Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2019 15:36
"Samsung" şirkəti sentyabrın 3-də yüksək məhsuldarlıqlı "Galaxy A90 5G" smartfonunu rəsmən təqdim edib.
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, smartfonda "Adreno 640" qrafik sürətləndiricisinə malik güclü səkkiznüvəli "Qualcomm Snapdragon 855" (2,84 giqahersədək) prosessorundan istifadə edilib. Operativ yaddaş tutumu 6 və ya 8 giqabayt, quraşdırılmış yaddaş isə 128 giqabayt təşkil edir.
Qurğu, adından da göründüyü kimi, beşinci nəsil mobil rabitə şəbəkəsində (5G) işi dəstəkləyir: bu funksionallığı "Snapdragon X50 5G" modemi təmin edir. Həmçinin "5G Non Standalone" (NSA) arxitekturasından istifadə olunub.
"Samsung Galaxy A90 5G" modeli "Full HD " (2400 × 1080 piksel) formatlı 6,7 düym diaqonallı "Super AMOLED Infinity-U" ekranı ilə təchiz edilib. 32 meqapikselli ön kamera ekrana quraşdırılıb. Displey sahəsində, həmçinin barmaq izi skaneri yerləşir.
Əsas kamera üçqat blok şəklində hazırlanıb: onun konfiqurasiyasına 48 (f/2,0), 5 (f/2,2) və 8 milyon pikselə (f/2,2, 123 dərəcə) malik modullar daxildir.
Qurğu unikal həndəsi naxışlı korpusda hazırlanıb. Qara və ağ olmaqla iki rəng variantı nəzərdə tutulub. Smartfonun qabaritləri 164,8 × 76,4 × 8,4 mm, çəkisi 206 qram təşkil edir.
Bundan əlavə, "Wi-Fi 802.11ac" və "Bluetooth 5" adapterləri, eləcə də "USB Type-C" portu nəzərdə tutulub. Smartfonu enerji ilə 4500 milliamper/saat tutumlu akkumulyator təmin edir.
"Samsung Galaxy A90 5G" smartfonunda "Samsung One UI" interfeysli "Android 9.0" (Pie) əməliyyat sistemindən istifadə edilib. Qiyməti 750 dollar təşkil edən yeni model "Samsung DeX" rejimini dəstəkləyən "Galaxy A Series" seriyalı ilk smartfondur.
Nizam Nuriyev