Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Marixuana çəkib, maşın sürənlərə hansı cəzalar verilir?

Marixuana çəkib, maşın sürənlərə hansı cəzalar verilir?

Tarix: 14 Yanvar 2022 04:46

Narkotik maddənin təsiri altında avtomobil idarə edən şəxslər sürücülülük hüququndan məhrum edilir.

Sonxeber.net xəbər verir ki, bunu axar.az-a açıqlamasında hüquqşunas Əliməmməd Nuriyev son vaxtlar Daxili İşlər Nazirliyinin narkotikin təsiri altında maşın idarə edən sürücülərə qarşı apardığı və ictimai dəstəklə müşayiət olunan reydlərin nəticələri haqda danışarkən bildirib.

O qeyd edib ki, bu məsələ ilə bağlı həm İnzibati Xətalar, həm də Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulub:

"Qanunvericiliyə əsasən, bu sürücülər cərimələnir və sürücülük hüququndan məhrum edilir. Əgər qəza hadisəsi baş veribsə, 263-cü maddəyə əsasən məsuliyyətə cəlb olunur. Cərimənin məbləği isə konkret halla bağlı olan məsələdir".

Hüquqşünas narkotik maddənin təsiri altında avtomobil idarə edən şəxs üçün əlavə bir məsulliyyət müəyyənləşdirilməsi təklifinə də münasibət bildirib:

"İçkili vəziyyətdə olan şəxslə narkotik maddənin təsiri altında olan şəxsin avtomobil idarə etməsi eyni məsuliyyət yaradır. Bu o deməkdir ki, şəxs həmin nəqliyyat vaistəsini idarə etmək vəziyyətində deyil və ətiraf üçün təhlükə yarada bilər".

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov isə qeyd edib ki, sükan arxasında olan şəxslərin narkotik vasitələrdən istifadə etməsi daha təhlükəlidir:

"Polisin məqsədli və qabaqlayıcı tədbirləri belə halların qarşısının alınması üçündür. Yəni məqsədimiz odur ki, yol qəzalarının sayı azalsın və sükan arxasında təsiredici maddələr istifadə etmiş sürücü olmasın. Gündəlik nəzarət gücləndirilib.

Narkotik vasitə, spirtli içki, eləcə də digər güclü təsir göstərən psixatrop maddələri qəbul edib, sükan arxasında oturmaq və avtomobil idarə etmək ağırlaşdırıcı hal kimi qəbul edilir. Yəni birbaşa məhkəmə qərarına əsasən yüksək məbləğdə cərimə və müəyyən müddətə sürücülük vəsiqəsindən məhrumetmə nəzərdə tutulur. Məhkəmə qərarına əsasən müəyyən olunan vaxtdan sonra həmin şəxs sürücülük vəsiqəsinin tələblərinə cavab verərsə, yenidən sürücülük vəsiqəsi əldə edə bilər. Amma sərnişindaşımada bu, daha çətin prosesdir. Ümumiyyətlə sərnişindaşımada bununla bağlı daha ağır cəza tədbirləri nəzərdə tutulur. Burda artıq iki il müddətində birbaşa sürücülük hüququndan məhrumetmə tətbiq edilir. Əlavə olaraq həmin şəxsin həbsi də qanunvericilikdə nəzərdə tutulub".


Etiketlər:  Marixuana çəkib maşın sürənlərə hansı cəzalar verilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