 min manat maddi yardım edilib. Eyni zamanda, ailəyə Prezidentin aylıq təqaüdü (500 manat), ailə başçısını itirməyə görə aylıq pensiya (2798 manat) və uşaqlarına aylıq müavinət (63 manat) formasında ümumlikdə hər ay 3361 manat sosial ödəniş edilir.
Hazırda dörd nəfərlik ailə tərkibi olan ailənin özünün üçotaqlı mənzili var və xeyriyyəçi iş adamı tərəfindən mənzil təmir etdirildiyi üçün ailə müvəqqəti kirayədə yaşayır. Sumqayıt şəhər İH-də mənzil növbəsində olan ailəyə hazırda özünün üçotaqlı mənzili, yəni ailə tərkibinə uyğun yaşayış sahəsi olduğu üçün əlavə birotaqlı mənzil verilməsi təklif olunsa da, şəhidin həyat yoldaşı Aygün Babayeva bu mənzildən imtina edir".
Xatırladaq ki, şəhid ailəsinin mənzil problemi bundan əvvəl də saytımızda işıqlandırılıb. O zaman Sumqayıt Şəhər İcra Hakimiyyətindən şəhid ailəsinin istisna hal kimi mənzil növbəsinə alındığı bildirilmişdi.
Qeyd edək ki, Azərbaycan Ordusunun mayoru Rahib Babayev Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Murovdağ istiqamətində şücaət göstərib, "Canavar" postunun alınmasında iştirak edib. Düşmənin atdığı artilleriya mərmisindən ağır yaralanıb və sentyabrın 30-da şəhid olub. Oktyabrın 2-də Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.