Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2022 23:22
Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - zövcəsi Aişə demişdir: "Bir dəfə günortaüstü biz Əbu Bəkrin evində oturduğumuz zaman kimsə ona dedi: "Budur, Allahın Rəsulu üzünü gizləyərək gəlir." Belə vaxtlarda, adətən, o, bizə gəlməzdi! Əbu Bəkr dedi: "Atam-anam ona fəda olsun! Allaha and olsun ki, belə bir saatda onun buraya gəlməsi üçün olduqca mühüm bir səbəb olmalıdır!" Allahın Rəsulu evə yaxınlaşdı və içəri girməyə icazə istədi. Ona izn verildi və o, içəri daxil oldu. Sonra Peyğəmbər Əbu Bəkrə buyurdu: "Burada olanların hamısına tapşır ki, bayıra çıxsınlar." Əbu Bəkr dedi: "Burada sənin ailə üzvlərindən başqa heç kim yoxdur, atam sənə fəda olsun, ya Rəsulullah!" Peyğəmbər buyurdu: "Mənə buradan çıxıb getməyə izn verildi!" Əbu Bəkr dedi: "Mən də səni müşayiət edəcəyəm? Atam sənə fəda olsun, ya Rəsulullah!" Peyğəmbər buyurdu: "Bəli!" Əbu Bəkr dedi: "Atam sənə fəda olsun, ya Rəsulullah, bu dişi dəvələrdən birini özünə götür!" Peyğəmbər buyurdu: "Ancaq pulunu vermək şərtilə." Biz tezliklə onların əşyalarını bir dəri kisəyə yığıb yola hazırladıq, Əbu Bəkrin qızı Əsma isə öz toqqasından bir parça kəsib onunla dəri kisənin ağzını bağladı. Elə buna görə də sonralar Əsmanı "ikitoqqalı" adlandırmağa başladılar.
Peyğəmbərin Əbu Bəkrlə mağaraya sığınması
Sonra Peyğəmbər Əbu Bəkrlə birlikdə gedib Sövr dağında olan mağaraya sığındılar və üç gün ərzində orada qaldılar.
Uca Allah Qurani Kərimdə bu haqda belə buyurur: "Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O iki nəfər mağarada olarkən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: "Qəm yemə, Allah bizimlədir!" Bundan sonra Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir" (ət-Tövbə, 40).
Orada onlarla bərabər Əbu Bəkrin fərasətli və zirək olan gənc oğlu Abdullah da gecələyirdi. O, dan yeri açılanadək onları tərk edir və səhər artıq qureyşlilərin arasında olurdu ki, onun gecəni şəhərdə keçirdiyini fikirləşsinlər. Qureyşlilərin onlara qarşı hər hansı bir niyyətləri olması haqqında bir şey eşitdikdə, o, bunu yadda saxlayırdı ki, hava qaranlıqlaşan kimi mağaraya gedib eşitdiklərini onlara xəbər versin. Əbu Bəkrin azad etdiyi köləsi Amir ibn Fuheyrə isə sağmal qoyunları onların yaxınlığında otarır, qaranlıq düşəndən bir qədər sonra onları dincəlmək üçün mağaranın yanına gətirir və nəticədə orada gizlənənlərin həmişə təzə və isti qoyun südləri olurdu. O, qoyunları hələ qaranlıq ikən otlağa sürüb aparırdı. Amir ibn Fuheyrə bu üç gündə hər gün belə etdi. Buna qədər isə Allahın Elçisi və Əbu Bəkr Bəni Abd ibn Adi nəslindən olan, Bəni əd-Dil qəbiləsinə mənsub təcrübəli bir bələdçi tutmuşdular. Bu qəbilə, As ibn Vail əs-Səhmi ailəsinin müttəfiqi idi və onlar kafir qureyşlilərin dininə sitayiş edirdilər. Onlar etibar edib öz dəvələrini ona vermişdilər və ondan da söz almışdılar ki, üç gündən sonra onların dəvələrini Sövr dağındakı mağaraya gətirsin. O, doğrudan da, üçüncü günün səhəri dəvələri onların yanına gətirdi və bundan sonra onlar Amir ibn Fuheyrə və həmin bələdçi ilə birlikdə yola düşdülər. Bələdçi onları dəniz sahili ilə apardı."
