Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maturidi kimdir?

Maturidi kimdir?

Tarix: 2 Yanvar 2022 23:10

Bu dəfə haqqında danışacağım imam, Əhli Sünnə kəlamına damğasını vurmuş, lakin həyatı layiqincə qələmə alınmamış bir imamdır. Allahın izni ilə Əbu Mənsur Muhəmməd bin Muhəməd bin Mahmud əl Maturidi, əs Səmərqəndi əl Hənəfi haqda danışacağam.

Bu imamın yazdıqlarını oxuyan, imam Əbul Muin ən Nəsəfinin də dediyi kimi, onun kəramət sahibi və Allah tərəfindən dəstəklənən biri olduğunu anlayar. Lakin təəssüflər olsun ki, bu cür imamın haqqı, hənəfi tabaqat yazarları tərəfindən layiqincə verilməyib. Yəni onun həyatı, lazımi genişlikdə qələmə alınmayıb.

Halbuki, hənəfilərə düşən, onun haqda, imam Tacuddin əs Subkinin, Əbul Həsən əl Əşari haqda yazdığı kimi yazmaq idi.

Bəlkə də ümumi olaraq hənəfi, xüsusi olaraq Səmərqənd və Məvəraənnəhr bölgəsindəki hənəfilərin tərcümeyi halının qələmə alınması gecikdiyi üçün bu durumla üzləşməyə məcbur qalmışıq.

Bu səbəbdən mən də uca Allahın yardımına sığınaraq bu böyük imam haqda bir az geniş şəkildə danışmaq istədim. Təbii ki, bu miqdara da geniş demək olmaz. İmam Maturidi, haqqında kitab yazılacaq bir imamdır.

Lakin tabaqat kitablarında keçən miqdardan daha geniş bir yazı hazırlamaq istədim. Müvəffəqiyyət Allahdandır.

-----------------------------------------------------------------------------

İmam Maturidinin doğum tarixi.

Təəssüflər olsun ki, imam Maturidinin doğum tarixi haqda tabaqat kitablarında bir bilgiyə rast gəlmək mümkün deyil. Buna baxmayaraq, onun doğum tarixini təxmini də olsa müəyyən etmək mümkündür. Belə ki, şeyxlərindən olan Nuseyr bin Yəhya əl Bəlxi hicri 268-ci ildə vəfat etmişdir. Bu da onu göstərir ki, imam Maturidi hicri 250-ci ildən öncə dünyaya gəlib.

Digər şeyxi Əhməd bin İshaq əl Cüzcaninin isə vəfat tarixi bilinmir. Lakin o, Əbu Süleyman əl Cüzcaninin tələbəsidir. Əbu Süleyman əl Cüzcaninin də vəfat tarixi dəqiq bilinmir. Lakin bəzi qaynaqlarda onun hicri 200-cü ildən sonra vəfat etdiyi deyilir.

Əbu Süleymanın hicri 210-cu ildə, tələbəsi Əbu Bəkr Əhməd bin İshaqın da hicri 250-ci ildə vəfat etdiyini, fərz etsək, üstəlik Maturidinin digər şeyxi Muhəmməd bin Muqatil ər Razinin hicri 248-ci ildə vəfat etdiyini nəzərə alsaq Maturidinin təxminən 230-235-ci illər civarında dünyaya gəldiyini deyə bilərik ki, bu da vəfat etdiyi zaman yaşının yüzə yaxın və yaxud yüzdən çox olduğunu təxmin etməmizə imkan verir.

-----------------------------------------------------------------------

İmam Maturidinin yaşadığı dönəm və yetişdiyi mühit.

İmam Əbu Mənsur əl Maturidi, Abbasilər dövlətində yaşamışdır. Daha dəqiq desək, İkinci Abbasi dönəmi adlanan parçalanma və zəifləmə dönəmində. Bu dönəmdə Abbasilər dövlətində daxili parçalanmalar və bölünmələr olduqca yayğın hal almışdı.

Bu dönəm, türklərin Abbasilər dövlətində ağırlıq sərgilədikləri dönəm olduğundan ona "Türk Mühafizləri Dönəmi" mənasına gələn "Asrul Hərasit Turki" də deyilir.

Bu dönəmdə hökm üstündə daxili savaşlar artmış, Xilafət içində, Xəlifənin möhüründən və adından başqa heç bir rolu keçməyən müstəqil hakimiyyətlər qurulmuşdu. İmam Maturidinin yetişdiyi Səmərqənd şəhəri də bu formada Samanoğullarının hakimiyyəti altında idi.

