Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2022 10:08
Yeni Zelandiya ölkə daxilində koronavirusun "omicron" ştamına 12 yoluxma halının aşkar olunması ilə əlaqədar maksimum həyəcan səviyyəsi elan edib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Baş nazir Casinda Ardernin hökumət saytında yerləşdirilən bəyanatında bildirilib.
"Yeni Zelandiya yanvarın 23-də saat 23:59 dəqiqədə qırmızı rejimə keçəcək. Biz bilirik ki, Şimal və Cənub adalarında artıq yoluxma halları qeydə alınıb və bir neçə aviareysdə də yoluxma aşkar edilib", - deyə Baş nazirin bəyanatında qeyd edilib.
Sənəddə vurğulanır ki, yeni ştama yoluxmuş iki nəfərin kütləvi tədbirə qatıldığı və nəticədə virusun ölkə əhalisinin əksəriyyətinə ötürülməsinə şərait yaratdığı məlumdur.
Bəyanatda, həmçinin qeyd edilir ki, hökumət virusun yayılmasının qarşısını almaq üçün tibbi maskadan istifadə, istənilən tədbirlərdə iştirakçıların sayının məhdudlaşdırılması kimi tədbirlərin tətbiqini davam etdirir.
Bu, ölkənin səhiyyə sisteminin üzərinə düşən yükü azaltmağa imkan yaradır. Bununla yanaşı, simptomların aşkar edildiyi şəxslərin testdən keçirilməsini sürətləndirmək, onların ünsiyyətdə olduğu şəxsləri nəzarətə almaq və təcrid etmək kimi addımlar da atılır.
C.Ardern, həmçinin peyvəndin ikinci dozasının qəbulundan dörd ay keçmiş vətəndaşları təcili surətdə buster dozanı almağa çağırıb.
Əlavə olaraq qeyd edək ki, Yeni Zelandiyada qırmızı, maksimum həyəcan səviyyəsi kütləvi lokdaunun elan olunmasını nəzərdə tutur. Ölkə ərazisindəki bütün müəssisələr və idarələr bağlanmasa da, restoran və barlar 100 nəfərdən artıq müştəri qəbul etməməlidirlər və bu zaman sosial məsafə saxlanılmalıdır. Həmçinin kütləvi tədbirlərdə peyvəndin tam dozasını qəbul etmiş 100 nəfərdən artıq şəxsin iştirakına icazə verilmir.
Bundan başqa, Casinda Ardern "qırmızı xəbərdarlıq" səviyyəsinin elan edilməsi səbəbindən televiziya aparıcısı Klark Qeydfordla toyunu təxirə salıb.
"Mənə gəlincə, toyum baş tutmayacaq və mən pandemiya səbəbindən oxşar hadisələrlə üzləşmiş bir çox digər həmyerlilərimə qoşuluram " - deyə Baş nazir bildirib.
Qeyd edək ki, 2019-cu ildə nişanlanan cütlüyün Niv Te Aroha adlı üç yaşlı qızı var.