Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVID-19-un “omikron” variantı: faktlar və miflər

COVID-19-un “omikron” variantı: faktlar və miflər

Tarix: 23 Yanvar 2022 19:06

2021-ci il noyabrın 26-da koronavirusun yeni variantına rəsmi "omikron" adı veriləndən bəri elmi tədqiqatlar sayəsində bizim bu ştam barədə biliklərimiz əhəmiyyətli dərəcədə genişlənib. Buna baxmayaraq "omikron" tam tədqiq edilməyib, və onun təbiətinin dərk edilməsində boşluqlar çoxlu sayda spekulyasiyaların, elmə zidd fərziyyələrin və açıq yalan məlumatın yaranmasına səbəb olub.

Son epidemioloji məlumatlar göstərir ki, hazırda ÜST-nin Avropa regionunda, əsasən də "omikron" variantının sürətli yayılması nəticəsində COVID-19-a yoluxma hallarında sürətli artım baş verir. 2021-ci ilin sentyabr ayında həftə ərzində milyona yaxın yoluxma halı qeydə alınırdısa, 2022-ci ilin yanvar ayının əvvəlinə təsdiq edilmiş yoluxma hallarının sayı təxminən yeddi milyona qədər artdı.

Kütləvi informasiya vasitələri və sosial şəbəkələrin monitorinqi, axtarış sistemlərində sorğuların təhlili, eləcə də alimlərlə məsləhətləşmələr sayəsində ÜST-nin Avropa bürosunun ekspertləri "omikron" ətrafında yaranan bəzi mifləri dağıda bilər və real faktlar barədə daha çox təsdiqlənmiş məlumatı təqdim edə bilər. Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, "omikron" ətrafında yaranan faktlar və miflər barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionunun saytında yerləşdirilən materialı oxuculara təqdim edir.

Fakt: "Omikron" "delta" ilə müqayisədə daha təhlükəsizdir, lakin o koronavirusun "daha yüngül" variantı hesab edilməməlidir.

Mif: "Omikron" yalnız yüngül xəstəliklərə səbəb ola bilər.

ÜST-nin Avropa regionunun bir sıra ölkələrində aparılan tədqiqatlar göstərdi ki, "delta" ilə müqayisədə "omikron"a yoluxmanın nəticələri daha yüngül olur. Lakin "omikron"un təsiri əsasən vaksinasiyanın yüksək səviyyədə keçirildiyi ölkələrdə müşahidə olunub. Xəstəxanaya yerləşdirmə və ölüm hallarının nisbətən aşağı səviyyəsi, xüsusilə də əhalinin həssas qrupları arasında əhəmiyyətli dərəcədə məhz vaksinasiya ilə izah olunur. Vaksinlər olmasaydı, xəstəxanalara daha çox sayda insan yerləşdirilərdi. "Omikron"un vaksinasiya aşağı səviyyədə keçirildiyi ölkələrə nə dərəcədə təsir göstərəcəyi barədə bir qərara gəlmək hələ ki çətindir.

Fakt: "Omikron" səhiyyə sistemləri üçün hələ də yüksək risk yaradır.

Mif: "Omikron" daha az ciddi olduğundan, xəstəxanaya yerləşdirmələr daha az olacaq, səhiyyə sistemləri yoluxmaların yeni dalğasının öhdəsindən gələ biləcək.

"Omikron"un yayılması ilə bağlı ümumi risk bir sıra səbəbə görə çox yüksək səviyyədə qalmaqdadır. Son məlumatlar göstərir ki, "omikron" "delta" ilə müqayisədə daha böyük yayılma potensialına malikdir. Hətta "omikron"la yoluxma daha yüngül nəticələrə gətirib çıxarırsa, yoluxma hallarında sürətli artım xəstəxanalara yerləşdirmə hallarında artıma səbəb olacaq, bu da öz növbəsində səhiyyə sistemləri üçün həddindən artıq dərəcədə yük olacaq.

Fakt: Vaksinlər "omikron"a qarşı mövcud vasitələr arasında ən güclü müdafiəni təmin edirlər.

Mif: "Omikron"a qarşı peyvəndlər təsirsizdir.

Gözlənilir ki, vaksinasiya, koronavirusun digər variantları da olduğu kimi, "omikron"nun səbəb olduğu ağır xəstəliklərdən və ölümlərdən etibarlı müdafiəni təmin edəcək. İndiyə qədər "omikron" səbəbindən xəstəxanalara yerləşdirmə və ölüm hallarının nisbətən aşağı səviyyəsi əhəmiyyətli dərəcədə bir çox insanların artıq peyvənd olunması ilə izah olunur. Vaksinasiya orqanizmin virusa immun cavabını doğurur, həm bizi "omikron" da daxil olmaqla, hazırda dövr edən variantlardan müdafiə edir, həm də, çox güman ki, COVID-19-un gələcək mutasiyaları ilə bağlı ağır xəstəliklərdən müdafiəni təmin edəcək.

Fakt: "Omikron"a yoluxma riskinə ən çox peyvənd olunmamış insanlar məruz qalırlar.

Mif: Peyvənd olunmamış insanlar "omikron"dan ciddi şəkildə xəstələnməyəcəklər.

Ekspertlər deyirlər ki, "omikron" ilə risk etməyə və daha yaxşı nəticəyə ümid etməyə dəyməz, çünki bu variant istər-istəməz peyvənd olunmamış insanı tapacaq. COVID-19-a çox böyük sayda yeni yoluxma hallarının həcmi artıq "omikron"un üstünlük təşkil etdiyi ölkələrdə xəstəxanalara yerləşdirmə hallarında artıma səbəb olub, üstəlik, stasionarda müalicə olunmağa ehtiyacı olanların əksəriyyəti peyvənd olunmamışdı.