Bu dönəmdə etiqadi firqə olaraq meydanda Əhli Sünnədən əlavə, Hənəbilə, Kərramiyyə, Qaramita, Rəvafid və Mötəzilə firqələri var idi. Xüsusən Mötəzilə firqəsi bu dönəmdə daha da fəal idi.

İmam Maturidi, Səmərqənddə ənənəvi hənəfilik ortamında yetişmişdir. Hənəfi irsinə sadiq şeyxlərdən dərs almış, onların yanında yetişmiş və onlar vasitəsi ilə həm etiqadi, həm də fiqhi hənəfiliyi mənimsəmişdir.

İmam Əbu Mənsur əl Maturidinin hənəfi olmayan bir şeyxdən dərs alıb-almadığı haqda dəqiq bir söz deyə bilməyəcəyəm. Lakin kitablarda adı keçən şeyxləri, eləcə də tələbələri hamısı hənəfidir.

Bir sözlə, Əbu Mənsur əl Maturidi, bidət firqələrin yayğın olduğu və kəlami mübarizənin yüksək həddə çatdığı bir dönəmdə, Səmərqənd kimi hənəfilik diyarında, ənənəvi hənəfilər arasında yetişmişdir.

--------------------------------------------------------------

Şeyxləri.

Yuxarıda qeyd etdiyim kimi, imam Əbu Mənsur əl Maturidi, ənənəvi hənəfiliyi ilə tanınan Səmərqənd diyarına aid elm əhlinin yanında yetişmiş birisidir. Ən çox faydalandığı və yanında yetişdiyi şeyxi, Əhli Rəy imamlarından Əbu Nasr Əhməd bin əl Abbas bin əl Hüseyn əl İyadidir. Bu zat, İdrisinin "Tərixu Səmərqənd" kitabında qeyd etdiyi kimi, elm və cihad sahibi birisi idi.[1]

Quraşinin də dediyi kimi, elmi, təqvası, yazdığı əsərləri, cəsarəti və heybəti səbəbi ilə Əbu Nasr əl İyadinin önünə çıxa biləcək birisi yox idi.[2]

Əbu Nasr əl İyadi, oğlu ilə çıxdığı cihadda kafirlər tərəfindən əsir alınmış və şəhid edilmişdir. Şəhid edildiyi zaman tərk etdiyi tələbələri arasında Əbu Mənsur əl Maturidi səviyyəsində qırx nəfər var idi.[3]

Bəli, imam Əbu Mənsur əl Maturidi, bu cür bir imamın yanında yetişmişdir.[4]

Onu da qeyd edim ki, imam Əbu Mənsur əl Maturidinin bu şeyxi, həm də onunla birgə Əbu Bəkr əl Cuzcanidən elm almışdır.[5]

Dərs aldığı şeyxlərindən bir digəri, Əbu Bəkr, Əhməd bin İshaq əl Cüzcanidir. Bu zat, imam Muhəmmədin tələbəsi Əbu Süleyman əl Cüzcaninin tələbəsidir. Həmçinin tələbələri arasında imam Maturidinin şeyxi Əbu Nasr əl İyadi kimi kəslər də var. Məhz onun haqda mühəqqiq imam Əbul Muin ən Nəsəfi belə deyir:

"Ümumi və xüsusi olaraq bir çox elmdə yüksək dərəcə və ali mərtəbə sahibi idi. Onun "əl Fərqu vət Təmyiz", "ət Tövbə" və başqa kitablarını görən hər kəs, nə qədər yüksək məqama sahib bir zat olduğuna şahid olar".[6]

İmam Əbu Mənsur əl Maturidi, Əhli Rəyin öndəri Əbu Hənifənin "əl Alim vəl Mutəallim" kitabını məhz bu şeyxi yolu ilə rəvayət edir.

Nuseyr bin Yəhya əl Bəlxi də imamın şeyxləri arasındadır. Bu zat da imam Muhəmmədin tələbəsi Əbu Süleyman əl Cüzcanidən fiqh öyrənmiş birisidir.

