Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sağlığında ürəklərdə taxt quran şəhid Rauf Əsgərov - VİDEO

Sağlığında ürəklərdə taxt quran şəhid Rauf Əsgərov - VİDEO

Tarix: 20 Dekabr 2021 16:36

O, ehtiyatda olan baş leytanant kimi hər an vətənin çağırışına hazır hiss edirdi özünü. General Polad Həşimov şəhid olanda qisas gününün yaxınlaşdığını duymuş və Səfərbərlik idarəsinə müraciət etmişdi. Savaşa artıq hazırlamışdı özünü sanki, elə şəhadətə də. Söhbət, vətən müharibəsində Füzulinin azad olunmasında göstərdiyi qəhrəmanlıqlara görə 3 medal və 1 ordenlə təltif edilmiş ehtiyatda olan baş leytenant Rauf Əsgərovdan gedir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, 1978-ci ildə Gəncədə doğulmuşdu şəhid Rauf Əsgərov. Ali təhsilli elektroenergetika mühəndisi və ehtiyatda olan zabit idi. Bu kadrlar vətən müharibəsinə yollandığı vaxt çəkilib. Kadrlarda dostları ilə sagollaşaraq halallıq aldığı görünür. 

44 günlük vətən müharibəsinə ehtiyatda olan zabit kimi qatılan Rauf Füzulinin azadlığı uğrunda gedən döyüş əməliyyatlarında böyük şücaət göstərib.

Dostları Raufun daim qisas hissi ilə yaşadığını bildirirlər. Deyirlər ki, o torpaqlarımızın işğalda olması ilə heç zaman barışmayıb. 

Füzulinin bir sıra kəndlərinin alınmasında igidlik göstərən baş leytenant ötən il oktyabrın 26-da Mərdinli kəndində şəhadətə ucalıb. 3 övladını uğrunda şəhid olduğu Vətənə əmanət edib. İndi onlar atalarının adını qürurla anırlar.

Qəhrəman şəhidimiz ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 

Milli.Az


Etiketlər:  Sağlığında ürəklərdə taxt quran şəhid Rauf Əsgərov VİDEO


RƏYLƏR