COVID-19-a qarşı müdafiə tədbirlərinin olmadığı yerlərdə "omikron" görünməmiş sürətlə yayılacaq. "Delta" variantında olduğu kimi, "omikron"da da peyvənd olunmamış insanlar daha çox zərər çəkəcək. Ekspertlərin əsas tövsiyəsi hələ də bu cür səslənir: regionunuzda nəzərdə tutulubsa, revaksinasiya da daxil olmaqla, növbəniz çatanda peyvənd olun.

Fakt: "Omikron" adi soyuqdəymədən qat-qat təhlükəlidir.

Mif: "Omikron" adi soyuqdəyməyə bənzərdir.

"Omikron" adi soyuqdəyməyə oxşamır, çünki soyuqdəymə ilə müqayisədə yoluxmuş insan daha böyük ehtimalla xəstəxanaya yerləşdiriləcək. "Omikron"a yoluxmuş insanların xəstəxanaya yerləşdirilməsi faktı çoxdur, ölüm halları da mövcuddur. Bundan başqa, "omikron"a yoluxmuş və sağalmış insanların "uzun sürən COVID-19" vəziyyətlərinin inkişaf riski altında olacağı gözlənilir.

Fakt: COVID-19-a yoluxmuş və artıq sağalan insanlar təkrar "omikron"a yoluxa bilər.

Mif: Koronavirusa əvvəlki yoluxma "omikron"a qarşı immuniteti təmin edir.

COVID-19-a yoluxub sağalmısınızsa, siz yenə də peyvənd olunmalısınız, çünki "omikron"a təkrar yoluxma hələ də ciddi xəstəlik riski, virusun digər insanlara ötürülməsi və ya "uzun sürən COVID-19" ilə bağlıdır. Sizin COVID-19 xəstəliyini keçirib-keçirməməyinizdən asılı olmayaraq, tam vaksinasiya - virus səbəbi ilə ağır xəstəlikdən, xəstəxanaya yerləşdirilməkdən və mümkün ölümdən özünü və başqalarını müdafiə etməyin ən yaxşı yoludur.

Fakt: Buster peyvəndləri "omikron" və COVID-19 digər variantların səbəb olduğu ağır xəstəliklərdən müdafiənin artırılması üçün səmərəlidir.

Mif: "Busterlər" "omikron"a yoluxmanın səbəb olduğu ağır xəstəliklərə qarşı təsirsizdir.

Qripə qarşı peyvənd də daxil olmaqla, bir çox digər peyvəndlər kimi, COVID-19-a qarşı peyvəndlərinin effektivliyi zaman keçdikcə azalır, ona görə də sizə təkrar peyvənd təklif olunarsa, onu edin. Təkrar vaksinasiya "omikron" və COVID-19-un digər variantlarının səbəb olduğu ağır xəstəliklərə qarşı müdafiəni artıracaq.

Bu məsləhət 60 yaşdan yuxarı və yanaşı xəstəlikləri olan insanlar daxil olan risk qrupları üçün xüsusilə vacibdir. Tibb işçiləri, həmçinin virusa yüksək yoluxma riski və onların qayğı göstərdikləri həssas xəstələr arasında yayılma riski səbəbindən təkrar peyvənd olunmalıdırlar.

Fakt: Maskalar - yoluxma hallarını və "omikron"un yayılmasını azaltmağa kömək edən effektiv müdafiə tədbiridir.

Mif: Üz üçün maskalar "omikron"a qarşı faydasızdır.

Təcrübə göstərir ki, "delta" variantına qarşı işləyən bütün profilaktik tədbirlər, maska taxmaq da daxil olmaqla, "omikron"a qarşı da təsirlidir. Peyvənddən başqa bütün profilaktik tədbirlər - maska taxmaq, əlləri yumaq, fiziki məsafəni saxlamaq, qapalı, məhdud və ya izdihamlı yerlərdən qaçınmaq, bükülmüş dirsəyə və ya dəsmala öskürmək və ya asqırmaq, insanların olduğu yerlərdə yaxşı havalandırma - infeksiya dalğasının qarşısını almaq və tibb işçilərini qorumaq üçün zəruridir.

Fakt: Pandemiyanın sonu hələ ki, görünmür.

Mif: "Omikron" koronavirusun əvvəlki versiyalarından daha az təhlükəli olduğundan, pandemiyanın sonuna yaxınlaşırıq.

Etiraf etmək lazımdır ki, pandemiyanın sona çatmasına qədər hələ uzun yol qət etməliyik. ÜST-nin Avropa regionunda əvvəlkindən daha az xəstəxanaya yerləşdirmə və ölüm halları olsa belə, biz hələ də COVID-19-a yoluxma hallarında böyük artımla üzləşirik.

"Omikron"un üstünlük təşkil etdiyi və ya üstünlük təşkil edəcəyi ölkələrdə hər iki-üç gündən bir COVID-19-a yoluxma hallarının iki dəfə artdığı müşahidə olunur, nəticədə xəstəxanaya yerləşdirmə halları sürətlə artır, buna görə də biz ayıq olmalıyıq. Pandemiyanın bitməsi üçün əsas hədəf qrupları üzrə daha yüksək peyvənd nisbətləri tələb olunur.

Bundan başqa, cəmiyyətdə qorxulara zəmin yaradan "feyklər" və dezinformasiya mənfi rol oynayır. Onlar elmə, institutlara və səhiyyə sistemlərinə inamı sarsıdır və pandemiyaya adekvat reaksiyanın qarşısını alır. Hər dəfə dezinformasiya elmlə ziddiyyət təşkil edəndə, insanın sağlamlığının qorunması üçün düzgün qərarlar qəbul etməsi çətinləşir.


Etiketlər:  COVID omikron variantı faktlar miflər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