İmamımız Əbu Mənsur əl Maturidi, həmçinin məşhur imam Muhəmməd bin Muqatil ər Razidən də elm almışdır.[7] Ondan imam Əbu Hənifənin kitablarını rəvayət etmişdir.[8]

Muhəmməd bin Muqatil ər Razi, müxaliflərə rəğmən Əhli Rəyin sayılıb seçilən imamlarındandır. Fəqihdir, allamədir. Rey diyarının qazisidir. İmam Muhəmmədin yaxın əshabındandır. Mühəddislərin onun haqda dediklərinə gəlincə, bu sırf Əhli Rəydən olması və rəyə olduqca çox önəm verməsi səbəbiylədir. Elə bu səbəbdən İbn Həcər əl Asqalani Buxarinin onun haqda dediklərini qeyd etdikdən sonra belə deyir: "Zənnimcə rəyə (bağlı olmasına) görə belə deyib".[9]

--------------------------------------------------------------------------------------------------

Tələbələri.

İmam Əbu Mənsur əl Maturidinin yetişdirdiyi tələbələri, onun nə dərəcədə böyük birisi olduğuna dəlalət edir. Belə ki, tələbələri arasında Əli bin Səid ər Rustuğfəni kimi imam var. Bu zat Səmərqəndin böyük imamlarındandır. Adı Əhli Rəyin üsul, və kəlam kitablarında tez-tez hallanan bir imamdır. İmam Əbu Mənsur əl Maturidinin tələbələrinin böyüklərindəndir.[10] Onun yanında yetişmiş imamlardandır.[11]

Əli bin Səid ər Rustuğfəni deyir:

"Hidayət imamı Əbu Mənsur əl Maturidini yuxuda gördüm. Mənə belə dedi: Ey Əbul Həsən, Allah ömründə namaz qılmayan bir qadını bağışladı. Bilirsənmi?

Belə dedim: Nə səbəbə bağışladı?

Belə dedi: Müəzzini dinləməsi və əzana cavab verməsi (yəni təkrarlaması) səbəbi ilə".[12]

Hikməti və möizələri səbəbi ilə Həkim adlanan qazi İshaq bin Muhəmməd əs Səmərqəndi də imamın tələbələrindəndir. Bu zat uzun illər Səmərqənddə qazilik etmiş və həyat tərzi insanların öygüsünə məzhər olmuşdur.

Əbu Əhməd əl İyadi də imama tələbəlik etmiş və bir çox elmi onun yanında öyrənmiş kəslərdəndir.[13] Bu zat imam Maturidinin şeyxi Əbu Nasr əl İyadinin oğludur. Atası şəhid olarkən, o da onunla birgə cihada çıxmış yeniyetmə idi.[14] Həkim əs Səmərqəndi onun haqda belə deyir:

"Yüz ildən bəri Xorasandan və Məvəraənnəhr bölgəsindən, elmdə, fiqhdə, münazərədə, dindarlıqda, təmizlikdə və siqa olmaqda fəqih Əbu Əhməd əl İyadi kimisi çıxmamışdır".[15]

Mühəddis, imam Abdul Kərim bin Musa əl Bəzdəvi də imam Əbu Mənsur əl Maturidinin tələbələrindəndir.[16] Bu zat imam Əbul Yusr əl Bəzdəvinin babasıdır. Alim və zahid bir zatdır.

---------------------------------------------------------------------------------------

Əsərləri

İmamımız Əbu Mənsur əl Maturidi qələmi iti və əsərləri bol birisidir. Bir çox sahədə əsərlər qələmə almış bir imamdır.

Əqidə sahəsindəki qələmə aldığı əsərlər arasında "Kitəbut Tövhid", xüsusi dəqiqliyi ilə seçilən bir kitabdır. Bu kitabda imam Maturidi hənəfi etiqadını güclü kəlami bir üslubla dəstəkləyərək müxaliflərə rəddiyə vermişdir.

Ümumi olaraq Mötəzilə firqəsinə rəddiyə olaraq "Bəyənu Vəhmil Mutəzilə" kitabını qələmə almışdır. Xüsusi olaraq müasiri olan mötəzili imam Abdullah bin Əhməd əl Bəlxi əl Kabiyə də bir çox rəddiyəsi var. "Raddu Əvailil Ədillə", "Raddu Təhzibil Cədəl", "Raddu Kitəbi Vaidil Fussaq" kitabları məhz Kabiyə rəddiyə olaraq qələmə aldığı əsərlərdir.

Digər bir mötəzili imam Əbu Amr əl Bəhiliyə rəddiyə olaraq isə "Raddu Usulil Xamsə" kitabını yazmışdır.

