Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2022 17:30
"Armen Sarkisyan öz istefasını prezident postunun dövlət idarəçiliyinə heç bir təsir imkanının olmaması ilə əlaqələndirdi. O, son çıxışlarında bir neçə dəfə bu amili qabardaraq konstitusiya islahatlarına gedilməsinin əhəmiyyətinə toxunmuşdu. Sanki istefa qərarını əsaslandırmaq üçün öncədən təbliğata başlamışdı. Lakin Armen Sarkisyanın bu fikirlərində səmimi olmadığını düşünürəm. Çünki o, hələ prezident seçilməmişdən əvvəl bilirdi ki, yeni konstitusiyaya görə, bütün əsas səlahiyyətlər baş nazirə verilib".
Bunu Sonxeber.net-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.
O bildirib ki, A.Sarkisyanın prezidentlik postundan istefa qərarı ona gələcək siyasi karyerasında əlavə xallar qazandıra bilər:
"2015-ci ildə referendum yolu ilə edilmiş konstitusiya dəyişikliyinə əsasən, prezident simvolik siyasi fiqura çevrilmişdi. Yəni Sarkisyan hal-qaziyyədən xəbərdar idi. Ona görə də onun məhz indi şikayətlənməyə başlaması və istefa qərarı verməsi başqa mətləblərdən xəbər verir.
Bildiyimiz kimi, Ermənistan gündəmində Azərbaycanla sülh müqaviləsinin imzalanması və Türkiyə ilə münasibətlərin normallaşması məsələsi ciddi müzakirə predmetidir. Sarkisyan anlayır ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpası əslində Ermənistanın maraqlarına cavab versə də, ictimai rəy bu addıma qarşıdır. Məhz bu proseslər fonunda Paşinyan komandasının ciddi narazılıqla üzləşəcəyi və xal itirəcəyi gözlənilir. Armen Sarkisyan bir növ ictimai qınağın hədəfindən yayınmaq üçün istefa qərarı verdi. Lakin bu, onun Ermənistan siyasi səhnəsindən getməsi kimi səciyyələndirilməməlidir. Əslində istefa qərarı ona gələcək siyasi karyerasında əlavə xallar qazandıra bilər.
Əgər Ermənistanda davam edən sosial-iqtisadi gərginlik və siyasi xaos hökumətin istefası ilə nəticələnsə, Armen Sarkisyan növbədənkənar parlament seçkilərinə müxalifətin baş nazir postuna vahid namizədi kimi qatıla bilər. Nəzərə alaq ki, ötən il keçirilən rəy sorğularında Armen Sarkisyanın reytinqinin elə də aşağı olmadığını müşahidə etmişik. Sonuncu istefa qərarı isə onun ictimai nüfuzunu daha da artıra bilər".
Təhməz Əsədov