Peyğəmbərin Mədinəyə gəlişi
... Allahın Elçisi Şamdan qayıdan müsəlman tacirlərinin karvanında gələn Zubeyrlə rastlaşmış və həmin vaxt Zubeyr Allahın Elçisinə və Əbu Bəkrə ağ paltarlar vermişdir. Bu ərəfədə Mədinə müsəlmanları Allahın Elçisinin Məkkəni tərk etdiyini bilib, hər səhər qaralmış daş-kəsəklərlə dolu sahəyə çıxıb onu gözləyir və günorta günəş onları yandırmağa başlayanda geriyə qayıdardılar. Bir dəfə yenə də adamlar xeyli gözləyib, yenə geri qayıtdılar. Lakin onlar artıq evlərinə dağılışdıqları zaman hansısa bir yəhudi mühafizə qüllələrindən birinə çıxdı ki, nəyə isə baxsın və Allahın Elçisinin və onun yoldaşlarının ağ libaslarda gəldiklərini gördü. Onlar gah görünür, gah da ilğımda görünməz olurdular. Yəhudi özünü saxlaya bilməyib var gücü ilə bağırdı: "Ey ərəblər! Sizin yolunu gözlədiyiniz babanız gəlir, axır ki, gəlib çıxdı!"
Müsəlmanlar silahlarını götürüb Allahın Elçisini qaralmış daş-kəsəklərlə dolu sahənin yuxarı tərəfində qarşıladılar. Bundan sonra Peyğəmbər onlarla birlikdə sağ tərəfə dönüb Qubadakı Bəni Amr ibn Auf oğullarının evlərinə qədər getdi. Bu rəbiul-əvvəl ayının bazar ertəsi günü olmuşdu. Əbu Bəkr dayanıb adamları qarşılayır, Peyğəmbər isə sakitcə oturmuşdu. Elə buna görə əvvəllər Peyğəmbəri görməmiş ənsardan bəziləri Əbu Bəkrin yanına gəlib onu salamlamağa başladılar. Fəqət günəş şüaları Peyğəmbərin üstünə düşməyə başlayanda Əbu Bəkr Peyğəmbərə yaxınlaşıb onu günəşdən qorumaq üçün paltarı ilə üstünə kölgə salmağa başladı və camaat kimin Peyğəmbər olduğunu başa düşdü.
Peyğəmbərin məscidinin inşası
Peyğəmbər Bəni Amr ibn Auf məhəlləsində on gündən çox qaldı və bu müddət ərzində təqvaya əsaslanan Quba məscidini tikdirdi. Peyğəmbər o məsciddə namaz qıldı, sonra öz dəvəsinə minib yola düşdü. Dəvə Mədinədə bir yerdə oturuncaya qədər adamlar dəvənin ardınca getdilər. Onun dayanıb oturduğu yerdə isə Peyğəmbərin məscidini tikdilər. O zaman orada ancaq bəzi müsəlmanlar namaz qılırdılar, o yer xurma qurudulması üçün istifadə edilirdi və Əsəd ibn Zurarənin himayəsində olan Suheyl və Səhl adlı iki yetim oğlan uşağına məxsus idi. Peyğəmbərin dəvəsi diz üstə çökəndə o buyurdu: "İnşallah biz burada qalacağıq." Bundan sonra Peyğəmbər həmin iki uşağı yanına çağırıb bu yer üçün qiymət təyin etmələrini təklif etdi ki, onu məscid tikilməsi üçün satın alsın. Onlar dedilər: "Yox, yox, biz onu sənə bağışlayırıq, ya Rəsulullah!" Lakin Peyğəmbər belə hədiyyəni almaqdan imtina etdi və onu onlardan satın aldı, sonra da həmin yerdə məscid tikdirdi. Məscid tikilərkən Peyğəmbər hamı ilə birlikdə kərpic daşıyır və belə deyirdi: Xeybər yükü deyildir, bizim daşıdığımız yük, Həm pakdır, həm xeyirlidir, Allah yanında bu yük. Həmçinin deyirdi: Allahım, axirət əcridir əsl əcir, Mərhəmətinə qovuşsun ənsar və mühacir!" (əl-Buxari, 3906)