İmam Əbu Mənsur əl Maturidinin rəddiyələri təkcə Mötəzilə firqəsinə yönəlik deyildi. O, həm də rafizilərə və qarmatilərə rəddiyə yazmış bir imamdır. Onun "Raddul İməmə" kitabı rafizilərə, "ər Raddu alə Usulil Qaramita" və "ər Raddu alə Furuil Qaramita" kitabları isə qarmatilərə yazdığı rəddiyələrindəndir.

İmamın qələmə aldığı əsərlər təkcə etiqad və kəlam sahəsində də deyil. O həm də fiqh üsulu elmində "Kitəbul Cədəl" və "Məaxizuş Şərai" kimi əsərlər qələmə almışdır. Məhz bu iki kitab haqda imam Aləuddin əs Səmərqəndi belə deyir:

"Əshabımızdan (hənəfilərdən) -Allah onlara rəhmət etsin- bu növdə (fiqh üsulunda) yazılmış kitablar iki qismdir:

Birinci qism olduqca dəqiq və mahir şəkildə qələmə alınmış kitablardır. Bu kitabların bu cür olması, müəlliflərinin həm üsul (əqidə və kəlam) həm də füru (fiqh) elmini cəm etmələri, şərii və əqli elmlərdə dərinləşmələri səbəbi ilədir. Bu qismə misal olaraq şeyx, zahid imam, Əhli Sünnənin rəisi Əbu Mənsur əl Maturidi əs Səmərqəndinin -Allah ona rəhmət etsin- "Məaxizuş Şərai" və "Kitəbul Cədəl" əsərlərini göstərmək olar. Eləcə də onun iki müəlliminin və əshabının -Allah onlara rəhmət etsin- yazdığı kitabları misal çəkə bilərik".[17]

Təfsir sahəsində qələmə aldığı "Təvilətu Əhlis Sunnə" və yaxud "Təvilətul Quran" adlı möhtəşəm təfsiri də var. Məhz bu təfsiri haqda imam Əbul Muin ən Nəsəfi "Bu sahədə o kitabın tayı-bərabəri olan ikinci bir kitab yoxdur. Hətta bu elmdə ondan öncə qələmə alanmış əsərlər belə onun səviyyəsinə yaxın da deyil" deməkdədir.[18] Hafiz Abdul Qadir əl Quraşi də bu sözü eyni ilə təkrarlayır. [19]

İmam Əbu Mənsur əl Maturidinin, "əl Məqalət" adlı digər bir kitabı da mövcuddur. Kitabın hansı mövzuda olması haqda dəqiq bir söz deyə bilmərəm. Lakin böyük ehtimal elə Əşarinin "əl Məqalət" kitabı kimi firqələrin inancından bəhs edən bir kitabdır. İmam Əbul Muin ən Nəsəfi, "Təbsiratul Ədillə" kitabında, bu kitabdan bolca nəqllər qeyd edir.

-----------------------------------------------------------------------

İmam Əbu Mənsur əl Maturidinin Əhli Rəy qatındakı yeri.

İmamımız Əbu Mənsur əl Maturidinin Əhli Rəy yanındakı yeri olduqca ucadır. Bu istər etiqad və kəlam, istər fiqh, istərsə də üsul elmlərində olsun fərq etməz.

İmam Əbu Mənsur əl Maturidi, Əhli Rəyin öndər imamı Əbu Hənifənin etiqadi görüşlərini heç kəsin edə bilməyəcəyi şəkildə təhrir etmiş, onları əsaslandırmış və müxaliflərə rəddiyə vermişdir. Bu haqda Bəyadizadə belə deyir:

"Əbu Hənifənin o kitablarını imam Əbu Mənsur Muhəmməd bin Muhəmməd bin Mahmud əl Maturidi əl Ənsari Əbu Bəkr Əhməd bin İshaq əl Cuzcani və Əbu Nasr Əhməd əl İyadi -- Əbu Süleyman əl Cuzcani -- Əbu Yusuf və Muhəmməd sənədi ilə rəvayət etmişdir. Həmçinin Nuseyr bin Yəhya və Muhəmməd bin Muqatil ər Razi -- Əbu Muti əl Həkəm bin Abdullah və Əbu Muqatil Hafs bin Sələm əs Səmərqəndi -- İmamlar imamı Əbu Hənifə sənədi ilə rəvayət etmişdir. Bu kitablarda keçən üsulları öz kitablarında qəti dəlillərlə təhqiq etmiş, onlardan çıxan məsələləri yəqini bürhanlarla gözəl şəkildə qeyd etmişdir".[20]

