Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2022 17:20
Vergi Məcəlləsinə əsasən, əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin, habelə yeni yaradılmış və fəaliyyət göstərən vergiödəyicilərinin cari vergi ödəmələri müəyyən edilmiş qaydada həyata keçirilir.
Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, əvvəllər fəaliyyəti olmayan vergiödəyicilərinin mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla bu Məcəllə ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanır.
Belə ki, Məcəlləyə əsasən, cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən gələn verginin məbləğinin 75 faizindən az olmamalı, əvvəllər fəaliyyəti olmayan vergiödəyiciləri rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələrini aparmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidirlər.
Bundan başqa, cari vergi ödəmələri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün əvvəllər fəaliyyəti olmayan vergiödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur. Müəyyən edilmiş faiz vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergilər üzrə cari vergi ödəmələrinə münasibətdə bütün ötmüş müddətə ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.
Sözügedən qaydalarda əvvəllər fəaliyyəti olmayan vergiödəyicilərinin müvafiq arayışı təqdim etmədikləri halda, vergi orqanının cari vergi ödəmələrinin məbləğinin vergini hesablayaraq, vergiödəyicisinə müvafiq bildiriş göndərməsi və digər məqamlar da öz əksini tapıb.