Əhli Rəyin etiqadi və kəlami görüşlərini təhqiq və təhrir edən digər məşhur imam Əbul Muin ən Nəsəfi, məhz bu üzdən imam Əbu Mənsur əl Maturidi haqda "Əbu Hənifənin (etiqadi) məzhəbini ən dərin biləndir" demişdir.[21]

Fiqhə və fiqh üsuluna gəlincə, Əhli Rəyin Səmərqənd mədrəsəsinin şeyxi, məhz imam Əbu Mənsur əl Maturididir. Əhli Rəyin fiqh və fiqh üsulu kitablarında, imam Əbu Mənsur əl Maturididən gətirilən nəqllər olduqca boldur.

İmam Əbu Mənsur əl Maturidinin Əhli Rəyin kəlam və əqidə sahəsində imaməti, onun fiqh üsulu sahəsində imaməti deməkdir. Şəkk yoxdur ki, fiqh üsulu elmi, elə kəlam elminin uzantısıdır. Bu üzdən imam Aləuddin əs Səmərqəndi, özünün "Mizənul Usul fi Nətəicil Uqul" kitabını "Şəkk yoxdur ki, fiqh və əhkam üsulu elmi, kəlam üsulu elminin bir şaxəsidir" sözü ilə başlayır.[22]

Bundan sonra imam Əbu Mənsur əl Maturidinin Əhli Rəy, xüsusən Səmərqənd məşayixinin yanındakı uca məqamı təəccüblü olmamalıdır. Başqa nə cür ola bilərdi? Axı o, Səmərqənd məşayixinin şeyxidir.[23] Əhli Rəy üsulçularından Əbus Səna əl Lamişi, imam Əbu Mənsur əl Maturidinin, Səmərqənd məşayixinin ən böyüyü olduğunu açıq şəkildə ifadə edənlərdəndir.[24]

------------------------------------------------------------------

Haqqında deyilənlər

Şeyxi Əbu Nasr əl İyadi, imam Maturidi məclisə gəlmədən öncə dərsə başlamazdı. Onu uzaqdan gördüyü zaman təəccüblə ona baxar və "Rəbbin dilədiyini yaradar və seçər"[25] ayəsini oxuyardı.[26]

Tələbəsi imam Əbul Qasim əl Həkim əs Səmərqəndi, imam Maturidi vəfat edərkən qəbrinin üzərinə bu cür yazılmasını söyləmişdir:

"Bu qəbir, nəfəsi ilə elm saçan, elmi yaymaq və öyrətmək yolunda bütün gücü ilə çalışan, dində saldığı izləri sevilən və ömrü bərəkətli keçmiş birisinin məzarıdır".[27]

Əhli Rəy mütəkəllimlərindən imam Əbul Yusr əl Bəzdəvi deyir:

"Zahid imam, şeyx Əbu Mənsur əl Maturidi əs Səmərqəndinin Əhli Sünnə vəl Camaat yolu üzərə Tövhid elmində qələmə aldığı kitabları var. O, Əhli Sünnə vəl Camaatın rəislərindən idi və kəramətlərə sahib birisi idi. Atam şeyx imam -rahiməhullah- mənə babası zahid imam şeyx Abdul Kərim bin Musadan onun (Əbu Mənsur əl Maturidinin) kəramətlərini nəql etmişdir".[28]

Əhli Rəyin mühəqqiq imamlarından olan Əbul Muin ən Nəsəfi deyir:

"Onlar (qeyd etdiyi kəlami bir məsələdə həmfikir olan alimləri qəsd edir) arasında, imam Əbu Mənsur əl Maturididən -Allah rəhmət etsin- başqası olmasaydı belə, yenə onun varlığı tək kifayət edərdi. Təkcə onun varlığı, ağıl və din sahiblərini, onun mənimsədiyi rəyi eyibləməkdən çəkindirməyə yetərdi. O, elm dənizlərinə dalaraq, oradan elmin dürri-incilərini çıxarmış, dini dəlillərlə dəstəkləmiş, onları fəsahəti, aşıb-daşan elmi və gözəl ustalığı ilə bəzəmiş birisidir.

Bu səbəbdəndir ki, vəfat etdiyi zaman Əbul Qasim əl Həkim, qəbri üzərinə bu sözlərin yazılmasını əmr etmişdir: "Bu qəbir, nəfəsi ilə elm saçan, elmi yaymaq və öyrətmək yolunda bütün gücü ilə çalışan, dində saldığı izləri sevilən və ömrü bərəkətli keçmiş birisinin məzarıdır. Allah ona rəhmət etsin".

Fəqih Əbu Əhməd əl İyadi, şeyx Əbul Həsən ər Rustuğfəni -Allah hər ikisinə rəhmət etsin- və o ikisindən başqa dərin alimlər də bir çox dini elmlərdə məhz onun yanında yetişmişdir.

Onun "Kitəbut Tövhid", "əl Məqalət", "Raddu Əvailil Ədillə lil Kabi", "Raddu Təhzibil Cədəl lil Kabi", "Bəyənu Vəhmil Mutəzilə" kitablarını, Kabinin, fasiqlərə yönəlik əzab müjdəsi haqda yazdığı kitaba verdiyi rəddiyəsini,[29] Əbu Amr əl Bəhiliyə rəddiyə olaraq yazdığı "Raddu Usulil Xamsə" kitabını, bəzi rafizilərə rəddiyə olaraq qələmə aldığı "Raddu Kitəbil İməmə" əsərini, qarmatilərə rəddiyə olaraq qələmə aldığı iki kitabını, -ki birində onların məzhəblərinin üsuluna,[30] bir digərində isə məzhəblərinin fürusuna[31] rəddiyə yazıb- fiqh üsulundan qələmə aldığı iki kitabını -ki, biri "Məaxizuş Şərai", bir digəri də "əl Cədəl" adlanır- və başqa kitablarını görən və oradakı incəliklərdən və heyrətamiz mənalardan bəzilərinə şahid olan, gizli dəlalət məqamlarını üzə çıxarmasına və onlarla nə cür istinbat etməsinə, ilzam və iltizam qaydalarına nə cür riayət etdiyinə, fəhmi ilə öyünən müxaliflərin etiqadını çürütmək üçün ortaya qoyduğu mücadələ üsulunda ədəbə nə cür riayət etdiyinə, möminlərin qəlbini rahatlatmaq və yəqinlərini artırmaq üçün hər bir məsələ haqda gətirdiyi bürhanlardan bəzisinə şahid olan hər bir kəs, onun kəramət sahibi birisi olduğunu anlayar. Bilər ki, o, Allah tərəfindən bir çox mövhibə verilmiş, Onun tərəfindən dəstəklənmiş bir zatdır. Anlayar ki, o, Ğaniyy və Həmid olan Allah tərəfindən doğru yol lütf edilmiş birisidir.

Təkcə onda cəm olunan dini elmlər, hikmət dolu bilgilər, hətta bundan sonra da adi halda önə çıxan və çalışan kəslərdə cəm olmayacaqdır. Bu üzdən onun müəllimi şeyx Əbu Nasr əl İyadi -Allah hər ikisinə rəhmət etsin- şeyx Əbu Mənsur gəlmədən öncə elm məclisində sözə başlamazdı. Hər dəfə onu uzaqdan gördüyü zaman təəccüblə baxar və "Rəbbin dilədiyini yaradar və seçər"[32] ayəsini oxuyardı.

Onun Quran təvilləri haqda qələmə aldığı kitabına gəlincə,[33] bu sahədə o kitabın tayı-bərabəri olan ikinci bir kitab yoxdur. Hətta bu elmdə ondan öncə qələmə alanmış əsərlər belə onun səviyyəsinə yaxın da deyil.

Bəzi bəlağət sahibi qələm əhli onun haqda necə də gözəl deyib: O alimlərin böyüklərindən və bu dinin dirəklərindən idi. Onun Quran təfsiri sahəsində qələmə aldığı kitabı, Qurani Kərimin gizli məqamlarını gözlər önünə sərmiş, qaranlıq qalan məqamlarına işıq tutmuşdur. Bu kitab Quran əhkamını, halalını və haramını ən sağlam və ən mahir şəkildə ortaya qoymuşdur. Allahın təhiyyatı və salamı onun üzərinə olsun".[34]

Əhli Rəy alimlərindən Kəfəvi, imam Əbu Mənsur əl Maturidi haqda deyir:

"Hidayət imamı, Əhli Sünnənin öndəri, hidayət rəhbəri, Əhli Sünnət vəl Camaatın bayrağını yüksəldən, fitnə və bidətin kökünü qazıyan, şeyx, imam Əbu Mənsur Muhəmməd bin Muhəmməd bin Mahmud əl Maturidi. Mütəkəllimlərin imamı, müsəlmanların etiqadını təshih edib düzəldən bir zatdır. İslamı müdafiə uğrunda Allah onu doğru yolla dəstəkləmişdir. Dəyərli kitablar yazmış və batil etiqad sahilərinin rəylərini dəf etmişdir".[35]

Hafiz imam Murtəda əz Zəbidi belə deyir:

"O, doğru etiqadın yardımçısı və bidəti kökündən söküb atan birisidir. Şəriəti dirildən bir zatdır. Necə ki, künyəsi[36] də buna dəlalət edir".[37]

İmam Əbu Mənsur əl Maturidinin, Əhli Rəy kitablarında, hidayət imamı mənasına gələn "İməmul Hudə" ləqəbi ilə anılması, onun Əhli Rəy qatındakı dəyərinə xüsusi işıq salır.

-----------------------------------------------------------------

Vəfatı:

İmam Maturidinin vəfatının hicri 333-cü ildə olması, tabaqat yazarlarının yekdil rəyidir. Vəfat etdiyi zaman yaşı yüzdən çox idi. Qəbri Səmərqənd şəhərindədir. Məzarı üstündə məşhur bir türbə var. Allah rəhmət etsin.

Yazdı: Rüstəm Mehdi Qubavi.

________

Qaynaqlar:

[1] Quraşi, əl Cəvahirul Mudiyyə, 1/177-178.

[2] Eyni qaynaq, 1/178.

[3] Eyni qaynaq.

[4] Qutlubağa, Tacut Təracim, 250.

[5] Ləknəvi, əl Fəvaidul Bəhiyyə, 23.

[6] Nəsəfi, Təbsiratul Ədillə, 1/469.

[7] Zəbidi, İthəfus Sədətil Muttəqin, 2/5.

[8] Bəyadizadə, İşəratul Məram, 23.

[9] İbn Həcər əl Asqalani, Lisənul Mizən, 7/518.

[10] Quraşi, əl Cəvahirul Mudiyyə, 2/570.

[11] Nəsəfi, Təbsiratul Ədillə, 1/472.

[12] Quraşi, əl Cəvahirul Mudiyyə, 2/571.

[13] Nəsəfi, Təbsiratul Ədillə, 1/472.

[14] Ləknəvi, əl Fəvaidul Bəhiyyə, 23.

[15] Quraşi, əl Cəvahirul Mudiyyə, 4/10.

[16] Eyni qaynaq, 2/458.

[17] Aləuddin əs Səmərqəndi, Mizənul Usul, 1/2-3.

[18] Nəsəfi, Təbsiratul Ədillə, 1/473.

[19] Quraşi, əl Cəvahirul Mudiyyə, 3/360

[20] Bəyadizadə, İşəratul Məram, 23.

[21] Nəsəfi, Təbsiratul Ədillə, 1/210.

[22] Aləuddin əs Səmərqəndi, Mizənul Usul, 1/1.

[23] Lamişi, Usulul Fiqh, 91.

[24] Eyni qaynaq, 134.

[25] Qasas: 68.

[26] Nəsəfi, Təbsiratul Ədillə, 1/473.

[27] Eyni qaynaq, 1/471-472.

[28] Əbul Yusr əl Bəzdəvi, Usuluddin, 14

[29] "Raddu Kitəbi Vaidil Fussaq" kitabını qəsd edir.

[30] "ər Raddu alə Usulil Qaramita" kitabını qəsd edir.

[31] "ər Raddu alə Furuil Qaramita" kitabını qəsd edir.

[32] Qasas: 68.

[33] "Təvilətu Əhlis Sunnə" kitabını qəsd edir.

[34] Nəsəfi, Təbsiratul Ədillə, 1/471-473.

[35] Kəfəvi, Əlamul Əxyar, 1/345. Əlyazma.

[36] Künyəsindəki "Mənsur" sözünü qəsd edir. Mənsur, ərəbcə yardım edilmiş deməkdir.

[37] Zəbidi, İthəfus Sədətil Muttəqin, 2/5.


Etiketlər:  Maturidi kimdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